Əli Kərimli Mİlli Şuraya qarşı ittihamlara cavab verdi
AXCP sədri Əli Kərimli hakimiyyətin Milli Şuraya qarşı apardığı təbliğatı ifşa edən açıqalama yayıb. Ə.Kərimli Facebook səhifəsində yazıb:
“Milli Şuranın yaranması yeni situasiya yaradıb. Hakimiyyət çox pərtdir. Uzun illər ərzində təbliğat aparırdılar ki, müxalifət birləşə bilməz. Sözləri yalan çıxdı, müxalifət birləşdi. Deyirdilər ki, müxalifət liderləri çox iddialıdırlar, öz ambisiyalarından vaz keçməzlər, heç kimə güzəştə getməzlər, yalnız öz şəxsi mənafelərini düşünürlər. Yalan çıxdı. Müxalifətçilər Milli Şurada birləşməklə sübut etdilər ki, ümumi maraqlar naminə güzəştlərə, keçmişdə olmuşları unutmağa hazırdırlar.
İddia edirdilər ki, müxalifət qüvvələri çox müxtəlifdir, ideologiyaları, önəm verdikləri dəyərlər, geopolitik simpatiyaları çox fərqlidir, heç vaxt birinin sözü başqasının boğazından keçməz. Deyirdilər ki, müxalifətin hakimiyyətə gəlməsi ölkədə xaos, qarşıdurma yaradar. Yalan çıxdı. Müxalifətçilər birləşərək, məhz keçid dövründə ölkədə sabitliyə birlikdə təminat verəcəklərini bəyan etdilər.
Hakimiyyət indi onlara tanış olmayan, gözləmədikləri vəziyyətlə qarşılaşıb. Uzun illərin əks-təbliğatı ilə (ən azı cəmiyyətin müəyyən kəsimində) müxalifət haqda yaratdıqları stereotiplər, yanlış təsəvvürlər qısa müddətdə alt-üst oldu. Yeni əks-təbliğat tezislərinə ehtiyacları var. Tələsdiklərindən Milli Şuraya qarşı daha məntiqsiz, daha absurd iddialar irəli sürürlər.
Başlarını elə itiriblər ki, Milli Şuranın regionçuluqdan uzaq olmasının, Milli Şura təsisçilərinin Azərbaycanın bütün coğrafiyasını əhatə etməsinin qüsur yox, üstünlük olduğunu anlamırlar. Onu da başa düşmürlər ki, Milli Şurada fərqli dünyagörüşlü şəxslərin, siyasi qüvvələrin birləşməsi də bu qurumun zəif deyil, güclü tərəfidir”.