Azərbaycan XİN-in “yaddaş zəifliyi”

Avropa Parlamentinin  REAL vətəndaş hərəkatının rəhbəri İlqar Məmmədovun həbsini pisləyən qətnaməsi rəsmi Bakının hiddətli reaksiyasına səbəb olub. Hər dəfə Aİ  qurumlarından Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı tənqid səslənəndə hakimiyyət bunu avropalı məmurların qeyri-obyektivliyi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına məhəl qoymamaları ilə əlaqələndirir.

Bu ittihamlar XİN-in dünənki bəyanatında təkrarlanıb. Bəyanatda bildirilib ki, Qarabağ münaqişəsinin 20 ildir ki, davam etdiyi bir müddətdə Avropa parlamenti ona qiymət verməyib.

Lakin bir il əvvəl Azərbaycan XİN 2012-ci il aprelin 18-də qəbul edilmiş Aİ-nin Azərbaycan və ermənistanla assosiativ sazişləri üzrə danışıqlara dair iki qətnaməsini şərh etmişdi. Sənəddə bildirilirdi ki, rəsmi Bakı həmin sənədlərin məzmunundan, əsasən Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında nizamlanmasının dəstəklənməsindən razıdır.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev qətnaməni şərh edərkən bildirmişdi ki, sənəddə Aİ-nin Cənubi Qafqazda strategiyası ilə bağlı 20 may 2010-cu il tarixli qətnaməsinin müddəalarının təsdiqlənməsinə istinad əksini tapıb. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və erməni qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyi qeyd olunub. Bundan əlavə, Azərbaycana dair qətnamədə qeyd olunub ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyi və inkişafı pozur, Avropa Qonşuluq Siyasətinin tam reallaşmasına əngəl törədir.

AP hesab edir ki, Azərbaycan və Ermənistanla assosiativ sazişlərin imzalanması üçün şərtlər Qarabağ nizamlanmasında real irəliləyişi əhatə etməlidir. Bu, erməni qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, onların mülkiyyət hüquqlarının bərpasını nəzərdə tutmalıdır. AP Aİ-ni Qarabağ nizamlanması prosesində daha fəal rol oynamağa çağırıb.

E.Abdullayev diqqəti Aİ-nin sənədlərində ilk dəfə olaraq Dağlıq Qarabağın Azərbaycan icmasının adının çəkilməsinə yönəltmişdi. Əsasən qətnamədə qarşılıqlı inam tədbirlərinin qəbul edilməsində, Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun qurulmasında Bakının səylərinin dəstəkləndiyi bildirilib.

E.Abdullayav AP-nin Ermənistan üzrə qətnaməsində müsbət məqam kimi “üçüncü ölkənin ərazisinin işğal edilməsi Avropa Qonşuluq Siyasətinin prinsiplərinə ziddir” və “Şərq tərəfdaşlığı” proqramının reallaşmasına böyük zərər vurur” formullarının daxil edilməsini göstərmişdi.

Bundan əlavə, qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində qanunsuz fəaliyyəti qeyd olunub.  Əsasən müntəzəm hərbi manevrlərin keçirilməsi, hərbi texnikanın və şəxsi heyətin yenilənməsi, geniş eşelonlaşdırılmış müdafiə xəttinin yaradılması nəzərdə tutulurdu. Həmçinin Ermənistan nizami ordunun çağırışçılarının Dağlıq Qarabağa xidmətə göndərməməyə çağırılır.

Ermənistan və Azərbaycan arasında münaqişənin beynəlxalq hüquq və onların əsasında qəbul olunmuş sənədlərə uyğun olaraq nizamlanmasının vacibliyi vurğulanıb. Belə sənədlər sırasına BMT TŞ, AŞPA və Avropa Parlamentinin qətnamələri daxil edilib.
 
E.Abdullayevin fikrincə, AP-nin Azərbaycan və Ermənistanla bağlı qətnaməsi beynəlxalq birliyin Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair tələbləri dəstəklədiyindən xəbər verir. Azərbaycana dair qətnamədə enerji resurslarının Avropa nəqlində ölkənin mühüm rolu qeyd olunub.

Belə çıxır ki, Avropa Parlamentinin Azərbaycan ərazilərinin işğalına münasibət bildirməməsi barədə fikirlər yumşaq desək doğru deyil (contact.az)