“Cümhuriyyətçilər və İlqar Məmmədov təslim olmur”

REALlıq: Prezidentliyə namizəd 43 yaşını həbsxanada qeyd etdi

REAL vətəndaş hərəkatının sədri Ilqar Məmmədovun 43 yaşı tamam oldu. Kürdəxanı istintaq təcridxanasında ad gününü qutlayan prezidentliyə namizədin ötən gün silahdaşlarıyla görüşdük. Balaca bir otaqda fəaliyyət göstərən cümhuriyyətçilər çox nikbindirlər. Ilqar Məmmədovun həbsi onların işini zərrə qədər ləngitməyib. Əksinə, daha çox həvəslə, şövqlə işlərini davam etdirirlər. Demək olmaz ki, Ilqar Məmmədovun həbsi REAL-çılar üçün göydəndüşmə oldu. Xeyr!

REAL öz işindədir…

Ilqar Məmmədovun həbsi yalnız sənədləşdirmə işlərində problem yaradır. Yəni, bir həftəyə görüləcək işi silahdaşları 10 günə görürlər. Ancaq REAL hədəflərini nə dəyişib, nə də redaktə edib. Hərəkatın icra katibi Natiq Cəfərli deyir ki, REAL öncədən hansı hədəfləri qarşısına qoymuşdusa, hansı planları həyata keçirməyi yəqinləşdirmişdisə bu sahədə işini davam etdirir: “Hər hansı bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır. Nə qədər qəribə səslənsə də, deməliyik ki, Ilqar Məmmədovun həbsi REAL-a olan marağı daha da artırdı. Insanlar üzv olmaq üçün bizə müraciət edirlər, dəstəklərini bildirirlər”.
Mətbuatdan kənarda qalsa da, qeyd etməliyik ki, Ilqar Məmmədovun seçki qərargahı da fəaliyyət göstərir.
REAL-ın idarə heyətinin üzvü, həm də seçki qərargahının rəhbəri Azər Qasımlı deyir ki, bunu iki ay öncə yaradıblar: “Seçki qərargahında hazırda katiblik var. Katiblikdə 12 nəfər çalışır. Onlar konkret sahələrə cavabdehdirlər. Ümumilikdə isə seçki qərargahında 50 nəfərə yaxın insan işləyir. Çox ciddi işlər görülür. Yaxın zamanlarda ictimaiyyət bizim işimizdən xəbər tutacaq”.
Azər Qasımlı bildirir ki, bu gün internetin olması onların işini sürətləndirir: “Bütün günü ofisə gəlib iclaslar keçirməklə iş bitmir. Fəaliyyətimizi konkret işlər üzərində qurmuşuq. Bir qrup sosial şəbəkələrlə işləyir, başqa bir qrup isə təşkilati məsələlərlə məşğul olur”.

“Prezidentliyə namizəd məhbus İlqar Məmmədov”

REAL Idarə heyətinin üzvü, Ilqar Məmmədovun vəkili Xalid Bağırov isə deyir ki, hərəkatın sədri özünü yaxşı hiss edir: “Səhhətində heç bir problem yoxdur. Sağlamdır, özünü yaxşı hiss edir. Ilqar Məmmədov prezidentliyə namizəd olduğu üçün həbsxanada olmaması bizə çox imkanlar qazandıra bilərdi. Indi həmin imkanların bir qismindən məhrum olmuşuq. Əhval-ruhiyyəsi çox əladır, tələbkardır, işgüzardır. Hər dəfə görüşəndə tapşırıqlarını, göstərişlərini verir. Biz də o tapşırıqları vaxtında yerinə yetirməyə çalışırıq”.
Xalid Bağırov deyir ki, Ilqar Məmmədova yaradılan əngəllərdən biri də ona qəzetlərin verilməməsidir. Ancaq cümhuriyyətçilər bu problemi də çözə biliblər. Vəkil hər dəfə onunla görüşəndə həftə ərzində ölkədə və dünyada baş verən proseslərdən xəbərdar edir. O da öz növbəsində lazımı tapşırıqlarını verir: “Bir sözlə təşkilatın faəliyyətində yaxından iştirak edir”.
REAL-çılar Ilqar Məmmədovun seçki gününə qədər azadlığa çıxacağına inanırlar: “Inamımız çox yüksəkdir. Ümid edirik ki, Ilqar Məmmədov təbliğat-təşviqat mərhələsində özü iştirak edəcək. Əks halda ”Prezidentliyə namizəd məhbus Ilqar Məmmədov” şüarı bütün dünyanı bürüyəcək”.

REAL məqsədlərini proqram şəkilndə təqdim edəcək

“Ilqar Məmmədov üçün ən böyük həddiyə iyunun 13-də Avropa Parlamentinin qəbul etdiyi qətnamədir. Sənəddə Məmmədovun dərhal və qeyd-şərtsiz həbsdən azad edilməsi tələb edilir”, – deyə natiq Cəfərli bildirir.
Onun sözlərinə görə, REAL Ilqar Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı hər hansı komitə yaratmayıb: “Ancaq savadlı hüquq müdafiəçiləri həm beynəlxalq aləmdə, həm də ölkədə onun hüquqlarının müdafiə işlərini təşkil edir. Hazırda Ilqar Məmmədovun şəkilləri əks olunan köynəklərin satışı başlayıb. Bu satışdan əldə edilən vəsait onun ailəsinin problemlərinin həllinə sərf olunacaq”.
Bu günlərdə cümhuriyyətçilər Vətəndaş Hərəkatı proqram sənədini ictimaiyyətə təqdim edəcək: “Proqramda ölkənin problemləri, onun həlli yolları, siyasi sistemin təşkili məsələləri əksini tapıb”.
Bundan başqa REAl-ın prezidentliyə namizədi qeydiyyatdan keçsə belə, vahid namizəd elan edildikdən sonra təşkilat qiymətləndirmə apararaq onun xeyrinə namizədlikdən imtina etməyə hazırdır.

Layihələr işə düşür…

REAL qarşıdakı günlərdə bir neçə projeni gerçəkləşdirəcək.
Azər Qasımlı deyir ki, hərəkatın əsas aksiyası “Ilqar Məmmədova dəstək” kampaniyasıdır: “Şəhərin müxtəlif yerlərində ”flaşmob”lar keçirəcəyik. Bundan başqa dəstək aksiyasında sərgilər, konsertlər olacaq. Ilqar Məmmədovu ictimaiyyətə tanıtmaq üçün büroşuralar, bukletlər çap edəcəyik”.
Cümhuriyyətçilərin ikinci projesi “Real Rinq”dir. Bu projenin əsas məqsədi özlərinin və başqa siyasi təşkilatlarının cəmiyyətə proqramlarını təqdim etməkdir: “Istənilən bir təşkilat, durduğu mövqedən asılı olmayaraq onları debata dəvət edəcəyik. Öz məqsəd məramımızı ictimaiyyətə açıqlayacaq. Yəni, biz REAL Vətəndaş Hərəkatı olaraq Cümhuriyyət Institutları necə formalaşdırmağı, effektiv hökuməti hansı əsaslarla yaratmağı, seçkilərin necə keçiriləcəyini, səhiyyə, ordu, mədəniyyət və başqa sahələrdə hansı işləri görəcəyimizi bəyan edəcəyik. Hər dəfə bir sahə üzrə proqramla çıxış edəcəyik. Partiyalara, siyasi təşkilatlara dəvət göndərəcəyik kim istəsə gəlib iştirak edəcək. Iştirak etməsələr belə biz öz proqramımızı cəmiyyətə təqdim edəcəyik”.
Seçkilər yaxınlaşdıqca isə bu cür layihələrin sayı artacaq.

***

Ilqar Məmmədov həbsxanada olduğu üçün REAL-çılar kiçik bir kollektivlə liderlərinin doğum gününü qutlayacaqlar. Onlar daha böyük ad günlərini gələn ilə saxlayıblar.
“Cümhuriyyətçilər və Ilqar Məmmədov təslim olmur” sözü yazılmış köynəyi götürüb ofisi tərk edirik…
Ad günün qutlu olsun, Ilqar bəy…

Ramin DEKO