YAP-da ziddiyyətlər səngimir

Kərim Kərimov Əli Əlirzayevlə Maksim Musayevin iddialarına cavab verdi

“Mən ideya, əqidə adamıyam. Bu gün də partiyanın o qərarı ilə barışmıram, ədalətsiz sayıram”. Bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində “91-lər”dən olan, sabiq YAP-çı Ariz Abduləliyev partiya sıralarından xaric edilməsi ilə bağlı deyib. O, əlavə edib ki, partiyadan çıxarılması ilə bağlı qərar ondan xəbərsiz qəbul edilib: “Mən bunu YAP-ın əsas ideya xəttinə, demokratik mühitə yaraşmayan bir addım sayıram. Burada partiya nizamnaməsi, partiyadakı fərqli fikirlilik mühiti pozulub”. 
Sabiq YAP-çı hakim partiyanın qurultayına çağırılmamasına da toxunub. “Bu qurultaya dəvət olunmamağım bir tərəfdən məni duyğulandırır, digər tərəfdən də fikirləşirəm ki, həyat, proseslər o qədər sürətlə keçir, hər şey gördüyün işləri yaddan çıxarır. Fikirləşirsən ki, əgər dəyərli işlə məşğulsansa, YAP-ın qurultayında iştirak etməmək faciə deyil”. “YAP-ın yaranmasında Əli Əlirzayevin və digər qurultaya çağırılmayan insanların əməyi çox böyükdür. Bunu inkar etmirəm, heç kəs də dana bilməz. Ancaq onların qurultaya niyə çağırılmadığı və Şuradan niyə uzaqlaşdırılmaları ilə bağlı heç bir cavab verə bilmərəm”. Bu sözləri isə “Şərq” qəzetinə YAP-ın qurucularından olan Xeyrəddin Qoca partiyadaşı Əli Əlirzayevin qurultaya dəvət edilməməsi və Siyasi Şuradan çıxarılmasına münasibət bildirərkən deyib.
YAP-ın Idarə Heyətinin üzvü Kərim Kərimov isə “Olaylar”a açıqlamasında Əli Əlirzayevin xidmətlərinin olduğunu danmasa da, bildirib ki, onun prinsipləri ilə partiyanın prinsipləri uzlaşmır.
Kərim Kərimov başqa bir qocaman YAP-çı Maksim Musayevə də cavab verib. O iddia edib ki, Maksim Musayevin partiya quruculuğunda fəaliyyətini görməyib.