Vaşinqton kimin tərəfini tutur və ya Bakı ilə bağlı Ağ Evin hansı variantları var
“Əli Kərimlinin adından gələn Fuad Qəhrəmanlını dinləmək maraqlı idi”
Vaşinqtondan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu Azərbaycan hökumətinin yüksək səviyyəli ABŞ siyasətçilərini özünün lobbi işlərinə cəlb etməsi mövzusunu araşıdırıb. “Turan” İnformasiya Agentliyi üçün hazırlanan məqalədə qeyd olunur ki, rəsmi Bakı yüksək vəzifəli Amerika məmurlarının, siyasətçilərinin və qanunvericilərinin ölkəyə səfər etməsi üçün fəal şəkildə səy göstərir. Hərçənd Ağ Ev və Konqres uzun illər əvvəl yüksək vəzifəli şəxslərə xarici qüvvələrin maliyyələşdirdiyi səfərləri qadağan edib.
Müəllif bir müddət qabaq Bakıda ABŞ prezidenti Barak Obamanın keçmiş müşavirlərinin və yüksək vəzifəli Konqres üzvlərinin də iştirakı ilə təşkil olunan Azərbaycan-Amerika Forumunu xatırladır. Bildirir ki, belə tədbirlər Azərbaycan hökumətinin ABŞ siyasilərini öz tərəfinə çəkmək cəhdlərilə bağlı narahatlıqları artırır: “Prezident Obamanın üç keçmiş müşaviri – Devid Plaff, Cim Messin və Robert Gibbs müdafiə nazirinin keçmiş müavini Pol Vulfovits, keçmiş senator Riçard Luqar da daxil olmaqla, onlarla digər iştirakçı ilə birlikdə mayın 29-da Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən Azərbaycan-Amerika Forumunda çıxış ediblər. Bu, ölkənin hakim partiyasının sədr İlham Əliyevi üçüncü dəfə prezidentliyə namizəd olaraq irəli sürməsindən bir neçə gün əvvəl baş verib…”.
ABŞ Senatının adının açıqlanmasını istəməyən veteran üzvlərindən biri jurnalistə bu tədbirdə iştirakdan imtina etdiyini deyib və belə səfərlərin neçəyə başa gəldiyini açıqlayıb. “Yüksək vəzifəli xadimlərin öz dəyərlərini nəyin müqabilində satmağa hazır olduqlarını bilmək istəyirsinizsə, bu, adətən on minlərlə dollardır… Azərbaycan xalqına keçmiş məşhur hökumət məmurlarının Bakıdakı konfransda çıxışını dinləmək məhz bu qiymətə başa gəlir. Həmçinin, birinci siniflə uçuşlar ödənilir”, deyə Senat üzvü bildirib. O, Azərbaycan-Amerika Forumunda iştirak təklifini rədd etməsinə səbəb kimi ölkədə insan hüquqlarının vəziyyətinin pis olmasını və hökumətin avtoritarlığını göstərib.
“Diktatorların lobbiçiliyinə birbaşa cəlb olunmadan pul qazanmağın bir çox başqa yolları var… Bakıdakı tədbirə yüksək vəzifəli məmurlar gedib və onların hamısına sərf etdikləri vaxta və uçuşlara görə yaxşı kompensasiya ödənilib. Bu, bizim diplomatiyamız üçün biabırçılqıdır və gələcəkdə təkrarlanmamalıdır”, – deyə o, bildirib.
Bakı forumunda iştirak edən bir neçə Konqres üzvü jurnalistlə söhbətində səfərlərinin pulsuz olmadığını inkar etməyiblər, lakin onların bəziləri səfərlərinin sponsorunun Azərbaycan hökuməti ilə heç bir əlaqəsi olmadığını iddia ediblər.
Müəllif isə Konqresin məlumatlarının yer aldığı “LegiStorm” saytına istinadla qeyd edir ki, Konqresin ən azı dörd üzvü – Danni Devis, Cim Bridenstayn, Ruben Hinoxos, Henri Kuellar, həmçinin onların bir neçə köməkçisi üçün Bakıya səfər xərcini Hyustonda yerləşən “Turquoise Council of Americans and Eurasians” Azərbaycan lobbi qrupu və Türkiyə-Amerika Ticarət Palatasının törəmə qurumu kimi tanınan “Turkish American Federation of Midwest” şirkəti ödəyib.
“American Enterprise İnstitute”un əməkdaşı, Bakıdakı forumun moderatorlarından biri olan Maykl Rubin jurnalistə bildirib ki, tədbirin real sponsoru SOCAR – Azərbaycanın Dövlət Neft Şirkətidir.
“Turquoise Council of Americans and Eurasians təşkilatı konfransa heç bir maliyyə vəsaiti verməyib. Onları sponsorlar konfransın təşkilatçısı qismində tutub ki, istədiyi şəxsləri dəvət etsin, gediş-gəlişləri təşkil etsin və digər logistika məsələlərini həll etsin. Eyni zamanda, sponsorların, məsələn, Azərbaycanda Amerika Ticarət-Sənaye Palatasının yerinə Turquoise Council-ı tutmaq qərarı şübhə doğurur”, – deyə Rubin bildirib.
Hər iki təşkilatın – Türkiyə-Amerika Ticarət Palatasının və “Turquoise Council of Americans and Eurasians”ın nümayəndələri Azərbaycan hökuməti ilə əlaqələri və Bakı forumunda iştirakları haqqında danışmaqdan imtina ediblər.
Yerli KİV isə bildirib ki, Türkiyə-Amerika Ticarət Palatası “Turquoise Council of Americans and Eurasians” tərəfindən maliyyələşdirilir və hər iki qrupun məşhur Türkiyə imamı Fetullah Gülənlə bağlıdır.
Müəllif “Carnegie Endowment for International Peace” fondunun Yaxın Şərq proqramı üzrə elmi əməkdaşı, 1990-cı illərdən etibarən “Gülənçilər” mövzusunu tədqiq edən Bayram Balcıdan Azərbaycan hökumətinin ABŞ-da, həmçinin Qafqazda və Mərkəzi Asiyada xeyriyyə məktəbləri açmış Türkiyə imamı ilə mümkün əlaqələri barədə soruşub.
“Bu əməkdaşlıq Azərbaycan hökumətinin mövqeyi və Gülən hərəkatının strategiyası üçün kifayət qədər klassik və adi haldır”, – deyə Balcı qeyd edib. O bildirib ki, Amerika məmurlarının Azərbaycana, eləcə də Türkiyəyə turlarını təşkil etməklə, Gülənin dəstəklədiyi assosiasiyalar biznes, təhsil və hətta lobbiçilik sahəsində hər iki ölkə ilə əməkdaşlığı inkişaf etdirmək məqsədinə xidmət edirlər. Balcı deyib ki, onların bu əməkdaşlıqda iki marağı var: bir tərəfdən onlar Azərbaycan və Türkiyə qardaşlığını, digər tərəfdən isə Azərbaycanda biznes və təhsil sahəsində öz maraqlarını möhkəmləndirir. Azərbaycan tərəfə gəlincə, o əlavə edib ki, Əliyev hökuməti ABŞ-da Türkiyə lobbisinin yaxşı təşkil edildiyini bilir və “Türk lobbiçi qruplarından, xüsusən Güləndən və başqalarından ABŞ-la Azərbaycan arasında əlaqələri gücləndirmək üçün istifadə etməyə çalışır”.
Müəllif daha sonra belə bir suala cavab axtarır ki, Amerika siyasi elitasının hazırki və keçmiş üzvlərinin belə konfranslarda yaxşı ödənilmiş iştirakı həqiqətən ABŞ-la Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına xidmət edirmi?
“Bakıda tədbir Azərbaycan hakimiyyətinin Milli Demokratiya İnstitutunun (NDİ) yerli şöbəsini qanunsuz maliyyə əməliyyatlarında ittiham etməsindən bir neçə həftə sonra baş tutub.
Twitter-də Bakı konfransı haqqında tvitində məşhur Amerikalı senator və keçmiş prezidentliyə namizəd Con Makkeyn qeyd edib ki, hətta “Azadlıq radiosu / Azad Avropa” Bakıda qadağan edilib (1 yanvar 2009-cu ildən yerli FM-tezliklərdə yayım dayandırılıb – red.), yaxşılığı yaxşı etmək lazımdır!”, deyə müəllif yazır.
Bu ay Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşündə ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanla bağlı sonuncu bəyanatında ölkədə insan hüquqları və demokratiya mövzusuna çox qısa və ötəri toxunduğunu qeyd edən müəllif daha sonra analitik Karl Raderin mövqeyini öyrənir. Karl Rader bu yaxınlara qədər Sürixdə İSN-in (Beynəlxalq münasibətlər və təhlükəsizlik şəbəkəsi) Cənubi Qafqaz üzrə müxbiri olub, Gürcüstan, Azərbaycan və ABŞ universitetlərində beynəlxalq münasibətlərdən dərs deyib. “Dövlət katibinin bəyanatları, habelə yüksək vəzifəli Amerika siyasətçilərinin səfərləri Azərbaycanda seçkilərə bir neçə ay qalmasına baxmayaraq, ABŞ-ın bu ölkədə nə baş verdiyi ilə az maraqlandığını göstərirmi?” sualına Raderin cavabı belə olub: “Hələlik bu barədə danışmaq tezdir, amma şübhəsiz, Con Kerrinin ABŞ tarixində dahi dövlət katibi olmaq üçün potensialı var… Məncə, onun Vaşinqtonda hazırlanmış bəyanatında dediklərinə həddindən artıq diqqət yetirmək lazım deyil, ABŞ-ın Qarabağ məsələsinin ədalətli həllini istəməsi ilə bağlı dedikləri istisna olmaqla. Bunda təəccüblü heç nə yoxdur.
Şəxsən mən Məmmədyarovun Kerri ilə görüşü və İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi arasında mümkün əlaqə ilə bağlı istənilən spekulyasiyalara ciddi yanaşmazdım. ABŞ-ın Bakıda daxili siyasi qərarlarla bağlı bir növ veto hüququna malik olması haqqında fikir yayılıb. Bu, mənə həmişə qəribə gəlir.
Lakin görünür, Vaşinqton Azərbaycanda bu yaxınlardakı iğtişaşları diqqətə alıb. Məsələn, mənə deyiblər ki, Dövlət Departamentinin region üzrə mütəxəssisləri apreldə Əli Kərimlinin adından Vaşinqtona qısa səfər edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlını dinləməkdə çox maraqlı idilər. Həmçinin başa düşürəm ki, Azərbaycanın müxaif koalisiyası olan Demokratik Qüvvələrin Milli Şurasının lideri Rüstəm İbrahimbəyov Vaşinqtonda olub, Konqresdə və Departamentdə görüşlər keçirib.
Bütün bunlar o demək deyil ki, Vaşinqton kiminsə tərəfini tutur və ya artıq hansısa nəticələrə gəlib, amma ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycanda vəziyyət narahatlıq doğurur. Amerikalılar qeyri-adi hal baş verəcəyi və müxalifətin namizədi oktyabr seçkilərində qələbə qazanacağı və ya inqilab baş verəcəyi təqdirdə (zənnimcə bunda daha az gerçəklik payı var) öz variantlarını ölçüb-biçirlər”.