Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov arasında görüş

Rüstəm İbrahimbəyovun isə Rəsul Quliyevlə görüşdüyü bildirilir

AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər və “EL” hərəkatının sədri Eldar Namazov arasında görüş olub. Dünən baş tutan görüşdə Demokratik Qüvvələrin Milli Şurasının ilk sessiyası ilə bağlı müəyyən məsələlər müzakirə edilib. Bu barədə Eldar Namazov mediaforum.az saytına müsahibəsində bildirib.
“Məşvərət Məclisinə daxil olan partiyalarla da görüş olacaq. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə də məsləhətləşmələr aparırıq. Bütün bunların nəticəsində birinci sessiya üçün müəyyən layihələr hazırlanacaq. Amma son qərarı sessiyanın özü verəcək. Sessiyada Milli Şura üzvləri müzakirələr və səsvermə yolu ilə gündəlikdə olan məsələlərlə bağlı qərarlar qəbul edəcəklər”, – deyə o əlavə edib.
Eldar Namazaov daha sonra bildirib ki, növbəti həftənin ortalarında Milli Şuranın ilk sessiyası keçiriləcək:”Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun Bakıya qayıtması təqribən iyunun 25-nə təsadüf edəcək. Əsasnamədə göstərilib ki, Milli Şuranın sessiyaları ən geci iki həftədən bir keçirilməlidir. Biz gələn həftənin ortalarında Milli Şuranın ilk sessiyasını keçirəcəyik. Hazırda sessiyanın konkret günü və yeri müəyyənləşdirilir. Ancaq əminəm ki, iyunun axırında keçirilən ikinci sessiyada Rüstəm Ibrahimbəyov Bakıda olacaq və toplantı onun sədrliyi ilə baş tutacaq”.
Bu arada modern.az məlumat yayıb ki, Rüstəm Ibrahimbəyov Amerikaya səfəri çərçivəsində eks-spiker Rəsul Quliyevlə görüşüb. Görüşdə yenicə təsis edilən Milli Şura üzvləri arasında hələ də razılaşdırılmayan məsələlərdən tutmuş, prezident seçkiləri və Rüstəm Ibrahimbəyovun namizədliyinə kimi mühüm məsələlərin müzakirə olunduğu bildirilir.
Xəbəri dəqiqləşdirmək üçün Eldar Namazovla əlaqə saxladıq. Lakin o bu barədə məlumatlı olmadığını və Rüstəm Ibrahimbəyovun Amerika səfəri başa çatandan sonra dramaturqun özünün görüşləri barədə məlumat verəcəyini bildirdi.
Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər də bu görüş barədə onda məlumat olmadığını dedi. “Məlum olan odur ki, Rüstəm Ibrahimbəyov Amerikaya səfər edib. Rəsul bəy də orada yaşayır. Mümkündür ki, görüşsünlər. Amma Rəsul bəy görüşləri barədə özü açıqlama verir”, – deyə ACP sədri əlavə etdi.