Siyavuş Novruzov cavabını aldı

Natiq Cəfərli: «Dələduzu gedib YAP-da axtarsın»

Gülağa Aslanlı: «Qarabağ uğrunda döyüşlərdə fədakarlıq edən şəxs haqqında belə ifadə işlətmək mənəviyyatsızlıqdan xəbər verir»

Parlamentin bugünkü növbədənkənar iclasında millət vəkili Iqbal Ağazadənin Tofiq Yaqublu, Ilqar Məmmədov, “NIDA”çı gənclərin azad olunması məsələsinə toxunması YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiyasına səbəb olub. Ənənəsinə uyğun olaraq Azərbaycanda siyasi məhbusların olmadığını deyən YAP-çı deputat  həbsdəki şəxsləri cinayətkar, Tofiq Yaqublu və Ilqar Məmmədovu isə “dələduz” adlandırıb.
YAP funksionerinin bu açıqlaması cavabsız qalmayıb. 

REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli YAP icra katibinin məntiqsiz və mənasız çıxışlar etdiyini deyərək bu mənada onun hər hansı açıqlamasına şərh verməyin çətin olduğunu bildirib: “Siyavuş Novruzov özünü hüquqşünas, hüquq professoru adlandırır. Guya hüquqla bağlı elmi ad qazandığını deyir. Amma məhkəmə qərarı, heç bir sübut olmadan insanları dələduz adlandırması Siyavuş Novruzovun hüquqi savadsızlığının bariz göstəricisidir”.
N.Cəfərli dələduz axtarmaq istəyən YAP icra katibi müavininə təmsil olunduğu partiyanın sıralarına nəzər salmağı məsləhət görüb: “Əgər Siyavuş Novruzov dələduz axtarmaq istəyirsə, mənsub olduğu partiyaya baxsın. Məhkəmə qərarları ilə YAP-dan onlarla insan məhz dələduzluq maddəsi ilə, yüksək vəzifəli məmurlar korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib”.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə Tofiq Yağublunu dələduz adlandıran şəxslərin özlərinin dələduz olduğunu bildirdi: “Tofiq Yağublunun heç bir əsası olmadan həbs edilməsini, şərlənməsini kənara qoyuram. Məhkəmənin hökmü olmadan bir adam haqqında dələduz ifadəsi işlədən özü dələduzdur”.
G.Aslanlının sözlərin görə, istər Siyavuş Novruzovun, istərsə də YAP-ın hər hansı digər təmsilçisinin Qarabağ uğrunda döyüşlərdə fədakarlıq edən, bir neçə dəfə sənədləri Milli Qəhrəmanlığa təqdim edilən şəxs haqqında belə ifadə işlətməsi həmin şəxsin mənəviyyatsızlığından xəbər verir. Çünki, mənəviyyatı olan adam o cür fikirlər işlətməməlidir. Əli xalqın cibində olan bu insanların belə fikir söyləməsi onların ləyaqət barədə anlayışının olmadığını göstərir.

Fizzə