Dərbəndilər sülaləsindən ilk hökmdar I Ibrahim

Güclü dövlət xadimi, sərkərdə və mahir diplomat

Azərbaycan Şirvanşahlar dövlətinin tarixində önəmli rolu olan şəxslərdən biri I Şeyx Ibrahimdir. Şirvanşah Şeyx Ibrahim Dərbəndilər sülaləsindən  olan ilk hökmdardır. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir.

Şeyx Ibrahimin hakimiyyəti dövründə Şirvan güclü və müstəqil dövlət olub. O, qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. I Şeyx Ibrahim zamanında Dərbənd və mahalı, Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi. 

Görkəmli dövlət xadimi, sərkərdə və mahir diplomat olan Ibrahim Şirvanı güclü və müstəqil dövlətə çevirə bilmiş, Qara Yusifdən vassal asılılığı kağız üzərində qalmışdı.  Dərbənd də əvvəlki kimi Şirvanşaha məxsus idi. Bunu Dərbənddəki aşağıdakı kitabə də təsdiqləyir: “Xalqların ixtiyar sahibi olan əzəmətli sultan Şeyx Ibrahimin – Allah onun hökmranlığını əbədi etsin – hakimiyyəti zamanında…” 

Sultanı Ibrahimin adı daha iki kitabədə də çəkilir: onlardan biri – Abşeronun Maştağa kəndindəki Birə Arğutay məscidinin portalındakı kitabə h.817 (1414/5)-ci ilə, ikincisi – Bakının Içərişəhər hissəsindəki Xacə Əmir şah məscidinin qapısı üzərindəki kitabə h.818-ci (1415/6) ilə aiddir: “Sultan Şeyx Ibrahimin oğlu sultanın dövründə”.

Şeyx Ibrahimin hakimiyyəti dövründə Şirvanın şəhər və kəndlərində qala binaları, məscidlər, karvansaralar, ovdanlar tikilmişdi. Ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayının tikintisinə də Şeyx Ibrahimin vaxtından başlanılmışdır. Tanınmış şairlər və alimlər Şirvanşıhın sarayında yaşayırdılar. Hökmdar onlara səxavətlə hədiyyələr verir, hamilik edirdi. Dövlətşahın verdiyi məlumata görə, məşhur fars şairlərindən biri – Katibi Turşizi Şirvanşahların saray şairi Bədr Şirvani ilə görüşmək üçün Şirvana gəlmişdi. Şeyx Ibrahim bir şeirə görə Katibi Turşiziyə 10000 qızıl dinar bağışlamışdır. Sonralar Katib Turşizi özünün savadlı və səxavətli hamisi Şirvanşah Şeyx Ibrahimi tərk edərək, heç bir diqqət və qayğı görmədiyi Qara Yusifin saray şairi olmasına acı-acı təəssüflənmişdir. Şeyx Ibrahimin hakimiyyəti dövründə şəhər mədəniyyətinin, incəsənət və poeziyanın dirçəlişi müşahidə edilir. XV əsrin əvvəllərindən Şirvanşahlar dövlətinin 100 ilə yaxın davam edən müstəqillik və inkişaf dövrü başlayır. 

Əmir Teymurun vassallığında

Münəccimbaşıya görə, Şeyx Ibrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx Ibrahimin atası oradaca ölmüş, Şeyx Ibrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı. Onun taxta çıxması haqqında başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx Ibrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx Ibrahimi Şirvanşah seçməyi qərar aldılar.

Şeyx Ibrahimin hökmranlığı dövründə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd hökmranlıq edirdi. Şimaldan Şirvanı Qızıl Orda xanı Toxtamış təhdid edir, Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edirdi. Şeyx Ibrahim bu ağır siyasi şəraitdə işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını başa düşərək, Şirvanın viran edilməsinin və əhalisinin qırğınının qarşısını almaq üçün  Teymura itaət göstərərək ona tabe oldu və Şirvanın hakimi saxlanıldı.

Hətta, Teymur oğlu Miranşahı Azərbaycan və Şirvanın, o cümlədən Dərbənd və Bakının hakimi təyin edəndə də Ibrahim Şirvanşah adını qoruyub saxlamağa müvəffəq oldu.

Teymurun vassalı olan Ibrahim onun adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında Şirvanın bir sıra şəhərlərinin – Bakının Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu.

Şeyx Ibrahim türkmənlərin, Cəlairilərin, Cucilərin və Teymurilərin Azərbaycan – Arran və Şirvan uğrunda şiddətli mübarizə apardıqları dövrdə hakimiyyət sürmüşdür. Onun vaxtında – h.791-792-ci (1388/9-1389/90) illərdə və sonralar, XIV əsrin sonlarında Bakı, Şamaxı, Şəbəran, Dərbənd, Mahmudabad, Güştəsbi şəhərlərində kəsilən Şirvan sikkələri gah Teymurun, gah da Toxtamışın adından zərb olunurdu. Hətta, hücumlardan xilas olunduqdan sonra belə Ibrahim XV əsrin əvvəllərində öz adını göstərmədən anonim sikkələr kəsdirməyə başlayır. 

Şeyx Ibrahim zəngin və inkişaf etmiş ölkənin müstəqil hakimi olaraq  Teymura tabe olan feodallar arasında xüsusi mövqeyə malik olmuşdur. Onun ağıllı siyasəti sayəsində Şirvan bu işğalçının qoşunları tərəfindən dağıntıya məruz qalmamış və əvvəlki kimi inkişaf etmişdır. Şirvan əhalisinin Şirvanşahın xəzinəsinə verdiyi vergi və töycülər də qonşu ölkələrdəki qədər ağır deyildi. 

Böyük savaşların şahidi və iştirakçısı 

Şeyx Ibrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi. H.787-ci (1385/6) ildə Toxtamışın doxsan minlik ordusu Dərbənd keçidindən Şirvana hücum etdi. Toxtamış Şirvanın şəhərlərini tutaraq Təbrizə getdi, oranı qarət edib həmin yolla da geri qayıtdı. Toxtamış h.789-cu (1387) ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah atasının və Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və Dərbənddən qovub çıxardı. 

Şirvanşahlar dövləti 1412 – ci ildən etibarən Qaraqoyunlu dövlətindən vassal asılılığı vəziyyətində olmuşdur.

Real hakimiyyət Cənubi Azərbaycanın bütün şəhərlərində hərbi dəstələri dayanan Qara Yusifin əlində idi. 1410-cu il avqustun 30-da Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Sultan Əhməd əmirin əmri ilə öldürüldü. Cəlairilər dövləti süqut etdi, onun yerində baharlı tayfasından olan hökmdar Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti yarandı.

1413-cü ildə Qaraqoyunlu dövlətinin tərkibində şimalda Kür çayına qədər Azərbaycanın böyük bir hissəsi, Ermənistan, Kürdüstan və Ərəb Iraqı daxil idi. Təbriz bu dövlətin paytaxtı oldu. Baharlılar sülaləsinin başçılıq etdiyi Qaraqoyunlu dövləti 1410-cu ildən 1468-ci ilə qədər davam etdi.

Kür sahilində döyüşdə məğlub olduqdan sonra Şirvanşah Şeyx Ibrahim Qara Yusif tərəfindən əsir götürülmüş, lakin Təbrizdə onlar arasındakı danışıqlar nəticəsində   təbrizlilərin Qara Yusifın divanına 1200 tümən məbləğində mal verməsi müqabilində Şeyx Ibrahim azad edilmişdir.  

Ibrahim  Şirvanşah  Qara Yusifin vassallığını qəbul edərək  ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə etmək hüququnu təsdiq edən fərman almışdı. Şeyx Ibrahim Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək h. 820-ci (1417) ildə ölmüşdür. Cənnabi, Qaramani və başqa müəlliflər Ibrahimin ölüm tarixini h. 821-ci il göstərsələr də, Hacı Xəlifənin “Cahannamə” əsərində onun varisinin h.820-ci ildə taxta çıxdığı qəti surətdə göstərilir. 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir