Tam məxfi: “Əksəriyyət YAP-ı dəstəkləyir”

Seymur Həzinin “Azadlıq”ın dünənki sayında çap olunan “Hakimiyyətin ”məxfilər qrupu” iş başında” adlı yazısında hakimiyyətyönlü qəzetlərdən birində gedən yazıyla bağlı deyilir:

“Yazıda maraqlı bir iddia var. Yazılıb ki, ABŞ səfiri bölgələri gəzəndən sonra, Vaşinqtona ”əksəriyyət YAP-ı dəstəkləyir” şərti adlı dosye də göndərib”.

Və Seymur bəy haqlı bir sual qoyub: “ABŞ səfiri teleqramlarını kimə göstərir?”. Sözün açığı, onun sualı bu qədər yumşaq qoyması məni az da olsa təəccübləndirdi. Əlbəttə, hər kəs bilir ki, hər hansı səfir oturduğu ölkənin xidmət orqanlarına və ya eləcə hakimiyyət rəhbərlərinə çalışmırsa, o zaman öz dövlətinə yolladığı teleqramların bir hərfini də kimsəyə göstərməz.

Deməli, ABŞ səfiri də, bölgələri gəzəndən sonra və ya hər hansı son dərəcə mənasız teleqramını belə, nə Azərbaycan məxfi xidmət orqanlarına, nə hakimiyyət eşalonunda qərar tutanlara, nə də iqtidaryönlü mətbuatın baş redaktorlarına göstərib. Onda belə çıxır ki, ABŞ səfirinin ölkəsinə göndərdiyi teleqramlar ya məxfi şəkildə ələ keçirilir, ya da Yuli Assanc kimi bir azərbaycanlı oğul oturub kompüterin başında və adamların bütün məxfi e-məktublarını ələ keçirir. Nə isə, hər bir halda bu bizim sorunumuz deyil. Bizimçün maraqlı olan budur: ABŞ səfiri belə teleqram yollayıb-yollamayıb, özü bilər, ancaq gerçəkdənmi əksəriyyət YAP-ı dəstəkləyir?

Əvvəla, bu “məxfi” dosyenin hansı səbəbdən mətbuata bu qədər sevinc və fərəh hissilə ötürülməsinin səbəbini anlamaq lazımdı. Əgər gerçəkdən də əksəriyyət YAP-ı dəstəkləyirdisə, onda niyə bu “məxfi” teleqram belə matah sənəd kimi təqdim olunur? Demək ki, onların bundan xəbəri yoxmuş. Daha doğrusu, xəbərləri varmış, ancaq xəbərin məzmunu ürəkaçan deyilmiş. Yəni əksəriyyət nəinki iqtidar partiyasını dəstəkləyir, əksinə, imkanları olsa onun qanını içər, “uf” deməzlər. Mövcud olub-olmaması bir Allaha bəlli olan bu teleqramın mətni hətta uydurulmuş olsa belə (ki, əslində elə belədir də), adamların öz-özlərinə ürək-dirək verməsi kimi bir şeydir. Əvvəlcə yalanı uydurursan, sonra dövrəyə soxursan, sonra onu mətbuatdan ilk dəfə görürmüş kimi oxuyursan və buna qədərki prosesi unudub başlayırsan inanmağa ki, ay dad, sən demə, bizim məlumatlar o qədər də dəqiq deyilmiş, əslində xalqın əksəriyyəti partiyamızı, iqtidarımızı dəstəkləyirmiş. Sonra hətta ABŞ-ın özünə də dirsək göstərməyə başlayırsan ki, yox e, qardaş, dünya mənim eynimə deyil, xalqımın əksəriyyəti məni dəstəkləyir. Bəlkə, elə bu prosesin nəticəsidi ki, PA rəsmisi Novruz Məmmədov belə deyib: “Biz artıq o iddialarla da razı deyilik ki, ay nə bilim, beynəlxalq imic belə olacaq, filan olacaq və sair…”

Ancaq rəsminin sözünü tam oxuyanda görürsən ki, yoox, öz yalanlarına nə qədər inansalar da, yenə içlərində şübhə qırıntısı qalıb. Məmmədov deyir: 

“Ilham Əliyevin prezidentliyə üçüncü dəfə namizədliyinin irəli sürülməsinə bütün böyük dövlətlər başda olmaqla, bu məsələyə özlərinin tam razılıqlarını veriblər”. Demək, əksəriyyət deyilən seçicilər elə imic kimi boş şeymiş. Daha doğrusu, əksəriyyət haqda tam məxfi teleqram. 

Maraqlıdı. Olmayan əksəriyyəti bir yana qoyaq. AXCP sədri Qərb dəyərləri və demokratiyadan danışır, deyirlər, Qərbə işləyir, Rüstəm Ibrahimbəyov Moskvada yaşadığından Rusiyanın adamı, Milli Şura isə Kremlin layihəsi olur. Indi “bütün böyük dövlətlər”lə razılaşanlar kimdi, kimin nəyidi? Bu sualın cavabını əksəriyyətin düşünməsi heç də pis olmazdı.