AXCP yetkilisinə qarşı təxribat (VİDEO)

Sahib Kərimlinin avtomobilinin şüşələri sındırılıb, maşının içindəki sənədlər götürülüb

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli təxribatla üzləşib. Onun azadliq.info-ya verdiyi məlumata görə, dünən səhər saatlarında avtomobilinin yan şüşəsinin sındırıldığını görüb. Hadisə Bakıda baş verib.
S.Kərimli avtomobilini Bakının Nizami rayonnda kirayədə yaşadığı evin qarşısında saxlayıbmış: “Gecə saat 12 radələrində avtomobilimi həyətdə saxladım. Səhər həyətə düşüb maşını bu vəziyyətdə gördüm. Avtomobilimin qabaq və yan şüşəsini sındırıblar.
Sandıqçadan sənədləri götürüblər. Orada partiyaya aid və şəxsi sənədlər var. Görünən odur ki, sənədlər aparılıb, surəti çıxarılıb və sonra ümumiləşdirib bir torbanın içərisinə yığılıb yenidən maşına qoyulub. Torbaların üzərində printer mürəkkəbinin ləkələri var idi. Çünki maşında olan gözlük, bahalı monitor və başqa bir neçə əşya götürülməyib. Ümumiyyətlə, sənədlərdən başqa heç nəyə əl vurulmayıb. Hadisə ilə bağlı 25-ci polis bölməsinə müraciət etmişəm. Təhqiqatçılar gəldilər, araşdırma apardılar. Təbii ki, polisin bu məsələni araşdırmayacağını bilirəm. Çünki bu, sırf mənim siyasi fəaliyyətimlə bağlıdır. Bilirsiniz ki, hakimiyyət Milli Şuranın yaradılmasından ciddi narahatçılıq keçirir. Bu, dövlətə, xalqımıza, cəmiyyətimizə utanc gətirən bir hadisədir. Bu şəkildə siyasi mübarizə aparmazlar. Siyasi mübarizəni qanuna, hüquqa söykənərək aparmaq lazımdır. Ən əsası da kişi kimi aparmaq lazımdır. Bu şəkildə cılız hisslərlə yaşamasınlar. Düşünürəm ki, bu cür hadisələrin layiqli cavabını xalq özü verəcək”.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Sahib Kərimli 25-ci polis bölməsinə müraciət edib. Amma maraqlıdır ki, növbətçi ondan baş verənlərlə bağlı ərizə yazmağı xahiş etsə də, Sahib Kərimli ərizə yazmayıb. O, bildirib ki, yalnız media nümayəndələri qarşısında yazılı müraciət edə bilər. Bununla belə növbətçi bu barədə polis rəisinə məlumat verib. Hadisə yerinə təhqiqatçılar göndərilib və əraziyə baxış keçirilib. Və hazırda baş verən olayla bağlı araşdırma aprarılır”. 

Bəyim Həsənli