Mənim Abbas Abbasov haqda bildiyim ora qədərdi ki, o haçansa hakimiyyətdə ən sayılıb-seçilən, Rusiya ilə əlaqələrdə açar rolu oynayanlardan biri olub, o zaman tutduğu vəzifəni isə haqqında gedən yazıların birinci abzasından öyrənir, sonra yenə unuduram: “Baş nazirin ”Istiqlal” ordenli sabiq müavini”.
Abbas Abbasovun “sərt” deyə təqdim olunan bəyanatını mən də oxumuşam. Bu tip adamların bu tip bəyanatları bizə çoxdan və yaxşı tanışdı. Əvvəlcə onlar xırda-xırda, hətta pıçıltı şəklində nəsə deyirlər, buna hakimiyyətdən sərt reaksiya gəlir. Adamların qohum-əqrəbasına hücuma keçirlər, bir-ikisini işdən çıxarırlar. Sonra pıçıltı eşidiləcək yüngül etiraz səsinə çevrilir. Yenə reaksiyalar gəlir, yenə hücumlar davam edir. Ehtimal ki, səsi çıxan şəxs bir az da tarazlığı itirir və qıcıqlanır. Və bu dəfə onun səsi bir az da yüksəlir, etirazı bir az da tündləşir. Təbii ki, konkret adlar çəkilmir, ümumi göndərmələr olur, rejim Olimpinin aşağı, yəni “ətraflar” sayılan təbəqəsini hədəf alır, ancaq nəticədə elə rejimin özünə ilişir, onu kəskin şəkildə ittiham edir. Ancaq bununla yanaşı Olimpin başında durana, onun cəddü-əqrəbasına dua-sənalarını, sevgilərini paralel olaraq çatdırır. Yəni ətraflarına de, mənimlə işləri olmasın. Ama əl-ayaq başın hökmü olmadan nədi ki…
Ancaq bu dua-sənaların bu günəcən heç bir effekt vermədiyinin şahidi olmuşuq. Çünki Olimpin başında duranı nə qədər tərifləsən də, ona sevgilərini çatdırsan da, eyni anda, rəhbərlik etdiyi vəhşi rejimi, onun qol-budağını budamağa girişirsənsə, deməli, öncədən bilməlisən: yeməzlər! Əməllərini söydüyün şəxsin özünü ha göylərə qaldır, nəticə eynidi – sən elə onu söyürsən. Təbii ki, o da uşaq deyil və bir tərifə görə səni bağışlamayacaq. Sənə olan sərt reaksiyaların qarşısını almayacaq, əksinə, bəlkə də qüvvətləndirəcək.
Indi Abbasova hücumlar öz möhtəşəm etapına yetişib. Bu, körpülərin son qırılma nöqtəsidi və sizi əmin edirəm ki, dialektik olaraq bir gün Abbas Abbasovdan daha sərt bəyanat gələcək. Gözləyə bilərsiniz. Bu da etap-etap olacaq, lakin sonda ondan elə sözlər eşidəcəksiniz ki, Elşad Abdullayevin video-bombardmanı onun yanında yalan olacaq.
Bu, məsələnin bir tərəfi. Həm elə də maraqlı tərəf deyil. Çünki qopanların hamısının bu cür başladığını və sonradan rejimin ya qatı düşməninə, ya da həbsxana sakininə çevrildiyini bilirik. Sadəcə, o prosesi göstərməyə çalışdıq. O ayrı məsələdi ki, bu cür işığa doğru “qayıdanları” biz qəbul etməliyik, ya yox?
Bu tip proseslərdə maraqlı olan, üstəlik, bəlkə əllinci dəfə gördüyümüz bir məqam var. Ki, bu dəfə yenə də özünün bütün bəsitliyi ilə üzə çıxıb. Söhbət keçmiş “iqtidar cəbhədaşının” asi çıxandan sonra uğradığı hücumların məzmunu və mahiyyətindən gedir.
Bu hücumları, ittihamları qısaca, Abbas Abbasova yönəlmiş sözlərlə ifadə etmək olar: “Yadına gəlirmi, istefaya gedəndə açıqlama verdin ki, çoxları mənə həsəd aparır ki, rahatca istefaya getdim. Yəqin ki, bu sözləri unutmamısan. Bəli, onda çoxları başqa cəzalar gözləyirdi, başqa şeylər düşünürdü. Əslində, bunun üçün ortada əsaslar da var idi. Hətta əsas olmasaydı belə, bunu tapmağa nə vardı ki. …Digər tərəfdən, ən böyük maliyyə sahiblərindən biri sizsiniz. Və bu pulları siz öz halal zəhmətinizlə qazanmamısınız, Azərbaycan xalqından oğurlamısınız”.
Bunlar öz aləmində həmin adamı susdurmaq və ifşa etmək istəyirlər. Ancaq anlamırlar ki, bu bəyanatlarla özlərini rəzil edirlər. Deməli, sən səninlə olduğuna görə fərdlərin cinayətinə belə, “əsaslar ola-ola”, bilə-bilə susubsan. Deməli, indi səninlə olanların cinayətlərini də bilir, lakin səninlə olduğuna görə həbs etmir, qanunla cəzalandırmırsan. Deməli, sən özün də cinayətkarsan! Deməli… daha deyəcək heç nə yoxdu…