İş adamının ölkə başçisi ilə “kilsə söhbəti”
Rusiyada yaşayan azərbaycanli iş adami, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla Azərbaycan hakimiyyəti, daha dəqiqi İlham Əliyev arasında münasibətlər pozulub. Bu barədə
“Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, buna səbəb Vahid Ələkbərovun İlham Əliyevdən bir ricada bulunması, ölkə başçısının isə onun xahişini rədd etməsidir. Mənbə bildirib ki, iş adamı anasının xatirəsinə Bakıda kilsə inşa etmək istəyib. Bu məqsədlə İlham Əliyevdən xahiş edib ki, paytaxtda ona geniş yer ayırılsın. Lakin ölkə başçısı iş adamının bu xahişini yerinə yetirməyib. Məhz bundan sonra Vahid Ələkbərovla Azərbaycan hakimiyyətinin münasibətlərində problem yaranıb. Mənbənin sözlərinə görə, iş adamı yaxın çevrəsinə də bildirib ki, Azərbaycan hakimiyyətinə münasibəti dəyişib. Onun “Milyarderlər İttifaqı”na üzv olması bununla izah edilir.
Yeri gəlmişkən, bu arada “Turan” informasiya agentliyi məlumat yayıb ki, Azərbaycan hökuməti “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 97,38 faizini investisiya müsabiqəsinə çıxarıb. 7 il əvvəl bu səhmlər “Polton Vencars ltd” (Böyük Britaniya) şirkətinə satılıb. Bu şirkət isə Rusiyada yaşayan başqa bir azərbaycanlı iş adamı İsgəndər Xəlilova məxsusdur.
İsgəndər Xəlilovun isə Vahid Ələkbərovla sıcaq münasibətləri var. Bu halda ehtimal etmək olar ki, “Bakı Teleqrafı” elə bu səbəbdən ondan alınır.