YAP-çılar özləri kimi olanda, mahiyyətlərinə qayıdanda, səmimi cümlələr quranda, etiraflar edəndə çox şirin olurlar, adam onları lap bağrına basıb saçlarını oxşamaq istəyir. Götürək elə Hacıbala Abutalıbovu. Keçənlərdə demişdi ki, “mən jurnalist görəndə elə bil qəbirdə ölü görürəm”.
Şəxsən mənə bu sözlər çox ləzzət elədi, amma bəziləri buna görə az qaldılar Hacıbala müəllimi linç etsinlər. Axı o pis nə demişdi? Saxtakarlıq eləməmişdi, riyakarlıq eləməmişdi. Bu rejimin bir məmuru jurnalist haqqında nə düşünürsə, onu dilinə gətirmişdi.
Hacıbala müəllimi o vaxt topa tutmaq olardı ki, başqa yaptokratlar kimi o da çıxıb, jurnalistikanın müqəddəs peşə olduğundan, jurnalistlərə hörmət və ehtiram göstərilməsindən danışaydı. Axı belə yalan, riyakarlıq kimə lazımdır?
Eyni sözləri Novruz Məmmədovun srağagünkü sözləri haqqında demək olar. Bilirsiniz ki, bu cənab Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir, nə vaxt ağzını açıb danışsa, adam diplomatiyaya nifrət edir, amma mən bu adamın srağagünkü sözlərini oxuyunca ona olan bütün qəzəbimi, qıcığımı, acığımı unutdum, o anda Novruz Məmmədov qarşıma çıxsa, hətta qarşısında baş əyə bilərdim.
Novruz müəllim Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsinə dair beynəlxalq qurumların tənqidinə münasibət bildirərkən deyib: “Biz kimlərinsə təkrar-təkrar ”beynəlxalq imic” məsələsindən bəhanə kimi istifadə edib, Azərbaycanı özlərindən asılı vəziyyətə salmağa çalışmasına razı ola və bu yöndə istənilən cəhdləri də artıq heç cür qəbul edə bilmərik. Biz artıq o iddialarla da razı deyilik ki, ay nə bilim, beynəlxalq imic belə olacaq, filan olacaq və sair”.
Bax həmişə belə danışın, bizim də sizdən xoşumuz gəlsin. Bütün umu-küsümüz bitsin, adınız gələndə qəlbimizdə ehtiram toxumları cücərsin. Yoxsa, “biz Azərbaycanı bütün dünyada hüquqi-demokratik ölkə kimi tanıtmaq istəyirik” kimi bəzəkli, populist cümlələr qurursunuz, camaatın da sizə olan nifrəti, ikrahı birə-beş artır.
Görün nə qədər səmimi, dürüstcə, mahiyyətlərinə, xislətlərinə uyğun sözlərdir: “…ay nə bilim, beynəlxalq imic belə olacaq, filan olacaq?”.
Bu sözlərin açması çox sadədir. Yəni “vecimizə deyil ki, Azərbaycan dünyada respublikanı monarxiyaya dəyişən…
Krallıqlar dövrünə qayıdan…
Milli iradənin üstünlüyündən yoxsul…
Demokratik dəyərlərə tamamilə sırt çevirmiş ölkə kimi tanınacaq, onun adı dünyanın ən çağdışı, geridə qalmış, qeyri-mədəni, dünyəviliklə yaxından-uzaqdan əlaqəsi olmayan ölkələrin adları ilə bir az da qaynayıb-qarışacaq. Əsas odur ki, hakimiyyətimizə zaval gəlməsin, taxtımız laxlamasın, xanimanımız yıxılmasın”.
Mən bu səmimiyyətinə görə Novruz Məmmədovu alqışlayıram. Sağ olsun, var olsun, gül olsun, bülbül olsun, qəfəsdə olmasın.
Digər yaptokratları da Novruz müəllimdən örnək götürməyə çağırıram. Göründükləri kimi ola bilmirlər, heç olmasa olduqları kimi görünsünlər. Ürəklərində bir şey düşünüb, dillərinə tamam başqa şey gətirməsinlər.
Ispaniyada-mispaniyada hansısa futbol klubuna bir ətək pul verib guya ölkəni reklam etdirmək, tanıtdırmaq istəyinin (əslində isə burda da məqsəd başqadır: özlərinin çoxlu pullarını nümayiş etdirirlər, dünyaya mesaj verirlər ki, hamını pulla basdırarıq, yetər ki, arxamızda durun, ayağımızın altını qazmayın) adamlarda yaratdığı ikrahdansa elə bu cür danışmaq lazımdır: “…ay nə bilim, beynəlxalq imic belə olacaq, filan olacaq…”.
Əmin olun, siz belə səmimi danışanda, bəzəkli-düzəkli cümlələrin arxasında gizlənməyəndə, olduğunuz kimi görünəndə nə qədər sevimli olursunuz, təsəvvür edə bilməzsiniz!
Belə də davam edin. Bir də görəcəksiniz sizə olan qəzəbdən, nifrətdən əsər-əlamət qalmayıb. Inanın mənə!