“Eyni şövqlə dəstəklənəcək başqası olsa, israr edəcəm ki, vahid namizəd olmayım”
Rüstəm İbrahimbəyov: “Heydər Əliyevlə münasibətim o dərəcədə korlandı ki, Azərbaycandan getmək məcburiyyətində qaldım”
“Azərbaycandakı vəziyyət Qarabağ problemin həllinə mane olur”
Tanınmış yazıçı və dramaturq, Milli Şuranın sədri Rüstəm İbrhaimbəyov BBC-nin rus xidmətinə müsahibəsində Azərbaycanda hakim rejimə münasibətinin nə səbəbdən dəyişməsi və siyasətə necə qatılması barədə danışıb.
– Müxalifət Sizi dəstəkləsə Azərbaycanda prezidentliyə namizədliyinizi irəli sürə bilərsiniz?
– Vəziyyət bir qədər mürəkkəbdir. Bildiyiniz kimi Azərbaycanda artıq uzun illərdir, 1993-cü ildən bəri bütün seçkilər saxtalaşdırılır. Buna görə də aparıcı siyasi partiyalar, hüquq müdafiə təşkilatları, görkəmli ictimai xadimlər birləşərək Demokratik Qüvvələrin Milli Şurasını yaradıb. Məni bu şuraya sədr seçdilər. Demək olar ki, son 20 ildə müxalifətin belə geniş birliyi yox idi. Mən Azərbaycandakı demokratik proseslərə, həmçinin bu ilin oktyabr ayında açıq seçkilərin keçirilməsinə yardım etmək məqsədi ilə onları birləşdirə bildim.
– Axı Sizin heç bir siyasi təcrübəniz yoxdur, siyasi mübarizədə iştirakınızı necə görürsünüz?
– Son illərdə Azərbaycan Ziyalılar Forumunu yaradıb ona rəhbərlik etdim. O zaman, üç il bundan əvvəl qarşıma qoyduğum məqsəd Azərbaycanda vətəndaş cəmiyyətinin hər hansı təməlini qoymaq, ən əsası da az-çox nüfuzu olan ictimai hərəkat yaratmaq idi. Nəticədə Azərbaycanda situasiyanın dəyişməsinə nail oldum. İndi bu hərəkatda ölkədəki vəziyyətlə bağlı açıq danışan, mövqe bildirən yüzlərlə, bəlkə də minlərlə adam toplaşıb. Məhz sizlərin siyasi təcrübəmin olmamağı ilə bağlı düşüncəsi, ən əsası isə bununla məşğul olmaq həvəsimin olmamağı məni dayandırır. Ona görə də hələlik razılıq vermirəm. İndi ABŞ-a gəlmişəm, müxtəlif qeyri-hökumət, ictimai, hüquq müdafiə təşkilatlarında görüşlərim olacaq. Danışaq, baxaq, ətrafa göz gəzdirək. Eyni şeyi Moskvada edirəm, Türkiyədə də müəyyən əlaqələrim var. Əlbəttə ki, siyasətdə neofitəm (hər hansı nəzəriyyənin yeni tərəfdarı). Mənim namizədliyim kimi eyni şövqlə dəstəklənəcək digər namizədi tapmaq mümkün olsa, israr edəcəm və çalışacam ki, vahid namizəd olmayım.
– Bir neçə il əvvəl Siz İlham Əliyevlə, ona qədər isə atası Heydər Əliyevlə yaxşı münasibətdə olmusunuz. O vaxtdan nə dəyişib?
– Bu suala məmnuniyyətlə cavab verəcəm. Bildiyiniz kimi, Heydər Əliyev hakimiyyətə 1960-cı illərin sonlarında gəlib və uzun müddət Mərkəzi Komitənin birinci katibi olub. İlk illərdə mənim və qardaşımın (Maqsud İbrahimbəyov) onunla münasibətləri kifayət qədər mürəkkəb idi, ancaq nəticədə biz az-çox müstəqil yazıçı olmaq hüququmuzu əldə edə bildik. Kommunist partiyasının üzvü olmamışam, bütün yaradıcılığım da sübut edir ki, həyatım boyu vətənimdə baş verənlər barədə həqiqəti yazmışam. Məni utandıracaq, yaxud sovet rejiminə işlədiyimi təsdiq edəcək əsərim yoxdur. Sonradan münasibətim o dərəcədə korlandı ki, 1985-ci ildə Azərbaycandan getmək məcburiyyətində qaldım, o zaman Heydər Əliyev Moskvada idi, mən də bir neçə il Moskvada siyasi mühacir kimi yaşadım. Sonra artıq Heydər Əliyev bütün vəzifələrindən çıxarılandan sonra tanınmış rəssam Tahir Salahov məndən Barvixada xəstə Əliyevə baş çəkməyi xahiş etdi. O zaman bizim səmimi söhbətimiz oldu, münasibətlər normallaşdı. Onun 1993-cü ildə hakimiyyətə gözlənilməz qayıdışından sonra bizim yaxşı münasibətlərimiz yarandı və bu onun ölümünə qədər davam etdi. 1999-cu ildə 60 illiyimində böyük nitqlə çıxış edərək məni təbrik etdi. 2003-cü ildə İlham Əliyev prezident seçiləndə onun gəlişinin tərəfdarlarından biri də mən idim. Yenə də deyirəm, tam müstəqil həyat sürürdüm. Bu rejimdən nə maddi, nə də mənəvi heç nə almırdım. Ayrıca həyatımı yaşıyırdım, əsərlərim hər zaman hakimiyyətin narazılığına səbəb olurdu, ancaq nəsə dözürdülər. Şəxsən İlham Əliyevlə 2007-ci ilə qədər çox yaxşı münasibətlərim var idi. 2007-ci ildə onunla görüşüb kino sahəsində islahatların həyata keçirilməsi məsələsini qaldırdım, çünki ölkəyə gələn neft pulları kino sənayesindən başqa bütün sahələrə xərclənirdi. Azərbaycanın kino sənayesi indiyə qədər də bərbad, dağılmış vəziyyətdədir. O zaman dəlillərimlə razılaşdı, Azərbaycan kinosunun inkişafı proqramlarına dair sərəncamlar verdi. Bunu hansısa bir çevriliş adlandırdım. Ancaq aşağıdan bizə göründüyü kimi, hakimiyyət beş-altı qəddar, şərəfsiz fırıldaqçının əlinə keçib, onlar da respublikanı vəhşicəsinə idarə edir. Hamı bunu əlbəttə, İlham Əliyevlə əlaqələndirir, ancaq bunu yetərincə izləmək mümkün deyil. Yüzlərlə, minlərlə insanlar evlərindən bayır atılır, evləri əllərindən alınır. Hələ 1993-cü ildən, Heydər Əliyevin vaxtından bütün seçkilər saxtalaşdırılıb. Xalq hakimiyyətini formalaşdırmaq kimi konstitusion hüququndan məhrum olub.
– Azərbaycanın müasir tarixinin ən ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazır konsepsiyanız varmı?
– Məndə heç bir həll yoxdu və bu ola da bilməz. Çünki bu mürəkkəb geosiyasi vəziyyətlə, eyni zamanda təkcə Azərbaycan və Ermənistanın deyil, qonşu ölkələrin də maraqları ilə bağlıdır. Bu çox mürəkkəb düyündür, bu məsələ ilə uzun illərdi məşğuldurlar, ancaq hələ ki, təsirli həll yoxdur. Tam əminəm ki, Azərbaycandakı vəziyyət problemin həllinə mane olur. Çünki mən deyəndə ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onların da azərbaycanlılarla bərabər hüquqları olmalıdır, bu halda onları «düşmən» adlandıra bilmərəm, məni ermənipərəstlikdə ittiham edirlər. Bu da sayıqlamadır. Ancaq bir həqiqət var – Qarabağ erməniləri Azərbaycanın hansı acınacaqlı vəziyyətdə olduğunu, insan hüquqlarının necə kobud şəkildə pozulduğunu, korrupsiyanın cəmiyyətin bütün təbəqələrində yayıldığını görəndə, təbii ki, onlar Qarabağın Azərbaycanın tərkibində olmasını istəməz. Yəni həll yollarından biri – Azərbaycandakı vəziyyəti normallaşdırmaq, insanları inandırmaqdır. Başqa yol yoxdur. Nə vaxta qədər ki, Dağlıq Qarabağ əhalisi Azərbaycanda yaşamaq istəmir, dünyada heç kim onları buna məcbur edə bilməz. Onlarla iş aparılmalıdır. İş isə o zaman aparıla bilər ki, onlar Azərbaycan xalqının səmimi rəftar etdiyini, bu ölkədə təhlükəsiz yaşaya biləcəklərini görsünlər. Bütün bunlar Azərbaycan hakimiyyəti tərəfindən edilmir, buna etinasız yanaşırlar. Azərbaycanın tərkibində qalmaq istəyinin olmamağı da bundan irəli gəlir. Qalan problemlər ümumi geosiyasi vəziyyətlə bağlıdır. Superdövlətlərin müdaxiləsi olmadan bu məsələni həll etmək mümkün deyil.
– Azərbaycana qayıdandan sonra həbsdən qorxmursunuz?
– Mən normal adamam, həbsdən də, qətlə yetirilməkdən də qorxuram. Bilirsiniz ki, REAL hərəkatının liderlərindən olan İlqar Məmmədov həbs olunub, tənqid səsləndirdiyinə və prezident seçkilərində iştirak etmək istədiyini bəyan etdiyinə görə səbəbsiz yerə həbsxanadadır. Yəni istənilən potensial təhlükəli adamı Əliyev rejimi zərərsizləşdirməyə çalışır. Ona görə də bütün bu təhlükələr mövcuddur.
– Bəziləri Sizdə Rusiyanın Azərbaycana təsirini görürlər.
– Moskvadan gedəndə bu sualı mənə verdilər: yaratdığım Milli Şura Moskvanın layihəsi deyilmi? Buna cavab olaraq bildirdim ki, Moskvanın layihəsi İlham Əliyev hakimiyyətidir. Putin dəfələrlə bildirib ki, atasının (Heydər Əliyevin – red.) xahişi ilə İlham Əliyevin namizədliyini dəstəkləyib. Azərbaycanın Rusiya ilə münasibətləri yaxşıdır, emissarlar ora-bura gedir, xeyli birgə layihələr, dostluq və s. var. Budur Kremlin layihəsi. Bizim Moskvada yaratdığımız və bir neçə varlı adamın da daxil olduğu RATİ-yə (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) gəldikdə, bu təşkilat yalnız Rusiyadakı azərbaycanlıların taleyi ilə məşğuldur. Üstəlik ora daxil olanlar Azərbaycan prezidentinə yaxın adamlardır.
– Bu təşkilat namizəd olacağınız təqdirdə Sizi müdafiə etməyə hazırdır?
– Təəssüf ki, onlar qətiyyən məni dəstəkləmək istəmirlər. Çünki onlar çox ehtiyatlıdırlar və siyasətə qoşulmaq istəmirlər.