Əliyev dünyanı Lukaşenko ilə hədələyir

Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyətinin gələcəkdə Belarusun taleyi ilə üzləşəcəyi gözləniləndir»

Seçki ərəfəsində hakimiyyətin davranışları bir tərəfdən beynəlxalq aləmin mövqeyini yumşaltmağa yönəldilsə də, digər tərəfdən Avropa qurumları, xüsusilə Avropa Birliyi ilə münasibətlərin korlanmasına səbəb olur. Hakimiyyət müxtəlif tədbirlər təşkil edərək bununla Azərbaycanın nüfuzunu artırmağa çalışdığını bəyan edir. Digər tərəfdən, nüfuzlu beynəlxalq təşkilatlar hədəfə alınır. Bu da rəsmi Bakının çaşqınlıq içində olduğunu göstərir.
Bu günlərdə Azərbaycanla Belarus arasında diplomatik münasibətlər qurulmasının 20 illiyi münasibətilə Bakıda keçirilən forumda səslənən fikirlər də daha çox rəsmi Bakının demokratik dünyadan uzaqlaşmaq niyyətində olduğunu göstərdi. Iqtidar mənsubları Avropanın sanksiyalarına məruz qalan Belarusla əməkdaşlıqdan danışıb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və Belarusun təkcə MDB çərçivəsində deyil, bir sıra digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyini bildirib. Milli Məclisin Hüquq Siyasət və Dövlət Quruculuğu Komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Əli Hüseynli isə Belarusun bir sıra Avropa institutlarından təcrid olunmasından təəssüfünü dilə gətirib. Onun sözlərinə görə, təcrid siyasəti effekt vermir və Belarus bundan zərər çəkmir.
Tədbirlə yanaşı seçki ərəfəsində Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfər edəcəyi də məlum olub.
Bu da beynəlxalq aləmin demokratiya tələblərinə məhəl qoymayan Azərbaycan hakimiyyətinin Avropaya mesajı kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Belarusa 300 milyon dollar kredit ayırıb. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı insan haqlarının pozulmasına görə Avropa tərəfindən sanksiyalara məruz qalan Belarusu dəstəkləyən Azərbaycan hakimiyyətinin avtoritar rejimlərə isti münasibət bəslədiyini vurğuladı. Iqtidarın bu rejimləri özünə yaxın hesab etməsi sirr deyil. Bu baxımdan Belarusa Avropanın sanksiyalarının effekt vermədiyini deməklə rəsmi Bakı bir növ diplomatik həmrəylik nümayiş etdirir. Çünki Azərbaycanda da oxşar hakimiyyət mövcuddur. Azərbaycan hakimiyyəti Belarus rəhbərliyi kimi demokratik azadlıqları təkcə inzibati üsullarla məhdudlaşdırmır, həm də açıq təzyiq yolu ilə ölkədə repressiv mühit yaradır.
F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycan hakimiyyətinin gələcəkdə Belarusun taleyi ilə üzləşəcəyi gözləniləndir. Belarusa olan bu münasibətlə hakimiyyət özünə təskinlik verir və Avropanın mövqeyini paylaşmadığını göstərir.

Fizzə