YAP-dan Abbas Abbasova hədə

Baş nazirin sabiq müavininin oğlu atası ilə bağlı baş verənlərdən danışdı

Hakimiyyətin baş nazirin sabiq müavini Abbas Abbasova qarşı kampaniyası davam edir. YAP-deputat Siyavuş Novruzovdan sonra hakim partiyanın sədr müavini Əli Əhmədov baş nazirin sabiq müavinini hədələyib. “Abbas Abbasovun Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsi ilə bağlı fikirlər səslənməkdədir.
Əgər bu faktlar həqiqətə uyğundursa, biz buna böyük təəssüf edirik”,- deyə o, APA-ya açıqlamasında Abbas Abbasovun son bəyanatına münasibət bildirərkən vurğulayıb. Baş nazirin sabiq müavininin Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrini icra etdiyini xatırladan Əli Əhmədov qeyd edib ki, Heydər Əliyev ona böyük etimad göstərib: “Ondan sonra Azərbaycan prezidenti Ilham Əliyev də ona böyük etimad göstərib. Əgər bütün bu etimadlardan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan hərəkətlər edəcəksə, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Ona görə də hesab edirəm ki, Abbas Abbasov bundan ciddi nəticələr çıxarmalıdır. Azərbaycan adını daşıyan, azərbaycanlı olan hər kəs hansı ölkədə yaşamasından asılı olmayaraq, milli maraqları qorumalı, buna uyğun hərəkət etməlidir”.
“Mənim atam dövlətçiliyə bağlı, Heydər Əliyevin və onun varisi Ilham Əliyevin kursuna sadiq adamdır. Atam Rusiyada ictimai fəaliyyətlə məşğuldur, onun siyasətə bağlılığı yoxdur. Bir daha deyirəm ki, atam dövlətçiliyə və Ilham Əliyevə sadiqdir və onu ləkələmək cəhdləri arzu olaraq qalacaq”. Bu sözləri isə Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov virtualaz.org saytına müsahibəsində deyib. O, YAP-çıların atasına qarşı səsləndirdikləri fikirlərə də münasibət bildirib. “Müxalifət mətbuatının fərziyyə və uydurmalarına əsaslanıb belə çıxışlar edən həmkarlarımın bəyanatlarını düzgün saymıram. Bəzi adamlar mənim və atamın adından istifadə edib sensasiya yaratmaq istəyirlər”, – deyə Aydın Abbasov vurğulayıb. 
Özünə və ailəsinə təzyiqlərə gəlincə deputat deyib ki, ona qarşı heç bir təyziq yoxdur: “Mən Milli Məclisin üzvüyəm. Insan haqlarına riayət edilən demokratik, azad ölkədə insana hansı təzyiq ola bilər? Mənə birmənalı şəkildə təzyiq yoxdur”.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icracı direktoru Ilqar Hacıyev də Abbas Abbasovu tənqid edib. O, salamnews.aza açıqlamasında deyib: “Indi bir az dəstəyi olanlar həm öz şəxsi mənafeləri, həm də iddiaları üçün azərbaycanlılar adından bəyanat verirlər. Yenə də təkrar edirəm, bu yolverilməzdir. Imkan vermək lazım deyil ki, bu cür çıxışlara kimsə inansın və ya dəstək versin. Bir də, heç bir diaspor təşkilatı başqa bir ölkənin daxili işlərinə qarışa bilməz. Bu ixtiyarı onlara heç kim verməyib”.
Deputat Zahid Oruc isə Abbas Abbasovu müdafiə edib. Deputat “Şərq” qəzetinə açıqlamasında deyib ki, Abbas Abbasovdan müxalifətçi düzəltmək doğru deyil. Zahid Orucun sözlərinə görə, Abbas Abbasov qarşıdakı dönəmdə də Ilham Əliyevə sədaqətini nümayiş etdirəcək: “Onun gələcək prezidentliyi üçün çalışacaq və dövlət rəhbəri kimi yenidən seçilməsi münasibəti ilə Ilham Əliyevi ilk təbrik edənlərdən biri olacaq. Onun hər zaman Rusiya elitası içərisində Azərbaycanın maraqlarının müdafiə edəcəyinə şübhə etmirəm”.