Vəfa Quluzadə həmsədr ölkə prezidentlərinin gözlənilən bəyanatı haqda nə fikirləşir?
Rusiya və ABŞ prezidentləri G-8 sammiti çərçivəsində üç sənəd imzalamağı planlaşdırır. Bundan başqa, Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat imzalayacaqlar. Bu barədə Rusiya prezidenti Putinin köməkçisi məlumat verib.
ATƏT-in həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağla bağlı bu günə qədər dəfələrlə bəyanat versə də, bu, münaqişənin həlli prosesində öz müsbət təsirini göstərməyib. Ancaq son zamanlar beynəlxalq aləmin münaqişənin həllinin gecikməsindən narahatlıq keçirdiyi hiss olunmaqdadır. Belə olan halda prezidentlərin budəfəki bəyanatının münaqişənin həllinə nə kimi təsiri olacaq?
Politoloq Vəfa Quluzadə artıq Qarabağ məsələsinin həllinin yetişdiyini deyir. Artıq Rusiya da indiyə qədər müxtəlif ümidverici bəyanatlar verib: “Məsələn, Lavrov bəyanat verdi ki, Ermənistan blokadadadır, vəziyyət acınacaqlıdır. Bu blokadadan çıxması üçün Qarabağ məsələsi həll olunmalıdır. Bu çox ciddi bəyanatdır, bunu həmişə nəzərdə saxlamaq lazımdır. Digər bir bəyanat oldu ki, Rusiya heç vaxt Ermənistanın tərəfindən müharibədə vuruşmaq arzusunda deyil. Ona görə indi də belə bir bəyanat olsa, bu ondan xəbər verəcək ki, bu yaxınlarda Qarabağ məsələsinin həllinə başlanacaq”.
Bununla belə ekspert hesab edir ki, bu, yaxın aylarda Qarabağ məsələsi tamamilə həll olunacağı anlamına gəlmir. Çünki tərəflər, həm Qərb, həm də Rusiya özü üçün əlverişli şərtlər yaratmaq fikrində olacaq. Ermənistanın mövqelərini Rusiya formalaşdıracaq. Azərbaycanın isə mövqeləri tamamilə aydındır: “Azərbaycan burda işğalın qurbanıdır. Ona görə mövqeyi ondan ibarətdir ki, ərazi bütövlüyü təmin olunmalıdır, bundan sonra Dağlıq Qarabağ Azərbaycanın daxilində yüksək status alar. Ancaq hər halda prezidentlər belə bəyanat versə, bu olduqca müsbət haldır”.
Fizzə


