Rahim Hacıyev: «Milli Şuranın təsis yığıncağında aparıcı ölkələrin nümayəndələrinin iştirak etməsi bu quruma beynəlxalq diqqətin göstəricisidir»
Eldar Namazov: «Yaxın günlərdə diplomatik korpusun nümayəndələri ilə Milli Şura üzvlərinin görüşü olacaq»
2010-cu il parlament seçkilərindən sonra müxalifət Ictimai Palata adlı qurum yaradaraq cəmiyyətin və beynəlxalq aləmin diqqətini cəlb edə bildi. Ictimai Palata yarandıqdan sonra geniş müşavirələr, kütləvi aksiyalar keçirdi və bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirməkdədir. Ictimai Palatanın rəhbərliyi fəaliyyətləri dövründə dəfələrlə Qərb dövlətlərinin ölkəmizdəki səfirləri və beynəlxalq təşkilaların nümayəndələri ilə görüşlər keçirdilər.
Bu gün isə müxalifətin daha böyük koalisiyası, demokratik qüvvələrin mütləq əksəriyyətini özündə cəmləşdirmiş Milli Şura yaranıb.
Bəs Milli Şura ilə Qərb diplomatlarının və səfirlərin görüşü gözlənilirmi?
Milli Şuranın üzvü, siyasi ekspert Rahim Hacıyev qeyd etdi ki, Ictimai Palatanın rəhbərliyi ilə bir neçə dəfə Azərbaycanda fəaliyyət göstərən Qərb ölkələrinin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri yüksək səviyyəli görüşlər keçirib. Bununla da Azərbaycanda fəaliyyət göstərən Qərb diplomatları və beynəlxalq təşkilatların təmsilçiləri müxalifətin fəaliyyətinə ciddi diqqət göstərdiklərini sübut etdilər. “Xüsusi qeyd etmək yerinə düşər ki, Milli Şuranın təsis yığıncağında aparıcı Qərb ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Bu faktın özü Milli Şuraya olan diqqətin ciddi göstəricisi kimi dəyərləndirilməlidir. Ictimai Palata ilə olduğu kimi Milli Şura ilə də belə görüşlərin keçirilməsi gözlənilir”.
Milli Şuranın üzvü Eldar Namazov bildirdi ki, bu istiqamətdə qurum üzvləri ilə müzakirələr olub və yaxın günlərdə diplomatik korpusun nümayəndələri ilə görüş olacaq: “Bildiyiniz kimi Milli Şuranın rəhbəri Rüstəm Ibrahimbəyov Amerikada mühüm görüşlər keçirir. Milli Şuranın üzvü Qubad Ibadoğlu Brüsseldə Avropa Komissarları ilə yüksək səviyyəli görüşlər keçirib. Hətta Miili Şura haqqında sənədlər tərcümə olunaraq Brüsselə göndərilib. Milli Şuranın yaranması böyük maraqla qarşılanıb. Eyni zamanda yaxın günlərdə Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri və KIV əməkdaşları ilə görüşümüz nəzərdə tutulur”- deyə Eldar Namazov bildirdi.
İlham Hüseyn