Bizi dünyada korrupsiyadan da çox biabır edən məsələ

Siz indiyədək Əliyevçi rejimi təmsil edənlərin dilindən heç bu cümləni eşitdinizmi: “Azərbaycanda bu ölkəni idarə etməyə layiq çox insan var”.

Mən eşitmədim. 

Qulaqlarımı tıxadığım üçün deyil.

Çünki onlar bunu heç vaxt söyləmədilər. Dilə gətirmədilər.  

Hər zaman ölkədə “prezidentliyə layiq” yalnız bir nəfərdən bəhs etdilər.

10 il öncəyədək o bir nəfər Heydər Əliyev idi.

Indi isə oğludur.

Vəssalam.

Bunların düşüncəsinə görə, başqa kimsədə Azərbaycanı idarə etmək iqtidarı, qabiliyyəti yoxdur. 

Alternativ yoxdur. 

Öz xalqını xor görmək, onun potensialına sayğısızlıq başqa necə olur?

Əlbəttə, heç kim heç bir yaptokratdan bu ölkəni Əliyevdən başqasının daha yaxşı idarə edə biləcəyini söyləmələrini istəmir. Bunu istəmək hətta sivil, normal, demokratik bir ölkədə belə, məntiqsiz, cahillik olardı. 

Amma heç olmasa, bircə dəfə “müxalifətdə də ölkəni idarə etməyə qadir siyasətçilər” var söyləmək mümkündür.

Lap konkret müxalifəti nəzərdə tutmayın, bircə dəfə də deyin ki, “Azərbaycanda prezidentliyə layiq bir çox insan var”.

Bunu demək, deyə bilmək yalnız bir siyasi mədəniyyət deyil.

Bir çağdaş təfəkkür, bir uyğar zehniyyət görsənişi deyil.

Bu, həm də öz xalqına, öz toplumuna sayğını göstərərdi. 

Onun intellektual potensialına, şüur səviyyəsinə hörmətinizi nümayiş etdirərdi.

Çünki əks halda siz xalqa həqarət etmiş olursunuz. Onu intellekt, şüur baxımından qısır saydığınızı göstərmiş olursunuz.

Bir əsrdə iki dəfə müstəqillik qazanmış…

Türk və müsəlman ölkələri arasında ilk demokratik respublika elan etmiş…

Çoxpartiyalı sistemin əsasını qoymuş…

Parlament ənənələrini yaratmış bir toplumu bir nəfərin əvəzedilməzliyinə inandırmağa çalışmaq, o bir nəfərdən kənarda bu ölkəni yönəltmək bacarığı, qabiliyyəti olmadığını iddia etmək başqa hansı anlama gələ bilər ki?

Bu qafil, geriçi, çağdışı düşüncənin Azərbaycanı dost-düşmən yanında necə başıaşağı etdiyinin doğrudanmı, fərqində deyilsiniz?

Kənardan baxanlar haqqımızda nə fikirləşərlər? 

Sizin 9 milyonun içində bir nəfərdən başqa o ölkəni idarəetmək gücünə sahib kimsənin olmadığına dair təbliğatınıza inananlar Azərbaycana necə hörmətlə yanaşa bilərlər? Ona necə sayğı duya bilərlər? 

Heç bu barədə düşünürsünüzmü, cənab yaptokratlar?

***

Əslində bu yazıya görə sevgili oxucular arasında məni qınayanlar ola bilər.

“Sən hansı ölkədə yaşadığını unutmusanmı? Sən kimlərdən nə umursan, nə gözləyirsən?” deyənlər tapıla bilər.

Haqsızdırlarmı?

Əlbətttə, haqlıdırlar.

Lütfən, qoy onlar bu sadəlövhlüyümü dünənki dəhşətli istiyə bağlayın və bağışlayın. 

Çox gülməli…

Iranda yeni prezident seçilib. Soyadı Ruhanidir.

Demək ki, yalnız özünün ruhani olması kifayət etmir. Gərək soyadı da “Ruhani” olsun.

Mənə komik gələn isə yeni prezidentin dünyagörüşcə islahatçı kimi təqdim edilməsidir. Islahatçı ha!  

Gəlin bir az ciddi olaq.

Və düşünək bir az:

Əcəba şəriət qanunları idarə olunan bir dövlətdə “islahatçı” olmaq nə deməkdir axı? “Şəriətin kəsdiyi barmaq ağrımaz” düşüncəsinin hakim, toxunulmaz, vazkeçilməz olduğu yerdə bu nəyin islahatbazlığıdır, əcəba?

“Çapulçu” söhbəti

Ərdoğan Taksim aksiylarına çıxanları “çapulçu” adlandırdı.

“Çapulçu” soyğunçu anlamına gəlir.

Osmanlıda düşmən torpaqlarına yürüşlər zamanı yağmaçıları məhz belə adlandırırdılar.

Bizdə isə Ilham Əliyev etirazçı kəsimə “element” demiş, müxalifəti “naftalin iyi” ilə müqayisə etmişdi.  

Hər nə qədər “çapulçu” “naftalin iyi”ndən ağır…

“Element”dən təhqiramiz ifadə olsa da, öz milliliyi, tarixiliyi ilə qulağa daha doğma, daha əziz gəlir.

Bir halda ki, gücünüzü keçmişdən, mentallaşmış və metallaşmış dəyərlərdən alırsınız, bunu çağdaşlıqla, yenilikçiliklə silahlanan insanlara qarşı qəzəbinizdə, nifrətinizdə də nümayiş etdirməlisiniz, məncə.

Arxaizmləri canlandırmalısınız. 

Məsələn, “naftalin iyi” yerinə, “sası” (üfunətli) deyə bilərsiniz. 

Günün sözü çinli atalardan:

“Arxanca danışırlarsa, deməli, sən qabaqdasan”.