Arif Əsgərov “vurula” bilər

«Azərbaycan Dəmir Yollları» QSC-nin rəhbəri Ziya Məmmədovun güdazına gedir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Arif Əsgərov yaxın vaxtlarda postundan uzaqlaşdırıla bilər. Buna səbəb onun rəhbərlik etdiyi qurumun büdcə  ödənişlərini azaltmasıdır. Milli Büdcə Qrupu QHT koalisiyasının məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC son 6 ildə büdcə ödənişlərini 25 milyondan 2 milyona qədər azaldıb. Təkcə 2011-ci illə müqayisədə 2012-ci ildə bu qurumun büdcə ödənişləri təxminən 5 dəfə az olub.
Hesablama Palatasının dövlət büdcəsi ilə bağlı rəyində göstərilir ki, 2011-ci illə müqayisədə 2012-ci ildə  sərnişin dövriyyəsinin 9.6 faiz azalması “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə vəziyyətininq pisləşməsinə səbəb olub. Lakin iqtisadçı ekspertlər hesab edir ki, hətta bu hal belə büdcə ödənişlərinin 5 dəfə az ödənilməsinə səbəb ola bilməz. Ekspertlərin fikrincə, büdcə ödənişlərinin bu qədər azalması dəmir yolu sahəsində ciddi maxinasiyalardan xəbər verir. “Dəmir yolu iqtisadiyyatın mühüm sahəsidir. Əgər hökumət iqtisadi inkişaf tempinin yüksək hesab edirsə, o zaman dəmir yolu sahəsində maliyyə vəziyyəti heç də pis olmamalıdır. Azı burada söhbət təkcə sərnişin dövriyyəsindən getmir. Bəs dəmir yolu ilə daşımalar?”, – deyə ekspertlər bildirir.
Redaksiyamıza daxil olan məlumatlara görə, “yuxarılar” da “Azərbaycan Dəmir Yolları” QSC-nin büdcə ödənişlərinin azalmasından şübhələniblər. Ona görə də Arif Əsgərovun vəziyyətinin ürək olmadığı bildirilir. Amma bir məsələ var ki, QSC rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun xəbəri olmadan hər hansı maliyyə əməliyyatı həyata keçirə bilməz. Maxinasiyalar edilibsə, nəqliyyat nazirinin razılığı ilə edilib. Bu baxımdan Arif Əsgərov “vurulacaqsa”, bu onun Ziya Məmmədovun güdazına getməsi anlamına gələcək.