Cəbhəçi gənclərin müşavirəsinə hakimiyyətin növbəti basqısı

«Heç bir maneə bizi mübarizədən çəkindirə bilməz»

AXCP Azərbaycanın bütün coğrafiyası üzrə təşkilatlanmağı qarşısına məqsəd qoyub. Və bütün müdaxilələrə baxmayaraq müşavirələr davam edir.
Bu ildən başlayaraq AXCP Gənclər Komitəsi də öz strukturunda dəyişiklik edərək seçkili orqana çevrildi. Ilkin olaraq Bakının əksər rayonlarında gənclər komitəsinin strukturları yaradıldı. Daha sonra əyalət rayonlarında təşkilatlanmağa və təşkilat komitəsinin yaradılmasına başlanıldı. Göyçay, Şəki, Beyləqan, Saatıl, Hacıqabul və digər rayonlarda geniş görüşlər keçirildi və təşkilat komitəsi yaradıldı.
Ancaq hakimiyyət AXCP-nin bölgələrdəki nüfuzundan və insanların bu görüşlərdə fəal iştirakından narahat olduğu üçün son görüşlərə maneə yaratdı. Əvvəlcə Ağstafada keçirilən görüşə müdaxilə olundu. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və AXCP sədrinin müavini Asəf Quliyevi polis saxladı.
Ötən gün isə AXCP Gənclər komitəsinin sədr müavini Elnur Məcidli və Gənclər komitəsinin koordinatoru Terkel Əlisoy Şabranda geniş tərkibli görüş keçirib. Yerli cəbhəçilərdən birinin evində keçirilən görüşə müdaxilə olunub. Şabran rayon polis bölməsinin rəisi tədbirin ləğv olunmayacağı təqdirdə xoşagəlməz halların baş verəcəyini bildirib. Qarşıdurma yaratmamaq üçün cəbhəçilər tədbiri yarımçıq saxlayıblar.
Xatırladaq ki, artıq Gənclər Komitəsinin 3-cü toplantısıdır ki, hakimiyyət maneə törədir. Ancaq AXCP Gənclər Komitəsi bildirir ki, bu cür maneələr, hədələr, cllız düşüncənin məhsulu olan fəaliyyət onları qorxutmur və sona qədər qarşıya qoyduqları məqsədə doğru irəliləyəcəklər.

İlham Hüseyn