Novruz Məmmədovdan etiraf

PA rəsmisi bildirir ki, Azərbaycan hakimiyyətini beynəlxalq imic maraqlandırmır

Azərbaycan hakimiyyətinin beynəlxalq aləmə qarşı savaşı davam edir. Bu günlərdə Prezident Administrasiyası (PA) rəhbərinin müavini və beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərlə söhbətində Avropa Ittifaqını topa tutub. PA rəsmisi iddia edib ki, Avropanın bir sıra məmurları və dairələri fürsət axtarırlar ki, Azərbaycanda nəsə nöqsan görsünlər və bununla bağlı mövqe bildirsinlər: “Bu məqamlarda həmin məsələlərin onların fəaliyyət dairəsinə aid olub-olmaması heç bir mahiyyət daşımır…
Indi birdən-birə Avropa Ittifaqının iki yüksək vəzifəli məmuru birgə Azərbaycanla bağlı hansısa mövqe bildirir. Onların biri Avropa Birliyinin Genişlənmə komissarı Ştefan Füle, digəri isə Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştondur. Bu adamların insan hüquqları və demokratiya məsələləri ilə nə yaxınlığı var? Iki-üç gündən bir Azərbaycanla bağlı qərəzli mövqe bildirmək düzgün deyil. Digər tərəfdən isə onlara sual olunur. Guya sizin məşğul olduğunuz sahələrdə hər şey əla gedir?..
Indi Avropada böyük problemlər baş verir və bizdə bunları yaxşı bilirik. Avropa öz problemlərini kənarda qoyub Azərbaycanda gedən bütün prosesləri siyasiləşdirib ölkəmizə bu cür təzyiq göstərmək istəyir…
…Çox təəssüf ki, ABŞ-ın sabiq prezidenti Buşun da bir vaxtlar dediyi kimi, indi Avropa artıq qocalıb. Avropa o qədər qocalıb ki, artıq ölçü hissini də itirir. Təəssüf ki, indi Avropanın gənc nümayəndələri belə bu xəstəlikdən canlarını qurtara bilmirlər”.
Novruz Məmmədov Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsi barədə beynəlxalq strukturların tənqidlərini də cavablandırıb. Onun sözlərindən belə anlaşılıb artıq hakimiyyəti beynəlxalq imic maraqlandırmır:
“Biz kimlərinsə təkrar-təkrar ”beynəlxalq imic” məsələsindən bəhanə kimi istifadə edib, Azərbaycanı özlərindən asılı vəziyyətə salmağa çalışmasına razı ola və bu yöndə istənilən cəhdləri də artıq heç cür qəbul edə bilmərik. Biz artıq o iddialarla da razı deyilik ki, ay nə bilim, beynəlxalq imic belə olacaq, filan olacaq və sair”.

Bəyim