Ağqoyunlu hökmdarı Sultan Yaqub

Bayandurlar tayfasının varisi

Ağqoyunlu dövlətinin tarixində önəmli rolu olan şəxslərdən biri də bu dövlətin banisi, mənşəcə Oğuz türklərindən olan  sərkərdə və dövlət xadimi Uzun Həsənin oğlu Sultan Yaqubdur.  Məlum olduğu kimi, Ağqoyunlu dövlətinin əsası Uzun Həsən  tərəfindən 1468-ci ildə qoyulmuşdur. Bayandur tayfasından olan Uzun Həsənin 7 oğlu olmuşdur ki, Sultan Yaqub hakimiyyət varisləri arasında ən çox hakimiyyət sürümüş şəxsdir.  

Ümumiyyətlə, Bayandurlar tayfasının adı həm ümümtürk abidələrində, M. Kaşğari, Rəşidəddin, Yazıçıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan “Kitadi-Dədə Qorqud” dastanlarında çəkilir. Məşhur türkoloq M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərində oğuzların 22 boyu göstərilir. Bayandur tayfasının adı da burada xüsusi çəkilir.

Azərbaycan xalqının qədim tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud” da Bayandur xan xanlar xanıdır, “Oğuz eli” dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandırın adı antroponim, gah da etnonim kimi qeyd olunur. 

Bayandur haqqında xalq rəvayətinə görə, Ibili adlı bir qaçaq var imiş. Bu qaçaq dağlarda yaşayır, padşahın adamlarına divan tuturmuş. Padşah nə qədər qoşun göndərmişsə, onu nə tuta, nə də öldürə bilirlərmiş. Axırda şah Ibiliyə sifariş eyləyir ki, haranı istəyirsən, bəyən dur, oranı sənə verim. Ibili padşahın təklifinə razı olur. Çox yer gəzir, axırda Bayandur olan yerə çıxır, bəyənib orada durur. Padşah bu yeri Ibiliyə verir. Ibili burada özünə imarət tikdirib, ölüncə yaşayır. Məşhur türkoloq Faruq Sümər “Oğuzlar” kitabında Bayandurlarla bağlı geniş tədqiqat aparıb. Rəşidəddinin “Oğuznamə”də yazdığına görə, Oğuz xanın nəvəsi Dib Yavku xanın bəylərindən Tülü xoca və Ala Atlı Kiş donlu Kayı Inal Yabqunu naibi Döngür oğlu Ərki Bayandır boyundan idilər. Ərki, kül ərki xan ünvanı ilə Kayı Inal Yabqunun oğlu Tuman böyüyənə qədər hökmdarlıq etmiş, sonra oğuz taxtını Tumana vermişdir. Tuman isə 100 gün yabquluq etdikdən sonra öz arzusunu ilə taxtı Kül ərkinin qızından olan oğluna vermişdir. O isə Tikən Bilə Ər Biçəkən Kayı Yabqu ləqəb və ünvanını ilə hökmdarlıq etmişdir. Rəşidəddinin “Oğuznamə” də yazdığı bu sözlər üç-oxların əsil boyu olan bayandırların əski oğuzların tarixində mühüm rol oynadıqların göstərir.

Ziyalı hökmdar, ədəbiyyat və incəsənət himayəçisi Bayandurlar tayfasından olan Sultan Yaqub 1478-1490-cı illərdə Ağqoyunlu dövlətinin hökmdarı olub. Uzun Həsənin varislərindən yalnız Sultan Yaqubun hakimiyyəti nisbətən uzun sürmüşdür. O, ziyalı hökmdar idi, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlıq edirdi. 

Məhəmmədəli Tərbiyətin “Danişməndani Azərbaycan” adlı kitabında Sultan Yaqub bəy haqqında yazılır: “O, qardaşı tərəfindən Diyarbəkir hakimi təyin edilmiş və qardaşı şah olduqdan sonra Azərbaycana gəlib, onun əleyhinə çıxmışdır. Hicri-qəməri 883-cü il rəbiül-əvvəl ayının 14-də çərşənbə günü (1487, 15 iyun, bazar ertəsi) Sultan Yaqub Xoy şəhəri kənarında qardaşını öldürüb, özü şah olmuşdur. Sultan Yaqub Iranın bir çox şəhərlərini əlinə almış və hicri-qəməri 896-cı (1490) ildə vəfat etmişdir”.

1480-ci ildə 40 min nəfərlik Məmlük ordusu Ağqoyunlu dövlətinə hücuma keçərək Urfanı (Ruhanı) almağa cəhd etdi. Sultan Yaqubun lələsi Süleyman bəy Bicənoğlunun və Bayandur bəyin başçılığı altında Ağqoyunlu qoşunu düşməni darmadağın etdi, Məmlük sərkərdəsi Yaşbəy öldürüldü, digər Məmlük sərkərdələri isə əsir alındı.

Sultan Yaqub Şirvanşahlar ilə dostluq əlaqələri saxlamış və Şirvanşah Fərrux Yəsarın qızı ilə evlənmişdir. Atasından fərqli olaraq Ərdəbil şeyxləri ilə xoş münasibət saxlamırdı. 1488-ci ildə Ərdəbil şeyxi Heydər Şirvanşahlar dövlətinə hücum edəndə, Fərrux Yassar kürəkəni Sultan Yaqubdan kömək istəmişdir. Məhz Ağqoyunluların köməyi sayəsində Şeyx Heydər 1488-ci il iyunun 30-da Tabasaranda məğlub edilərək həlak olmuşdu.

Sultan Yaqubun dövründə onun vəziri Qazi Isa yeni torpaq-maliyyə islahatını həyata keçirmək üçün plan hazırlamış və 1498-ci ildə bu islahatlar həyata keçirilməyə başlanılmışdır. O, hakimiyyətinin ilk illərində vergiləri 70 min tümən məbləğində azaltmışdır. Sultan Yaqubun son məqsədi tamğanı ləğv etmək idi. Lakin onun ölümü islahatların həyata keçirilməsinə imkan vermədi.  

Sultan Yaqub 24 dekabr 1490-cı ildə müəmmalı şəkildə qəflətən vəfat etmişdir.

Sultan Yaqub zamanında şairlərin tale ulduzu parlamış, şeir və şairlik geniş yayılmışdır. 

“Ölkənin Keyxosrovu Sultan Yaqub…” 

Aşağıdakı şeir Sultan Yaqubun tarixi haqqında deyilmişdir:

Onda ki, səfər ayı təzəcə göründü,

Eyşu-işrət günəşi torlanaraq söndü.

Ölkənin Keyxosrovu Sultan Yaqub idi,

Onun vəfat tarixi də Keyxosrov oldu.

Səfiyəddin Qazi Isa və Şeyx Nəcməddin Yəqubi Sultan Yaqubun vəzirləri və nədimləri olmuş, Idris ibn Hüsammədin Bədlisi Əbdülhəy Astarabadi isə Sultan Yaqubun sarayında xəttat, hökm və fərmanları yazan münşilər olmuşlar. Baba Fəlani, Baba Nəsibi, Dərviş Dəhəki, Möhyi Lari, Mütin Həsibi Ənsari Qumi, Heyrani Qumi, Şəhidi Qumi və Hümayun Isfəraini onun sarayının şeir ustalarından olmuşlar.

Binai Qətili, Əhli Şirazi və Şövqi onun adına “Bəhram və Bəhruz”, “Vamiq və Əzra”, “Şam və pərvanə” mənzumələrini və Əli ibn Əbu Talibin divanın farsca tərcüməsini nəzmə çəkmiş, eləcə də Fəzullah ibn Ruzbehan “Tarixi-aləmarayi-Bayanduri” əsərinin və “Bədi əz-zəmən fi Qissə həyy ibn Yəqzan” risaləsini onun adına təlif etmiş, talış alimlərindən olan Məhəmməd ibn Musa “Şəhri-hikəmtul-eyn” əsərini yazıb, ona təqdim etmişdir.

Sultan Yaqubla Sultan Bayqara arasında bir sıra müşairələr və yazışmalar olmuşdur. Aşağıdakı rübai də onlardan biridir:

Bu dünya ki, adamını mən kəm görmüşəm,

Hər şənliyində onu min-min qəm görmüşəm.

Bir düşərgəyə oxşayır ki, hər tərəfdən,

Aparır yoxluğa, sonu əqdəm görmüşəm.

Kişvəri şeirlərinin birində Sultan Yaqub bəy dövrünü arzulayırdı:

Talei-bərgəştə bir dəxi qılaydı sərvəri,

Kim cila tapsaydı ol ayineyi-Iskəndəri,

Şölə çəksəydi-çiraği-tudeyi-Bayəndəri,

Vəh, nə ləzzət tapğay ol səat qələndər Kişvəri,

Kim, görünə rəiyyəti Yəqub xani bir dəxi.

Sultan Yaqub bəy Şirvanşah Fərrux Yassarın qızı Gövhər Sultan xanım və başqaları ilə ailə qurmuşdur. Onun  Baysunqur Mirzə, Murad Mirzə, Həsən Mirzə adlı oğulları vardı.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir