Dərdi bayram etmək…

Bəlkə də yeganə xalqıq ki, dərdlərimizi, problemlərimizi, faciələrimizi bayram edirik. Adam var, həyat yoldaşının qəbri üstünə gül qoya bilmir, ancaq Gül bayramına gedir. Adam var, illərdir sevdiklərindən gül hədiyyəsi almayıb, ancaq “Gül bayramı” adı altında xərclənən milyonlara haqq qazandırmaq istəyir.

Bu cür fikirlər sağlam düşüncənin məhsulu deyil, xəstə təfəkkürün “yaradıcılığı”dır. Bu adamlar dərk etmirlər ki, ədalətli cəmiyyətdə yaşasalar, o güllərə həsrətlə, ağızlarının suyu axa-axa baxmazlar.

Bu gün isə “Qurtuluş günü”dür. Açıq havada müğənnilər öz mahnıları ilə kredit ödəməkdən ürəyi xəstə düşmüş xalqa  QURTULMUSAN deyəcək.

Biz təkcə mübarizə aparmağa tənbəllik etmirik. Biz düşünməyə də ərinirik. Nədən qurtulduğumuzu anlamırıq. Bizi zorla inandırmağa çalışırlar ki, Azərbaycanın bugünkü reallığı qurtuluşun özüdür. Yəni, biz düşünməliyik ki, əgər axşam evdə çörəyim olubsa, səhər şirin çayım varsa, bu, qurtuluşdu.

Dördayaqlılar üçün keçərli olan həyat tərzini, bizə analoqu olmayan yaşayış kimi təqdim edirlər.

Insafən, ölkəmizdə “qurtulanlar” da var. Məsələn, yüzlərlə insan sosial problemlər üzündən intihar edərək bu həyatdan qurtulub.

Azərbaycanın 3 milyon kişisi Rusiya ucqarlarında işlədiyi üçün ailəsindən qurtulub.

Xalq neftdən gələn milyardlardan qurtulub.

Azərbaycan Qarabağdan qurtulub.

Məhkəmə ədalətdən qurtulub.

Mübariz insanlar şərlənərək həbs olunduqları üçün azadlıqdan qurtulub.

Göründüyü kimi, bu gün həqiqətən “əlamətdar” tarixdir. Xalq öz faciəsinə biganə qalmayaraq, musiqiyə qulaq asır.

Bu gün həqiqətən qurtulanlar da var.

Ölkənin sərvətini talayaraq kasıblıqdan qurtulanlar, törətdikləri cinayətlərə baxmayaraq, vəzifədə olduqlarına görə cəzadan qurtulanlar, seçkini saxtalaşdırdıqları üçün məğlubiyyətdən qurtulanlar, Iranı söyərək Amerikadan, Amerikanı söyərək Irandan qurtulanlar…

Bəlkə bu bayramın adını dəyişək? Torpağı 20 ildir düşmən tapdağında olan xalqın “Qurtulmuşam” deyib tullanıb-düşməsi ayıbdır.

150 manata möhtac edilmiş müəllimin, 16 saat işləməyə məcbur qalmış fəhlənin, müayinə oluna bilməyən xəstənin yaşadığı ölkənin təqviminə “Qurtuluş günü” adlı bayramın daxil edilməsi millətə qarşı hörmətsizlik deyilmi?

Təklif edirəm ki, bayramlar 2 yerə bölünsün: rejimin bayramları və xalqın bayramları.

Çünki eyni adamın adı ilə bağlı olan bir neçə bayramı qeyd etmək bizim üçün maraqlı deyil. Həm də bu bayramlar bizə əzab verir. Övladımızın, valideynlərimizin doğum gününü qeyd edə bilmədiyimiz halda, əlahəzrətin atasının doğulduğu, vəzifəyə gəldiyi, dünyasını dəyişdiyi günü ən yüksək səviyyədə qeyd eləməsi təzyiqimizi qaldırır.

Adını unutduğum bir fikir adamı deyirdi ki, “təsəlli ən ucuz mərhəmətdir”.

Biz xalq olaraq, “özünü təsəlli” ilə yaşamağa adət etmişik.

Mən də özümə təsəlli verirəm ki, nə yaxşı, mayın 10-dan sonra 11-i də var. Nə yaxşı ki, iyunun 15-dən sonra 16-sı gəlir. Ucuz, mənasız təbliğat bayramları bir gün sonra unudulur axı…

Bu hakimiyyət qədəmlərini xalqın çiyninə qoyanda mənim 10 yaşım var idi. Bu hakimiyyət ayaqlarını bu millətin başına qoyduğu indiki zamanda isə 30 yaşım var.

30 ildir ana bətnindən qurtulmuşam. Amma 20 ildir anaları haqsız yerə həbs olunmuş övladlarının dərdilə sınağa çəkən rejimdən qurtula bilmirəm.

Bilmirəm, süfrəsində yoxsulluq, kədər, işsizlik, dərd olan xalqı bayram münasibətilə təbrik etmək olarmı?