Ilham Əliyevin YAP-ın qurultayındakı çıxışından sonra güman edirdim ki, bu və ya digər səbəbdən YAP-dan və vəzifədən kənarda qalanlar abırlarına qısılıb heç olmasa bundan sonra susacaqlar. Çünki bu çıxışla “Ilham Əliyev yaxşıdır, ətrafı pis” fikrini nəinki alt-üst etdi, hətta mən deyərdim ki, bəzi hallarda ətrafını da kölgədə qoydu. Fərqli düşünən insanları açıq şəkildə təhdid etmək, onlara satqın, xain deyən YAP və hökumət rəsmilərini, eləcə də məddahları barmaqla saymaq olar və cəmiyyət bu şəxsləri qeyri-ciddi, təfəkkür problemi olan islaholunmazlar adlandırmaqla onlara əhəmiyyət vermirdi. Adətən bu cür fikirləri müxalifətə qarşı aqressivliyi ilə seçilən və şəksiz psixi problemləri olan Sumqayıt maşın bazarının sahibi Hacı Tanrıverdi səviyyəsində olan insanlardan eşitmişdik. Digər deputat və YAP fukisionerləri isə, adətən bu cür açıqlamaların ertəsi günü fikirlərinin yanlış anlaşılması haqda əlavələrlə, səhvlərin düzəltməyə cəhd edirdilər. Bu haqda bir az sonra…
Hazırda YAP-ın rəhbərliyində bu və ya digər səbəblərdən təmsil olunmayan şəxslərin bir canlanma müşahidə etməkdəyik. Onların çoxu YAP-ın qurulmasında əvəzsiz xidmətlərindən danışaraq, bu gün kənarda qalması ilə barışa bilmir. Hamısının həyat hekayəsi də eynidir, bizi – sadiq əliyevçiləri YAP-ın hazırkı rəhbərliyi qəbul etmir, şanlı keçmişimizdən ehtiyat edirlər. Və müsahibələrin sonu adətən belə qurtarır – “Ümid edirik ki, prezidentimiz Ilham Əliyev çox yaxında bütün qaranlıqlara aydınlıq gətirəcək, haqq-ədalət öz yerini tapacaq”.
Kimisi bir az mülayim şəkildə, “mən də varam, burdayam, lütfən baxın” mesajını verir, kimisi də daha sərt formada “açaram sandığı, tökərəm pambığı” deyərək son patrondan istifadə edir. Və burası da bir həqiqətdir ki, oxşar çıxışlar nəinki heç bir fayda vermir, hətta bəzən küsən YAP-çının yaxınlarının işdən çıxarılmasına gətirib çıxarılır.
Bəzi yaşlı yapçılar isə, illər uzunu “ədalət” gözləyə-gözləyə dünyalarını dəyişdilər.
…Rus tarixində “yaxşı çar” anlayışı var, bu, rəiyyəti buxovda saxlamaq üçün yaxşı düşünülmüş bir hekayə idi. Ömründə çarı görməyən sadə insanlar elə güman edirdilər ki, bütün bu zülmlərdən çarın xəbəri yoxdur, əgər o xəbər tutsa, təcili tədbir görəcək. Bu nağıl bir neçə yüz il aktuallığını saxlaya bildi, belə ki, o dövrdə informasiya almaq qeyri-mümkün idi və çar heç vaxt kütlə ilə təmasda olmurdu, açıqlama vermirdi…
Bu gün vaxtilə YAP elitasında təmsil olunan, vəzifəsini itirmiş insanların ah-naləsindən qulaq tutulur. Onların heç biri ölkəni bürüyən korrupsiya və rüşvətə münasibət bildirmir, yalnız vaxtilə bir səngərdə olduğu şəxsləri ittiham edirlər. Hamısı da ümid edir ki, dövlət başçısı bir gün onlara qarşı edilmiş haqsızlığa münasibət bildirəcək və onları yenidən ümumi masaya dəvət edəcək. Və onlar da qaldıqları yerdən başlayacaqlar. Mən belə insanların bir neçəsi ilə təmasda olmuşam, onların hər birisinə elə gəlir ki, bu recimin tək bir səhvi var – ona qarşı haqsızlıq, qalanı düzələn şeydir. Yəni torpaqlarımızın 20 illik işğalına da dözmək olar, milyonlarla insanın səfalət içində yaşamasına da, ölkəni bürüyən mənəviyyatsızlığa da. Təki bunlara vəzifə versinlər…
Tək təsəlli, xahiş edirəm kimsə yanlış anlamasın, bu, insanların əksəriyyətinin yaşının 60-dan yuxarı olmasıdır. Yəni bu o deməkdir ki, tədricən nağılların sonuna gəlib çatırıq. Ədalət naminə deməliyəm ki, onların bir sözündə həqiqət var – onlar əsl Əliyevçilərdir. Öz şəxsi mənafelərini daim hər şeydən üstün tutan bu yaşlı kəsimin bir çox nümayəndələri maddi cəhətdən təmin olunsalar da, vəzifəsiz qalmaqla heç cür barışa bilmirlər.
Bu günədək “Ilham Əliyev yaxşıdır, ətrafı pis” şüarı ilə təkrar ötən günlərə qayıtmaq istəyənlərin heç biri məqsədinə nail ola bilməyib, yəqin ki, bundan sonra da mümkün olmayacaq. Çünki baş verənlər, birmənalı olaraq, Ilham Əliyevin ətrafına, komandasının isə Ilham Əliyevə layiq olduğunu göstərir.
Məndən yaşlı olsalar da, sonda onlara bir məsləhət vermək istərdim – nə qədər gec deyil, bir az da Ilham Əliyevin ətrafından YAPışın, bəlkə onda nəyəsə nail ola bildiniz…