Bir neçə gündür toplumun vicdanlı, duyarlı kəsimi TQDK-nın cəhalətin ölkədəki səviyyəsini gözlər önünə sərən rəqəmlərini müzakirə edir. Həmin rəqəmlərdən 9-cu sinfi bitirən hər iki nəfərdən birinin ana dili və riyaziyyatdan “2″ aldığı görünür. 11-ci sinfi bitirənlərdən isə hər üç nəfərdən birinin eyni göstərici nümayiş etdirdiyi məlum olur.
Mən bu rəqəmlərlə bağlı narahatlığı anlayıram, bəli, ölkə məqsədli şəkildə savadsızlığa, cəhalətə sürüklənir. Çünki belə rejimlərin ayaqda qalmasının önəmli səbəblərindən biridir təhsilsizlik, bilgisizlik. Yalnız cahil toplumları bir adamın əvəzedilməzliyinə, vazkeçilməzliyinə inandırmaq olar.
Dünən əldəqayırma parlamentdə TQDK-nın açıqladığı rəqəmləri bir nəfərin belə, dilə gətirməməsinin, o rəqəmləri sorğulamamasının elə əsl səbəbi də budur: ölkədə təhsilin, bilgi səviyyəsinin yüksəlməsi ən birinci orada oturanlara sərf eləmir! Özləri də fərqindədilər ki, bu gün kimdənsə aldıqları mandat hesabına orda otura bilmələrinin ən təməl səbəbi məhz cəhalətin toplumun gözünü kor etməsidir, çoxluqda qarının qafanın önünə keçməsidir, ölkədə olub-bitənləri zəkanın deyil, zorun müəyyənləşdirməsidir.
Bütün bunlar öz yerində. Amma inanın, məsələ yalnız TQDK-nın açıqladığı rəqəmlərdə də deyil. Həmin rəqəmlər fərqli də ola bilərdi. Məsələn, məlum olardı ki, ölkədə yazıb-oxumadan, hesablamadan əla qiymətlər alanlar 70, 80, 90 faiz təşkil edir. Axı bu da yenə heç nəyi dəyişməzdi. Axı bu da gələcəklə bağlı ümidli, optimist olmağa əsas verməzdi.
Bəyəm bu ölkədə hamı riyaziyyatdan “5″ alsa, nə fərq edər? Deyək ki, siz dairə seçki komissiyasının sədrisiniz, riyaziyyatı da tum kimi çırtlayırsınız, nə olsun? Səsləri ki, siz hesablamırsınız! Əgər bu ölkədə hər an və hər işdə sizin əlinizə yanlış, şişirdilmiş, saxta rəqəmlər verib danışdıra bilərlərsə, hesab elminin atası olsanız, nə yazar?
Guya TQDK-nın açıqladığı rəqəmlərdə lap hamının ana dilindən əla qiymətlər aldığı məlum olsa, nə dəyişərdi? Axı məsələ sizin yaxşı yazıb-oxumağınızda deyil. Siz ürəyinizdən keçənləri yaza bilməyəcəksinizsə, danışa bilməyəcəksinizsə, oxuya bilməyəcəksinizsə, siz o ana dilində doğruları yazdığınızda qələminizi alıb qıracaqlar, sındıracaqlarsa…
O ana dilində həqiqətləri ifadə etməyin bədəli həbsdir, işgəncədirsə…
Siz, hətta nəyi oxuyacağınıza belə yalnız bir ovuc adamın qərar verdiyi ölkədə yaşayırsınızsa, ana dilindən aldığınız əla qiymətlərin hansı anlamı qala bilər?
Bəli, cəhalət ağır dərddir. O, bizə ölkəni aydınlıq günlərə götürməyimizə mane olur. Cəhalət hər cür tərəqqiyə, hər cür inkişafa qarşıdır. O yalnız çağdışı, geriçi dəyərlərin təntənəsinə xidmət edir. Bütün bunlar öz yerində.
Amma bunu da unutmayaq: bilgi önəmlidir, lakin bilginin funksional, işlək olduğu bir ölkə qurmaq ondan da önəmlidir. Əgər sizin ölkənizdə parlaq savadı, yüksək təhsili olan adamlara həbsxananı göstərir, iki eşşəyin arpasını bölməyənləri də parlamentə göndərirlərsə, təhsilin səviyyəsi yüksək olsa, nə faydası?
Əgər sizin savadınız həyat, karyera yollarında yüksəlmək üçün heç bir rol oynamır, sizdən yüksəlmək üçün illah ki, alçalmaq, əl çalmaq tələb edilirsə, TQDK-nın rəqəmləri ürəkaçan olsa belə, nə mənası?
Bir ölkədə ki, insanların uğur qazanması üçün yaxşı təhsil almasından çox yaxşı rüşvət alması önəmlidir, o ölkədə elm dəryası olsanız, nəyə yarar?
Qısası, dediyim odur ki, Əliyevçi rejimin toplumu cahilləşdirdiyinə, savadsızlaşdırdığına (həm də bilərək, həm də planlı və məqsədli şəkildə!) etiraz edək, bunu qınayaq, amma eyni zamanda yuxarıdakı suallar ətrafında düşünək. Bilginin qutsal, bilgili insanın dəyərli olduğu bir ölkə qurmadan, bilməyin, düşünməyin, danışmağın, yazmağın, yaratmağın suç olmadığı bir ölkə qurmadan durub-durub təhsildən şikayətlənməyin çənə yormaqdan başqa nəyə yaradığı haqqında da fikirləşək.
O zaman çoxunuzun bu yazdıqlarıma haqq qazandıracağına inamım tamdır.