Milli Şura müxalifətin tək birliyi olmalıdır

Fikrət Cəfərli,
KXCP-də fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasının həmtəsisçisi

Demokratik qüvvələrin səyi nəticəsində Milli Şuranın təsis olunması ilə ölkənin siyasi palitrasında demək olar ki, yeni mənzərə formalaşmış oldu. Azərbaycan hakimiyyətinin yaranmış yeni birliyin əhəmiyyətini azaltmaq və bu birliyin reputasiyasına zərbə vurmaq istiqamətində demək olar ki, bütün resuslarını sərf etməsi yeni fəaliyyətə başlayan Milli Şuranın mövcud rejim üçün nə dərəcədə təhlükə mənbəyi olmasının göstəricisidir. Hakimiyyətə qarşı belə bir ciddi birliyin mövcudluğunu qoruyub saxlamaq və onu inkişaf etdirmək, bütün diqqət və resursları bu birliyin inkişafına yönəltmək üçün demokratik düşərgədə tam və vahid təmərküzləşmə mərkəzi olmalıdır. İstər paytaxtda, istər regionlarda əhalinin birləşmiş müxalifətin qurumu olan Milli Şura modelinə xüsusi önəm verməsi, diqqət ayırması artıq reallıqdır. Bu etimadı tam doğrultmaq, xalqın yenidən inam yerinə çevrilmək üçün müxalifətdaxili və indiyə qədər demokratik cəmiyyətin qurulması uğrunda çox ciddi işlər görmək naminə yaradılmış digər lokal birliklərin fəaliyyətinə yenidən baxılsa, çox düzgün taktiki addım atılmış olar. Bu gün həmin birliklərin fəaliyyətinə son qoymaq və bütün müxalifətin vahid çətir altında bilməşməsi xalqın görmək istədiyi yeganə istəkdir. Amma başqa bir taktika seçilərsə, zənnimizcə, bu əks effekt verəcək. Başqa sözlə demokratik qüvvələr yalnız və yalnız Milli Şuranın timsalında vahid cəbhədə, vahid səngərdə və vahid müxlaifət ünvanı kimi hakimiyyətlə üz-üzə dayanmalıdır. Əks təqdirdə, Milli Şura ilə yanaşı onun təsis olunmasına qədər digər birliklərdə də paralel olaraq fəaliyyət göstərməkdə davam edən qüvvələrin,siyasi partiyaların və qurumların belə dualist təşkilatlanmasına xalq inamsızlıq göstərəcək, ən yaxşı halda isə ehtiyatla yanaşacaq. Düşünürəm ki, demokratik qüvvələr bu təklifi Milli Şuranın hakimiyyətin tək alterntativinə çevrilməsi istiqamətində xoşməramlı bir təşəbbüs kimi qəbul edəcək, eyni zamanda, müxalifətdaxili bütün lokal birlikləri buraxıb Milli Şuranı vahid koordinasiya mərkəzinə çevirmək və onun öz funksiyalarını daha dolğun həyata keçirmək üçün, nəhayət xalqın şurasına çevrilməsi istiqamətində daha da əzmlə mübarizə aparacaqlar. Eyni zamanda, belə bir addım bizə həm Azərbaycan xalqına, həm də dünyaya qətiyyətlə müxalifətin vahid komandaya çevrilməsi mesajını verməyimizə imkan yaradacaq. Böyük qələbələri xırda hisslərə qapanıb, hətta üfüqdə belə görünməyən nailiyyətlər hesabına yox, reallıqları gerçəkdən qəbul edib, şəxsi maraqları qurban verməklə qazanmaq olar.