Biz qarşıdakı günlərdə, aylarda belə şouları hələ çox görəcəyik. Rüstəm Ibrahimbəyovun rus telekanallarından birində, tanınmış rus aktyorlarından biri haqqında xatirələrini danışarkən dediklərinin başına ip salıb, onu gözdən salmağa hesablanan şounu nəzərdə tuturam. Nə var, nə var, Ibrahimbəyovun danışdığı, hansısa film çəkilişi zamanı baş verən əhvalatda onun donuz ətindən istifadə etdiyi məlum olub.
Indi rejim mirzələri qələmə sarılıblar, bir-birlərinin ağzına tüpürübmüş kimi eyni sualları verirlər: “Heç müsəlman da donuz əti yeyərmi?”.
Bir neçə gün əvvəl yazmışdım: bunların bizə, qarşı tərəfə deyəcək sözləri yoxdur. Nə desinlər axı? “Korrupsioner” deyə bilmirlər. “Rüşvətxor” deyə bilmirlər. “Xalqın səsini saxtalaşdıran” deyə bilmirlər. Ona görə də əlacları qalır məsələn, “erməni dəyirmanına su tökmək” kimi içiboş, mücərrəd, təyinatsız ittihamlara.
“Donuz əti yemək” də bu silsilədəndir.
Guya donuz əti yemək neftin pullarını basıb-yeməkdən də pisdir?
***
Əvvəla, başqalarının nə yediyini, nə içdiyini, nə geydiyini müzakirə etmək, yumşaq söyləsək, ayıbdır. 21-ci əsrdə bu cür dartışmanı özlərinə rəva görənlər bir növ çağdaşlıqdan nə qədər uzaq olduğunu ortaya qoyurlar. Belə düşüncədə olan adamlarla eyni göyün altında, eyni yerin üstündə yaşamaqdan böyük nə dərd ola bilər? Bu cür düşüncə ilə bu ölkəni uyğar, mədəni dünyanın bir parçasına çevirmək necə mümkündür?
Ikincisi: öz aləmlərində bu düşük şou ilə bizim müsəlman çoxluqda, inanclı kəsimdə Ibrahimbəyova nifrəti körükləyəcəklərini fikirləşirlər. Guya camaat çörəyi qulağına yeyir. Adamlar qayıdıb soruşmazlarmı, yaxşı, deyək ki, bir müsəlman donuz əti yeməz, amma bəs niyə siz özünüz dindarları cibinə nəşə ataraq həbs edirsiniz? Bəs niyə siz özünüz inanclı adamlara narkotiki rəva görürsünüz, onlardan “narkoman” obrazı yaradırsınız?
Üçüncüsü: hansısa heyvanın ətini yeyib-yeməyəcəyi bir insanın öz seçimidir. Yeri gəlsə, ümumiyyətlə, ət yeməyən insanlar da var. Hətta adamlar var, istənilən heyvanın ətini yeməyə qarşıdırlar, bunu qəddarlıq, suç sayırlar. Axı məsələ bunda deyil. Məsələ ondadır ki, siz özünüz niyə qul haqqı yeyirsiniz? Niyə büdcəni yeyirsiniz? Niyə xalqa yalan yedirirsiniz?
Bəyəm suçların, günahların ən böyüyü bu deyilmi?
Məni maraqlandırmır, kim nə yeyir, nə yemir.
Mən ona baxıram ki, öz zəhmətinin məhsulunumu yeyir, alın təriylə qazandığınımı yeyir, yoxsa başqasının cibinə girərəkmi?
Başqasının cibindən oğurlayaraqmı?
Başqasının boğazından kəsərəkmi yeyir.
Budur önəmli olan. Vacib olan budur.
***
Bir neçə kəlmə də Milli Şura yarandıqdan sonra ortaya çıxan bəzi müzakirələr haqqında.
Deyirlər ki, filan-filan adamlar (başda da Rüstəm Ibrahimbəyovun özü olmaqla!) vaxt vardı, bu rejimi yerə-göyə sığdıra bilmirdilər, ondan faydalanırdılar, əgər indi ya zəlzələdən, ya vəlvələdən sistemə arxa çeviriblərsə, onlara necə inanmaq olar, onlarla necə bir yerdə olmaq olar.
Özümü bu mövzuda yazmağa haqlı sayıram, çünki o adamlar barədə zamanında ən ağır yazılar yazan bir neçə nəfərdən biri də hər halda mən olmuşam.
Bunlara xitabla “Niyə susursunuz?”, “Niyə yalana yandaşlıq edirsiniz?”, “Bu çirkin sistemin vintciyi, təkərciyi olmağı özünüzə necə sığışdırırsınız?” deyə səslənən yüzlərlə yazının altında imzam var.
Və indi bunlar danışmağa başlayıbsa, həqiqəti söyləməyə başlayıbsa, səmimiyyətlərini ölçməyə çalışmaq, şübhələnmək cığallıq olmazmı?
Onlar susanda ittiham edib, amma susmayanda da bu dəfə onlara quşqu ilə yanaşmaq, keçmişlərini üzlərinə, başlarına vurmaqda bir məntiq varmı? Nə qədər ədalətlidir bu?
Şəxsən mən heç kimə və heç nəyə görə narahat deyiləm. Artıq hər şey çox aydındır. Bundan sonra kim neyləyəcəksə, özünə eləyəcək.
Artıq lənətin də, təqdirin də qapısı sonunadək açıqdır bu ölkədə.
Kim sonunda hansını seçəcək, hansı qapıdan keçəcək, özü bilər.
Sadəcə, adamları indidən töhmət altında qoymağın kimsəyə bir faydası yoxdur. Bircə rejimdən başqa.