Vəfa Quluzadə: «Türkiyənin güclü inkişafı, supergücə çevrilməsi bəzi dövlətləri narahat edir»
“Türkiyə hakimiyyəti ölkədəki gərgin prosesləri stabilləşdirmək üçün artıq çox düzgün addımlar atıb. Ərdoğan Taksim iğtişaşları ilə bağlı xalqa, nümayişçilərə müraciətlər edib. Xalqın hər hansı bir qrupunun hakimiyyətin daxili və xarici siyasət xəttinə görə narazı olması qanunauyğundur.
Məsələn, Rusiyada yüz minlərlə insan ”Bolotnıy” meydanına Kremlin qərarlarına etiraz etmək üçün nümayişə çıxdı. Vaxitlə Fransada hökumət əleyhinə mitinqlər keçirildi, avtomobillər yandırıldı, hər şey yandırıldı. Sarkozi çox sərt tədbirlər həyata keçirdi və vəziyyəti qaydasına saldı”. Politoloq Vəfa Quluzadə Türkiyədə hakimiyyət əleyhinə nümayişlərə münasibət bildirərkən belə deyib. Vəfa Quluzadə hesab edir ki, Türkiyədə baş verən hadisələrin arxasında Ərdoğan hökumətini yıxmaq istəyən qüvvələr dayanır:”Baxın, nümayişçilər hakimiyyətin oturduğu binalara “Molotov kokteyli” atırlar. “Molotov kokteyli” benzin və digər yanacaq vasitələrilə doldurulmuş şüşələrdir. Ikinci Dünya Müharibəsində bu cür partladıcı vasitələr bir tankı məhv etmək üçün bəs edirdi. Indi həmin vasitələri polisə atmaq, polisi təhrik etməkdir ki, polislər insanlara atəş açsınlar. Bundan sonra Ərdoğanı ittiham etsinlər ki, o, “qanlı diktator”dur. Məsələn, Qəddafi bu məsələyə nümunə ola bilər. Amma Ərdoğan həmin qüvvələrin niyyətlərini yaxşı başa düşdüyündən öz xalqına qarşı bu cür radikal qərarlara getmir. Polis də lazım olan qədər güc işlədir və ondan artıq aqressiv tədbirlər görmür. Hesab edirəm ki, artıq Türkiyədə vəziyyət normallaşmağa doğru gedir. Görünür, Ərdoğan düzgün deyib ki, Türkiyənin güclü inkişafı, supergücə, dövlətə çevrilməsi, dünyada onun siyasi, iqtisadi, mədəni çəkisinin artması bəzi dövlətləri narahat edir. Bütün Şərqdə (Asiya), Afrikada və MDB-də Türkiyənin işadamlarının gərgin şəkildə çalışmaları həmin qüvvələrin strateji maraqlarını əks etdirmir. Türkiyənin böyük gücə çevrilməsi sözün həqiqi mənasında onların tutduğu siyasi xəttə uyğun deyil. Ona görə də Türkiyədə hakimiyyət əleyhinə təşkil edilən mitinqlərin başlanmasına çoxlu sayda səbəblər ola bilər. Məsələn, Baş nazir R.T.Ərdoğan bir müddət əvvəl ABŞ-a səfər etdi və həmin səfərdən sonra Türkiyədə bu hadisələr cərəyan etməyə başladı. Görünür, Ərdoğan Iran məsələsində Amerika rəsmilərinə izah etdi ki, Iran müsəlman dövlətidir, ona görə də Türkiyə Iran əleyhinə olan heç bir planda iştirak etməyəcək. Rəsmi Ankaranın Vaşinqtonda nümayiş etdirdiyi bu mövqe ABŞ-ın xoşuna gəlməyən cavabdır. Yəni ki, Istanbulda cərəyan edən hadisələr boşuna olan hadisələr deyil, xalqı Ərdoğan hökumətinə qarşı təhrik edən qüvvələr var”.


