Bilmirəm, nə qədərinizin bilgisi var: Azərbaycanın tanınmış yazıçılarından Məmməd Səid Ordubadi Androniklə görüşərək ondan müsahibə alıbmış.
Hə, hə, məhz bizim bildiyimiz Androniklə – ermənilər üçün “milli qəhrəman”, bizim və bütün türklər üçünsə cəllad. Insan qəssabı.
Ordubadinin Androniklə müsahibəsi yazıçının memuarında yer alır.
1918-ci ildə Andronik Osmanlıdan Naxçıvana adlayır və kütləvi qırğın planları qurur.
O arada həmin vaxt bir çox qəzetlərin naşiri olan Haşım bəy Vəzirovun verdiyi jurnalist vəsiqəsi əsasında Ordubadi Androniklə görüşür, ondan müsahibə alır.
Həmin müsahibə heç bir qəzetdə dərc olunmur.
Əvəzində Ordubadi onu öz memuarına daxil edir.
Andronik yanına gələn yazıçıya yumşaq səndəldə oturmağı təklif buyurur.
Söhbətə başlamazdan əvvəl şəxsən özü iki fincan türk qəhvəsi hazırlayır, birini Ordubadinin, digərini də özünün qarşısına qoyur.
Andronik Ordubadidən edəcəkləri söhbəti qəzet səhifələrinə çıxarmamasını istəyir. Bunu da danışacaqlarında başqaları üçün maraqlı, mühüm heç nə olmayacağı ilə izah edir.
Belədə Ordubadi təklif edir ki, onda elə məsələlərdən danışılsın ki, hamı üçün maraq kəsb etsin.
Andronikin cavabı belə olur: “Mühüm məsələlərin isə mətbuata çıxarılmasının hələ vaxtı çatmayıb”.
Amma buna rəğmən müsahibədə önəmli məqamlar var. Məsələn, Andronik çoxsaylı səhvlər buraxdığını, aldandığını boynuna alır.
Bundan sonra sadə türklərlə heç bir işi olmayacağını bəyan edir.
Türklərin də silahdan əl götürməsini təklif edir.
Üstəlik, Ordubadidən xahiş edir ki, bunu qarşı tərəfə çatdırsın.
Mənə müsahibədə maraqlı gələn başqa bir detal artıq yaşlaşmış Andronikin söhbətin bir yerində gələcəyin tanınmış yazıçısına “yavrum”, başqa bir yerdə isə “arkadaş” deyə xitabıdır.
Bir önəmli məqamı da deyim.
Cibində jurnalist vəsiqəsi daşıyan Ordubadinin, hər nə qədər əli qanlı bir insanlıq cəlladı olsa da, o zamanlar Osmanlıda və Qafqazdakı çatışmaların əsas fiqurlarından sayılan Androniklə görüşməsi, ondan müsahibə götürməsi bir qəzetçilik uğurudur.
Baxmayaraq ki, o müsahibə günümüzdə götürülmüş olsa, indi toplumumuzda bunun qəzetçilik tərəfi yox, vətənpərvərlik yönü dartışılır, bəlkə də indi Ordubadini ölkədən qovurdular.
“Cib kitabı” seriyası
Azərbaycanda kitabla bağlı layihələrin çoxalması sevindiricidir.
Nə yazıq ki, bu iş hələ də daha çox ayrı-ayrı nəşriyyatların, fərdlərin fədakarlığı hesabına başa gəlir, amma önəmli olan odur ki, kitab toplumumuzda yenidən, yavaş-yavaş öz əvvəlki sayğınlığına, dəyərinə qovuşur.
Gələcəklə bağlı ümidləri artırır.
Bu günlərdə yeni yaradılan “Zero” nəşriyyatı “Cib kitabı” seriyasına start verib.
O seriyadan artıq iki kitab işıq üzü görüb – biri Kafkanın hekayələrindən ibarət “Imperatorun sifarişi”, digəri isə Ekonun “Esselər” kitabıdır.
Hər kitabın qiyməti cəmi 2.50 qəpikdir.
Siz “Cib kitabı” seriyasından nəşrləri Bakının kitab mağazalarından, “Bizim market” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Bu kitablar hər mənada cibinizə görədir – qiymətinə görə də, ölçüsünə görə də.
Elə seriyanın məqsədi də budur:
Bir: məşhur dünya müəlliflərini kasıb təbəqə üçün daha da əlçatan etmək;
Iki: kitabı həqiqi mənada yol yoldaşınıza çevirmək, onu cibinizdə gəzdirərək istədiyiniz məkanda, məqamda oxuya bilməyinizə yardımçı olmaq.
Qısası, siz kitaba sarı getməsəniz belə, kitab artıq sizə sarı gəlir.
Gerisinə özünüz qərar verin.
Günün sözü Mirabodan:
“Ədalət topaldır, yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”.