Manatın çapı üçün Avstriya Mərkəzi Bankı ilə gizli sövdələşmə üzə çıxdı
Avstriya prokurorları ölkənin Mərkəzi Bankının sədr müavini Volfqanq Duçazek də daxil olmaqla, 9 nəfərə qarşı korrupsiya, çirkli pulların yuyulması kimi ittiham irəli sürüb. Onlara qarşı ittihamlar əsasən Suriya və Azərbaycan üçün pul çapı ilə bağlıdır. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Vyana prokurorluğunun sözçüsü bildirib ki, eyni zamanda, Mərkəzi Bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Duçazek və digərləri 14 milyon avro və ya ümumi məbləğin 20 faizini ödəyərək, adıçəkilən ölkələrlə müqavilələri satın alıblar.
Onun sözlərinə görə, ittihamlar 18 aylıq istintaq araşdırmaları nəticəsində irəli sürülüb. Bu işin istintaqını aparan hüquq-mühafizə orqanları ötən il noyabrın 11-də əvvəlcə 4 nəfəri həbs edib. Volkan təşkilatın idarə heyətinin rəhbərimiş.
“Bu iş üzrə ittiham olunan şəxslərin təqsiri sübuta yetirilərsə, onları 10 ilə qədər həbs gözləyir”, – deyə prokurorluğun sözçüsü bildirib.
Volfqanq Duçazekin vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır.
Duçazek özü isə deyib ki, ittiham aktını oxumadan heç bir cavab vermək istəmir.
Qeyd edək ki, onun Mərkəzi Bankda səlahiyyət müddəti gələn ay başa çatır.
Mərkəzi Bankın Idarə Heyəti bu məsələnin müzakirəsilə əlaqədar iyunun 18-də fövqəladə iclas keçirəcək.
1816-cı ildən bəri əskinasların çapı ilə məşğul olan Avstriya Mərkəzi Bankının pul çapı bölməsi Afrika, Asiya və Latın Amerikası ölkələri üçün də əskinaslar buraxır. Bundan başqa, təsisat banknotların çapı və saxta pulların aşkarlanması üçün texnologiyalar da satır.
Aytən Məmmədova