İsa Qəmbər: «Ölkə əhalisinin tam yarısı ölkədə siyasi vəziyyətin dəyişməsini istəyir»
Müsavat başqanı Isa Qəmbər dünən Binəqədi sakinlərilə görüşüb. “Qafqazinfo”nun məlumatına görə, partiyanın qərargahında baş tutan görüşdə Müsavat başqanı Binəqədi sakinlərinin seçkilərdə hər zaman fəal iştirak etdiyini vurğulayıb: “Ölkəmiz problemlər içərisindədir. Ən böyük problemimiz olan Dağlıq Qarabağdan tutmuş, ən adi məişət problemlərini sadalamaq olar.
Milyonlarla insan çörək dalınca xaricə, Rusiyaya getmək məcburiyyətində qalıb. Ölkədə işsizlik problemi baş alıb gedir, işləyənlərin maaşı isə bərbad vəziyyətdədir. Bir müəllim, həkim ki aldığı maaşla ailəsini dolandıra bilmir, hansı rifahdan, inkişafdan danışmaq olar? Məhkəmələr sifarişlə işləyir, bütün ölkədə dərəbəylikdir. Belə bir məsəl var xalq arasında, deyirlər ki, ”indiki hakimiyyət yeyib doyub, gələnlər acdılar hələ”. Kim deyir ki, bunlar doyub? Əksinə, yedikcə iştahları daha da artır. Mən əminliklə deyə bilərəm ki, ölkə əhalisinin tam yarısı ölkədə siyasi vəziyyətin dəyişməsini istəyir”.
Müsavat başqanı bu yaxınlarda rəsmən elan edilən Milli Şuranın fəaliyyətindən də danışıb. Isa Qəmbər bildirib ki, Milli Şuranın 2 illik keçid dövrü üçün seçəcəyi namizəd ölkədə köklü islahatlar aparacaq: “Həmin dövr ərzində prezident respublikasından parlament respublikasına keçiləcək. 2 il sonra isə parlament seçkilərində qalib gələn partiya hökuməti formalaşdıracaq. Keçid dönəmi üçün vahid namizədin partiyalara bağlı olmayan, ziyalıların içindən seçilən biri olması ideyasını dəstəkləyirik. Müsavat partiyası da Rüstəm Ibrahimbəyovun namizədliyini məqsədəuyğun hesab edir”.


