Ağ və qara

Peşəkar və həvəskar yaltaqlar illərdi tənqidçi kəsimi hər şeyi qara rəngdə görməkdə ittiham edirlər.

Onlar bizə sübut etmək istəyirlər ki, yeni park salınıbsa, korrupsiyanı qara rəngdə görmək olmaz. Yeni məhkəmə binası tikilibsə, hakimin sifarişli qərarını mənfi qiymətləndirmək düzgün deyil. Məktəb binası təmirdən çıxıbsa, şagirdlərin 90 faizinin 2 almasını təhsilin uğursuzluğu kimi qiyməyləndirmək yanlışdır. Yeni tibbi avadanlıq alınıbsa, həkimin 150 manat maaş almasını faciəyə çevirmək ədalətsizlikdir. Təntənəli hərbi parad keçirilirsə, hər gün bir əsgərin ölməsinə etiraz etmək absurddur. Televiziya kanalı varsa, televiziyada fərqli fikirə yer verilməməsini söz azadlığının boğulması kimi qələmə vermək səhvdir.

Bu halları sadalamaqla bitməz.

Yəni bizə deyirlər ki, bir dənə ağ rəngə görə, bütün qaralardan imtina edin.

Bizi inandırmaq istəyirlər ki, əgər yaşayırsansa, kölə olmaq qəbahət deyil. Hər gün yeməyə çörəyin, içməyə suyun varsa, şükr elə. Allaha yox, yaptokratiyaya şükr etməkdən söhbət gedir.

20 ildir bu rejimi xalqa Allah kimi təqdim edənlər, özləri Allahı qara rəngdə görmürlərmi?

Vicdanını nəfsinə həvalə edənlərin gözləri yalnız şəri tərənnüm etmək üçün görür.

Çünki şərlə nikaha girdikləri üçün şərin soyadını daşıyırlar. Bütün ömürləri boyu şərəfsiz kimi xatırlanırlar.

Indi belə insanlar bizi ittiham etməkdən çəkinmirlər.

Bütün vücudları “qara”ya büründüyü halda, bizdən yalnız “ağ rəngdə” görməyi tələb edirlər.

Bu insanların mənəviyyatı xəstə gənci zindanda saxlayacaq qədər, inanclı insanı narkoman adlandıracaq qədər, ləyaqətli hüquqşünası xuliqan kimi qələmə verəcək qədər qaralıb.

Bu qədər “qara” ilə əhatə olunmuş kəslərin “ağ” sevgisi hardan qaynaqlanır?

Ona görə ki, biz hər şeyi “ağ rəng”də gördükcə, onların “qara” imarətləri daha da böyüyür, çirkli pulları daha da artır. Siçanlar üçün üfunət saçan yerlər məskən olduğu kimi, belə adamlar üçün də şərin boyunduruğunda yaşamaq keçərlidir.

Indi “ağ”la “qara”nın mübarizəsi gedir.

Bizim borcumuz “qara”nın iyrənc olduğunu hər kəsə çatdırmaqdır. Onların borcu isə “qara”nın alternativsiz olduğuna bizi inandırmaqdı.

Bu ölkədə baş verənləri ağ rəngdə görə bilmək, insanın mənən qaralmasına dəlalət edir.

Hər şeyi ağ rəngdə görmək üçün, “ağ”a yaxılmış “qara”nı təmizləmək lazımdır.

Beynəlxalq paxıllıq

Yurd-yuvasından 20 ildir ayrı düşmüş insanların adı ilə bağlı olan komitəyə rəhbərlik edən Əli Həsənov beynəlxalq aləmin əsl niyyətini “aşkar” edib. Belə ki, Əli Həsənov Ombudsmanların 11-ci Bakı beynəlxalq konfransında bildirib ki, Azərbaycan prezidentinə beynəlxalq səviyyədə paxıllıq və qısqanclıq var.

“Beynəlxalq paxıllıq” anlayışına ilk dəfədir rast gəlirəm. 

Görəsən beynəlxalq aləm əlahəzrətin hansı özəlliyinə paxıllıq edir. Dünya siyasətinə verdiyi töhfəyə görəmi, dünya iqtisadiyyatına yeni model təqdim etdiyinə görəmi, dünyanı heyran qoyacaq siyasi-fəlsəfi romanlarmı yazıb, hakimiyyətinin ilk vaxtında Qarabağ problemini bir görüşlə həll edibmi, narkomaniya, insan alveri, QIÇS kimi qlobal problemlərə çarəmi tapıb, 3 milyon Azərbaycan kişisini ölkəyə qaytarıb işlə təmin edibmi? Xeyr. 

Bəs onda beynəlxalq aləm niyə əlahəzrətə paxıllıq edib, onu gözə gətirir?

Ağlıma yalnız bir cavab gəlir.

Yəqin beynəlxalq “kişi”lər də 3 dəfədən artıq prezident seçilmək, Dubayda villalar əldə etmək, Vircində milyardlar saxlamaq, qızıl mədənlərinə sahib olmaq və bütün bunlardan sonra susmuş xalqın içində rahat yaşamaq eşqinə düşüblər.

Bu onlar üçün əlçatmaz arzudur axı.