Vahid Ələkbərovun açıqlamalarını oxuyuram.
Ilham Əliyevi “dünya azərbaycanlılarının prezidenti” adlandırır.
Qarşıdan gələn seçkidə onu dəstəkləyəcəyini deyir.
Hətta bundan ötrü məxsusi Bakıya gələcəyinin anonsunu verir.
Çox gözəl. Çox pakizə. Etirazımız yoxdur.
Amma bir dəqiqə!
Bu Vahid Ələkbərov “Kremlin dostu” deyilmi? Illərdir Rusiyada yaşamırmı? Taleyi Moskvaya bağlı deyilmi?
Əlbəttə, elədir.
Indi isə Əliyevçi rejimin zatən Kremlin layihəsi olduğunu, illərdir məhz Moskvanın sayəsində ayaqda qala bildiyini bir anlıq unudaq.
Bu rejimin bütün ruhu ilə Putin avtoritarizminə bağlı olduğunu, oradan hava udduğunu, oradan su içdiyini, oradan ilhamlandığını, oradan güc aldığını bircə anlıq da olsa, yaddan çıxaraq.
Və yapçıların öz məntiqindən çıxış edək: biz Vahid Ələkbərovun açıqlamalarını necə anlamalıyıq?
Rusiyanın Azərbaycanın daxili işlərinə burun soxması kimimi?
Kremlin Azərbaycanla bağlı çirkin planlar qurduğunun təsdiqi kimimi?
Vahid Ələkbərovun dəstəklədiyi adamın həm də Moskvanın adamı olduğunun isbatı kimimi?
Putinin öz imperialist maraqlarını həyata keçirmək üçün Əliyev hakimiyyətindən faydalanmaq cəhdi kimimi?
Bir halda ki, Rüstəm Ibrahimbəyovun həyatı, işi-gücü Rusiya ilə bağlıdır deyə onun dəstək verdiyi müxalifət birliyi Kremllə əlaqələndirilir…
Moskvanın layiihəsi adlandırılır…
Azərbaycanın müstəqilliyinə təhlükə kimi yozulur, eynən Ibrahimbəyov kimi həyatı, işi-gücü Rusiyaya bağlı olan Vahid Ələkbərovun dəstəklədiyi Əliyev rejimi haqqında niyə eyni sözləri demək olmaz, eyni iradları tutub eyni ittihamları səsləndirmək olmaz?
Çıxsın bir yaptokrat, bir rejim yandaşı izah etsin görək, niyə Rusiya ilə bağlı biri hakimiyyətə mədhiyyə oxuyanda, Ilham Əliyevə dəstək üçün məxsusi gəlib Bakıda oturacağını deyəndə, bunun altında milli maraqlara zidd…
Dövlətçiliyə təhlükə…
Müstəqilliyə ziyanlı heç nə axtarmaq olmaz, amma tərcümeyi-halı Rusiya ilə bağlı başqa biri müxalifət sıralarında olunca bunun adı milli xəyanətdir…
Dövlətçiliyi zərbə altında qoymaqdır…
Müstəqilliyi satmaqdır?!
Əgər məntiq hissini tamamən itirməmiş heç olmasa, bircə nəfər yapçı hələ də qalıbsa, buyursun cavab versin.
Nə oldu, bəs deyirdiniz şah qanun deyil…
Görünür, dəhşətli dərəcədə mövzu qıtlığından əziyyət çəkən bir jurnalist ərinməyib, Milli Məclisdə boş qalan yerlərə niyə seçki keçirilmədiyinə aydınlıq gətirmək istəyib.
Guya, əsas seçkilər sağəməlli keçirildi, “seçilənlər” bir yaralı barmağa ilkin tibbi yardım göstərdilər, qaldı boş yerə seçkilər.
Amma maraqlı olan jurnalistin bu məsələ ilə bağlı mikrafon uzatdığı Çingiz Qənizadənin cavabıdır.
Sitat: “Bu, prezidentin səlahiyyətidir. Əgər dövlət başçısı belə hesab edirsə ki, seçkiyə ehtiyac yoxdur o zaman həmin seçkilər olmur”.
Bəh, bəh, bəh! Necə gözəl səslənir: “Əgər dövlət başçısı hesab edirsə ki, seçkiyə ehtiyac yoxdur…”
Və bunu deyən allah qoymasa, bir hüquqçudur!
Qanunvericilikdə boş qalan yerlərə seçki keçirilməsinin şərtləri aydın göstərilib.
Amma demək ki, bu yetərli deyil.
Gərək əvvəlcə Ilham Əliyev hesab etsin ki, seçki keçirilə bilər, onda keçirilsin.
Ilham Əliyev hesab edirsə ki, seçkiyə ehtiyac yoxdur, deməli, ehtiyac yoxdur. Qurtardı, getdi!
Hələ bu təfəkkürlə bir də “bu ölkədə şah qanun deyil, qanun şahdır” deyə bilirlər…
Hələ bu zehniyyətlə çıxıb vicdanları sızlamadan ölkədə hüququn üstünlüyündən, qanunun aliliyindən danışırlar.
Belə vaxtlarda bu məmləkətə necə göydən daş yağmır, anlamaq mümkün deyil.
Günün sözü Linkolndan:
“Həmişə bəzilərini aldada bilərsən, bir müddət isə hamını aldada bilərsən, amma hamını həmişə aldada bilməzsən!”