Sakinlər “fövqəlnazir”in üzünü görmədi; FHN əməkdaşları jurnalisti təhqir etdi; şikayətçilərdən biri xəstəxanalıq oldu
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 14-də Salyan şəhərində sakinlərlə görüş keçirib. Görüşə Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının 300-dən çox, əksəriyyəti Kür daşqınlarından ziyan çəkmiş sakinləri gəlib. Sakinlər görüşün keçiriləcəyi Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin inzibati binası qarşısına səhərin erkən saatlarından toplaşmağa başlayıblar. Nazir isə görüşə vəd olunduğu vaxtdan 1 saat gec gəlib.
Görüş barədə “Azadlıq”a məlumat verən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov bildirir ki, növbəni tənzimləyən mülki geyimli FHN əməkdaşları şikayətçilərə, jurnalistlərə və vətəndaş cəmiyyəti təmsilçəlirinə qarşı kobud davranışları ilə fərqləniblər. Şikayətə gəlmiş vətəndaşları ən çox məyus edən isə sözlərini demək üçün K.Heydərovu görə bilməmələri olub. Vətəndaşları FHN-in əməkdaşlarından ibarət komissiya dinləyib.
E.Məmmədov qeyd edir ki, qəbuldan çıxan vətəndaşlardan müsahibə götümək istəyən “Azadlıq” radiosunun bölgə müxbiri Azər Əli uniformada olan FHN əməkdaşı tərəfindən küçə söyüşləri ilə təhqir olunaraq ərazidən uzaqlaşdırılıb.
Məlumatda o da deyilir ki, sakinlərdən biri – Sabirabad rayonunun Meyniman kənd sakini Leyla Yaqubova şikayəti eşidlmədiyi üçün özündən gedib. Onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar. “Beləcə, Kür daşqınlarından ziyan çəkmiş bölgə əhalisinin müraciətlərini fövqaladə hallar nazirinə şəxsən çatdırmaqla, hökumətin onlara yardım edəcəyi barədə sonuncu ümidi də puça çıxdı”, – deyə E.Məmmədov bildirir.









