Sabiq rektorun MTN əməkdaşları ilə söhbətində nələrdən bəhs edilir?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yeni video yayıb. Videoda Elşad Abdullayevlə özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları kimi təqdim edən Ilqar Abbasov və Fikrət adlı şəxslərin söhbəti əks olunub. Onlar sabiq rektora bildirirlər ki, qardaşı Mahir Abdullayev MTN-də saxlanılır. Fikrət adlı şəxs Mahir Abdullayevi MTN-də dindirilərkən gördüyünü, hətta bir neçə dəfə dindirmə prosesində də iştirak etdiyini bildirir.
Lakin videodan aydın olmur ki, Mahir Abdullayev hansı MTN-də saxlanılır. Ilqar Abbasovla Fikrətindən sözlərindən belə anlaşılır ki, Mahir Abdullayevin hər hansı günahı yoxdur. Lakin onu günahkar çıxarmaq çətin iş deyil. “Xüsusi iynələr var, onu vururlar adam, etmədiyi şeyləri də boynuna alır. Özləri nə istəyirlərsə sən də onu deyirsən”, – deyə Fikrət adlı şəxs iddia edir.
Ilqar Abbasovla Fikrət adlı şəxslər Elşad Abdullayevə bildirir ki, Mahir Abdullayev təcili MTN-dən çıxarılmalıdır. Əks təqdirdə “məsələ dərinləşə” və “Mahir Abdullayevi başqa işlərdə işlədə bilər”. Onların sözlərinə görə, MTN-də elə şəxslər var ki, bu sayaq məxfi işlərə cəlb olunub. Hətta həmin adamların ailələri belə onların taleyindən xəbərsizdir.
Söhbət zamanı Elşad Abdullayev Fikrətin qarşısına jurnal qoyur və orada Mahir Abdullayevin şəklini göstərməyi xahiş edir. Fikrət Mahir Abdullayevi tanıyır və sabiq rektoru bir daha əmin edir ki, onun qardaşını MTN-də görüb.
Ilqar Abbasovla Fikrət Elşad Abdullayevə deyirlər ki, bu məsələni pul ilə həll etmək mümkündür. Onlar sabiq rektora milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyi və məsələni onun vasitəsilə həll etməyi məsləhət görür. Elşad Abdullayev isə bildirir ki, bir neçə dəfə Eldar Mahmudovla görüşüb. Lakin nəticəsi olmayıb. Ilqar Abbasovla Fikrət iddia edirlər ki, bunun üçün müəyyən məbləğ verilməlidir. Lakin Elşad Abdullayev Eldar Mahmudovla pul söhbəti edə bilməz. Ona görə də MTN şefinin bu cür işlərini görən Sahib adlı şəxslə görüşmək məqsədəuyğundur. Fikrət iddia edir ki, onun Sahiblə münasibətləri var. Və o, Sahiblə Elşad Abdullayevin görüşünü təşkil edə bilər. Ilqar Abbasovla Fikrət sabiq rektoru inandırmağa çalışırlar ki, Sahib müəyyən məbləğin müqabilində bu məsələni həll edə bilər. Onların sözlərinə görə, Sahib bu məsələni Eldar Mahmudova çatdırar və problem həllini tapar.
Ilqar Abbasovla Fikrət Elşad Abdullayevə onu da bildirirlər ki, Mahir Abdullayev MTN-də Əhmədov Isgəndər Isfəndiyar adı altında saxlanılır. Onlar Mahir Abdullayevə hər hansı təzyiqlər edilmədiyini, vəziyyətinin normal olduğunu bildirirlər. Lakin bununla belə onun qısa müddətdə azad edilməsini məqsədəuyğun sayırlar.
Söhbət Eldar Mahmudovun sağ əli kimi qələmə verilən Sahibin Elşad Abdullayevlə görüşdürülməsi məsələsində qəti qərar qəbul edilməsilə yekunlaşır.