Əsədin getməsi reallaşır

Razi Nurullayev: «ABŞ-ın və NATO-nun dəstəyi ilə Azad Suriya Ordusu Əsəd rejimini yıxa biləcək»

ABŞ Prezidenti Barak Obama Suriya müxalifətinə hərbi dəstək verilməsi haqqında qərar qəbul edib. Eyni zamanda Vaşinqton Əsəd rejiminin müxalifətə qarşı kimyəvi silahlardan istifadə etdiyinə dair məlumatların əldə olunduğunu bəyan edib.
Bu isə artıq Suriya hakimiyyətinə qarşı geniş miqyaslı əməliyyatların başlaya biləcəyinə işarədir. ABŞ və NATO Suriyada hərbi əməliyyatlara başlasa, Əsədə dəstək verən qüvvələrin də açıq şəkildə müharibəyə qoşulacağını gözləmək olar.
Politoloq Razi Nurullayev hesab edir ki, ABŞ Əsəddən sonra Suriyada kimin hakimiyyətə gələcəyini özü üçün dəqiqləşdirməli idi. Çünki Suriya müxalifətində vahid lider yoxdur. Bu vaxta qədər Suriya müxalifətinin silahlandırılması ilə bağlı qərarın ləngiməsi də bununla bağlı olub. Liviya, Tunis və Misirdə müsəlmanların hakimiyyəti götürməsi isə ABŞ-ı narahat edib. Ancaq silahlandırma ilə bağlı qərar verilibsə, deməli, bu məsələ öz həllini tapıb.
Ekspertin sözlərinə görə, ABŞ Əsəddən sonra Suriyada demokratik rejim qurulmasını, dünyəvi dövlətə çevrilməsini, Iran rejimi ilə əməkdaşlığını dayandırmasını istəyir. Əgər bununla bağlı razılıq əldə olunsa, Bəşər Əsədin getməsi ilə bağlı qərar veriləcək. ABŞ-ın və NATO-nun dəstəyi ilə Azad Suriya ordusu Əsəd rejimini yıxa biləcək.

Fizzə