İqtidar qəzetləri Milli Şuranı indi də Qərbi azərbaycanlılarla üz-üzə qoymaq istəyir
Demokratik qüvvələrin Milli Şurası yaranan gündən hakimiyyət mətbuatı bu təşkilatı hədəfə götürüb. Hakimiyyətin nəzarətində olan KIV-lərdə Milli Şura və onun üzvlərinə qarşı absurd ittihamlar səsləndirilməklə yanaşı, bu məntiqsizizliyin “arqumentlərlə” möhkəmləndirilməsinə də çalışırlar. Bir gülünc ittiham R.Ibrahimbəyovun donuz əti yeməsinə görə islamçıların təşkilatda təmsilçiliyinin yolverilməz olması ilə bağlıdır.
Əslində bununla hakimiyyət Milli Şuranın geniş spektrı əhatə etməsindən təlaş keçirdiyini etiraf etmiş olur. Gülünc ittihamlardan biri də yaradılan təşkilatda Qərbi Azərbaycandan deportasiya olunan geniş kəsimin təmsil olunmamasıyla bağlıdır. Əslində Milli Şura yaradılarkən cəmiyyətin bütün spektrını əhatə etməyə çalışıb və təşkilat yaradılandan sonra təsisçilərin buna nail olduğunu söyləmək olar. Amma hakimiyyətin ideologiyası konkret regional əsaslar üzərində qurulduğundan, belə demək mümkünsə, hamını “öz arşını ilə ölçməyə” çalışır.
«Milli Şuranın tərkibinə xeyli sayda Qərbi Azərbaycandan olan siyasətçilər var»
Milli Şura üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, Milli Şura ideyası hələ meydana çıxandan hakimiyyət ona qarşı mübarizə aparır və onu vurmağa çalışır. G.Bayramlının sözlərinə görə, bu baxımdan Milli Şuranın Kremlin təşəbbüsü ilə ərsəyə gəldiyinin də irəli sürülməsi də təsadüfi deyildi: “Bu daha çox hakimiyyətin narahatlığından irəli gəlir. Hakimiyyət mətbuatında hazırda gedən təbliğat Milli Şuranı gözdən salmağa hesablanıb. Inanclı kəsimin təmsilçilərinin Milli Şuraya qatılmasına qarşı absurd fikirlər irəli sürürlər. Azərbaycanın bütün kəsimlərinin təmsilçiləri vətəndaşlarımızdır. Onlar da ölkənin gələcəyini düşünürlər. Hakimiyyət zamınında yerliçilik üzərində qurulduğundan yenidən ideologiyanı gündəmə gətirib. Biz məsələlərə heç zaman bu aspektdən baxmamışıq. Amma hakimiyyətin bu arqumenti də yanlışdır. Ölkənin gələcəyini düşünən insanlardan formalaşan Milli Şuranın tərkibinə xeyli sayda Qərbi Azərbaycandan olan siyasətçilər var. Hakimiyyətin bu arqument idə əsassızdır”.
Hakimiyyətin Milli Şuraya qarşı təbliğat kampaniyasının bir nəticə verməyəcəyinə əmin olan G.Bayramlı vurğuladı ki, Milli Şura Azərbaycanda avtoritarizmə son qoymağı qarşısına məqsəd qoyub. “Hakimiyyəti narahat edən məqam məhz bundan ibarətdir. Iqtidar ömrünü bir qədər də uzadaraq, ölkənin qalan sərvətlərini talan etmək niyyəti güdür. Amma bu alınmayacaq”,- deyə G.Bayramlı vurğuladı.
«Qərbi azərbaycanlılar Milli Şurada təmsil olunublar, amma vətəndaşı əqidəsinə, doğulduğu yerə görə bölmək yanlışdır»
Milli Şuranın üzvü, “Ağrıdağ” cəmiyyətlərinin sədri Nurəddin Mustafayev hakimiyyətin təmsil olunduğu təşkilata qarşı bu cür mövqe sərgiləməsinin təsadüfi olmadığını dilə gətirdi. Hakimiyyətin Milli Şurada Qərbi azərbaycanlıları təmsil edən kəsimin təmsil olunmadığı ilə bağlı ittihama gəlincə isə, N.Mustafayev vurğuladı ki, millətin birliyi uğrunda mübarizə aparmaq lazımdır: “Biz nə zamansa kimin harda doğulmasından asılı olaraq həmin şəxsə münasibətə son qoymalıyıq. Biz milləti birləşdirməyə çalışmalıyıq. Yerlibazlıq, qohumbazlıq unudulmalıdır. Digər tərəfdən, Qərbi azərbaycanlılar Milli Şurada təmsil olunublar. Amma Azərbaycan vətəndaşını əqidəsinə, doğulduğu yerə görə bölmək yanlışdır. Islamçılar da Azərbaycan vətəndaşlarıdır. Milli Şuranın bəyannaməsində açıq yazılıb ki, bu təşkilat mövcud Konstitusiyaya uyğun hərəkət edəcək. Yəni bu təşkilatın fəaliyyətində qeyri-qanuni addımlar olmayacaq. Islamçılar da ölkədə normal cəmiyyətin qurulmağında maraqlı olduqlarını bəyan etdiklərindən, mübarizəyə qoşulublar. Bu da çox normaldır”.
Xəyal



