Vəhşi müxalifət

Allahsızlıq yaxşı şey deyil. Iqtidar demokratik olanda nə olar, gərək elə sui-istifadə eləyəsən? Axı biz Azərbaycan dövlətçiliyi tarixində bunu iki dəfə görmüşük, acısını da yetərincə çəkmişik. Rəsulzadə hökuməti çox demokratik idi, nəticəsini bilirik. Elçibəy hökuməti aşırı demokratik idi, başımıza nə müsibətlər gəldi. Indi də Əliyev hökuməti demokratikdi və buna görə də mövcud müxalifət dövlətçiliyimizi məhv etmək yolunu tutub. 

Iqtidarın demokratik olmasını nədən bilmək olar? Sərbəst toplaşmaq azadlığı varmı? Var! Bütün azadlıqlar kimi o da yüksək, bəlkə də normadan artıq səviyyədədi. Şəhərin ən geniş, ən gediş-gəlişli, ən gur yerlərində müxalifətə toplaşmaq üçün şərait yaradılır, ancaq müxalifət nazını çəkir, deyir, yox e, mən gedib 20-ci sahədə mitinq eləməliyəm ki, Qərb görsün ki, Azərbaycan iqtidarı antidemokratikdi, sərbəst toplaşma hüququnu tapdayır. Hətta yazıq iqtidar, “Azadlıq” meydanını təmir elədi, hətta altını qazıb avtopark düzəltdi, keçidlər hazırladı ki, meydana çıxanların hamısı imkanlı adamlardı, bahalı avtomobilləri var, qoy elə malları ayaqlarının altında olsun, özləri də meydanda sözlərini desinlər. Demokratiyanın bünövrəsi söz deyilmi? Bəli!

Ancaq müxalifət neynədi? Müxalifət dedi, yox, Azadlıq meydanı nədi? Biz ovuc içi boyda “Torqovı”nı istəyirik. Üstəlik də beyinlərinə qoydular: mütləq gedib yazıq, fağır, binəva Siyavuş Novruzovun pendir-çörəklə nahar elədiyi kafenin önündən keçməlidilər ki, onun iştahı pozulsun, o bir tikə pendir-çörək də ağu olub burnundan gəlsin. Istirahətinə zəhər qatılsın. Qardaş, iqtidar ürəyiyumşaq olanda gərək elə yediyi bir qismət yavan çörəyi ona haram eləyəsən?

Hələ məsələ bununla bitsəydi yaxşıydı. Yazıq Əli Əhmədov, kabinetində dayanmadan demokratiyanın inkişafı üçün, müxalifətin sərbəstliyi, insan hüquqlarının daha da abadlaşdırlması, demokratik zəminin münbitləşməsi üçün gübrələnməsi planı üzərində çalışarkən, gəlib onun kasıb balkonunun altından keçdilər, haray-qışqırıq saldılar, onu öz humanist və dahiyanə fikirlərindən ayırıb balkona çıxmağa məcbur elədilər, üstəlik, iki şüşə “Molotov kokteyli”ni onun balkonuna, iki şüşə də Siyavuşun oturduğu kafeyə atdılar, aləmi bir-birinə vurdular. Özü də təkcə “kokteyl” atsaydılar, dərd yarıydı. Hələ kokteylin ardıyça bu füqəralara söz də atdılar: “Siyavuş, pendir-çörək boğazından getmir, kokteyl iç!” Ha-ha-haa! “Əli müəllim, başın demokratiyaya qarışıb, bir az sərin kokteyl iç, ürəyin soyusun!”.

Belə hal birinci dəfə deyil ki! Artıq 20 ildi bu müxalifət ölkənin neftini talan eləyib “kokteyl” istehsal eləyir. Hər mitinqdə bu kokteyllərlə günü-gündən gözəlləşən, abadlaşan Bakımızı oda-atəşə verir. Görün nə qədər neft havaya sovrulur! Halbuki bu qədər neftlə nə qədər tankımızı hərəkətə gətirib düşməni zəbun etmək olardı! Yox e, xeyri yoxdu, bunlar deyir, bizim sözlə-filanla işimiz yoxdu. Bizim sözümüzü ancaq neft deyir!

Yazıq hökumət, əhalinin gün-güzəranını yaxşılaşdırmaq haqda baş sındırarkən, ki, necə eləsin, nə təhər eləsin, camaatın pensiyasına 50-60 qəpik əlavə eləsin ki, müxalifətin talançılığından yerdə qalan büdcədən xalqa bir qismət düşsün, əvəzində nə etməyə məcbur olur? Bəli, gedir xaricdən bahalı-bahalı su fısqırdan maşınlar alır, xalq evində su üzünə həsrət qaldığı vaxtda xalqın təhlükəsiliyi naminə bunların atdığı “Molotov kokteylləri”nin fəsadlarını aradan qaldırır. Hətta təkcə evində oturan xalqın yox, elə müxalifətin özünün də təhlükəsizliyi üçün. Axı kokteyldi də, bir də gördün atmaq istədin, əlində partladı, səni atəşə verdi. Ancaq hər bir Azərbaycan vətəndaşı kimi müxalifətçilərin də canı bu iqtidar üçün əziz və qiymətlidi, çünki bu iqtidar əsas yatırımını insana qoyur, ona görə də məcbur olur bunları söndürmək üçün su fısqırtsın. Onda da səslərini başına alıb deyirlər ki, qoymayın, bizim iqtidar qəddardı və s. və i.a.

Bu müxalifətin bədnam əməlləri çoxdu. Təəssüf ki, dünya birliyi bu haqsızlığa hələ də susur…