Leh Valensa – bütün Şərqi Aropanı bürüyən inqilabın detenatoru
1970-ci ildə Qdansk tərsanəsində ilk böyük tətil baş tutdu. Fəhlələr əsasən iqtisadi tələblər irəli sürərək küçələrə çıxdı. Polşa hakimiyyəti onlarla hər hansı danışıqlara başlamağı fikrindən belə keçirmirdi. Sadəcə qoşun töküb onlara atəş açmaq tapşırığı verildi. Fəhlələrin dinc yürüşü dağıdıldı, xeyli adam öldürüldü. Daha sonra isə təhlükəsizlik orqanları repressiyalara başladı. Gənc elektrik Leh Valensa da bu hadisələrin iştirakçısı olduğundan həbs olundu.
XX əsrin paradokslarından biri odur ki, sosializmdən kapitalizmə keçidə məhz fəhlə rəhbərlik etdi. Leh Valensa Polşada kommunist rejimini laxladandan sonra inqilab dalğası bütün şərqi Avropa regionunu əhatə etdi.
Pis davranış, məhdud bacarıq
Dünyada məşhur polyaklardan biri Leh Valensa 1943-cü ilin sentyabrın 23-də kasıb ailədə dünyaya gəlib. 1958-ci ildə orta məktəbi bitirən Leh kənd təsərrüfatı mexanikləşdirmə məktəbinə qəbul olur. Üç il sonra texnikumu bitirən Valensanın universitetdə təhsil almağa nə imkanı, nə də həvəsi vardı. 40 yaşında Nobel mükafatına layiq görüləndə də o sadə elektrik olaraq qalırdı. Gənclik illəri ona böyük gələcək vəd etmirdi. Valensa çox mütaliə etmir, digərlərindən heç nə ilə fərqlənmirdi. Ilk siyasi təcrübəsini 27 yaşında əldə edib. Buna qədər isə pis davranışı və məhdud bacarığı ilə seçilirdi.
“Pivənin inqilabda rolu”
Valensanın şəxsiyyət kimi formalaşdığı 50-60-cı illər Polşa üçün çətin mürəkkəb dövr idi. Stalinizm dövrü arxada qalmışdı, Seymə seçkilərdə müəyyən rəqabət olurdu. Ancaq iqtisadi islahatlar baxımından Varşava Praqa, Belqrad və Budapeştdən xeyli geridə qalırdı. Bir sözlə, totalitar sistemin dərin qatından bəzən nəsə özünü göstərirdi, ancaq dövrün dəyişəcəyi hələ gözlənimirdi. Ölkədə sıravi kənd elektrikini siyasətə çəkə biləcək elə bir şərait yox idi. Ancaq 1966-cı ildə Valensanın kənddən şəhərə getməsi onun gələcək siyasi karyerasında böyük rol oynadı.
Əmək fəaliyyətinə elektromexanik kimi başlayan Leh Valensa 1967-ci ildə Qdansk şəhərinə gələrək tərsanədə işləməyə başlayır. Ancaq onun bu şəhərə gəlməsi və sonralar inqilabın ocağına çevriləcək tərsanədə işə düzəlməsi tam təsadüfi olub. Valensa Qdınya şəhərinə getməyi planlaşdırırmış. Qatar Qdanskdan keçərkən Valensa pivə almaq üçün düşür. Lakin o dövrlər pivə tapmaq elə də asan deyildi. Başı bu içkini axtarmağa qarışan gənc elektrik qatara gecikir. Ancaq Valensa bundan məyus olmur və Qdanskda qalıb işləmək qərarına gəlir. Iş tapmaq elə də asan olmur. Lakin bir neçə ay sonra o tərsanədə işləməyə başlayır.
“Həmrəylik” yaradıcısı
Hələ orta məktəbdən özünü yaxşı təşkilatçı kimi göstərən Leh əmək fəaliyyətinə başlayanda da ictimai fəaliyyətdən kənarda qalmır. 1970-ci ilin dekabrın 12-də, Milad bayrmına iki həftə qalmış Polşanın kommunist rəhbərliyi ərzaqların qiymətini kəskin şəkildə qaldırır. Başqa sosialist ölkəsində buna bəlkə də dözərdilər. Ancaq polyakların etirazı özünü çox gözlətmədi. Artıq dekabrın 14-də Qdanskda tətil başladı. Regional partiya komitəsinin binası qarşısında xeyli insan toplaşaraq etiraz aksiyası keçirdi. Bütün şəhərdə polislə toqquşmalar baş verdi. Daha sonra üsyan Qdınya şəhərinə keçdi. Dekabrın 17-də, “qanlı cümə axşamında” daha sərt forma aldı. Valensa ilk gündən tətil komitəsinə üzv oldu. Deyilənlərə görə, aksiyaçılar həbs olunan həmkarlarını azad etməyə çalışanda gənc elektrik telefon budkasının üstünə çıxaraq hər kəsi sakitliyə çağırırdı. Sonralar bu hərəkətinin onun həyatında əhəmiyyətli rol oynadığı deyilirdi. Hər bir halda 1970-ci il hadisələri Valensanın həyatında dönüş nöqtəsi oldu. Siyasi karyeraya doğru addımlar da məhz həmin vaxtdan başladı. 1970-ci ildə yaradılan tətil komitəsi sonradan meydana çıxacaq “Həmrəylik” təşkilatının özəyinə çevrilir.
1976-cı ildə Leh fəhlə etirazlarında iştiraka görə işdən qovulur. Qdansk “Elektromontaj” birliyinə işə düzələn Valensa 1978-ci ilə qədər orada işləyir. Məhz həmin il Valensa fəhlələrin müstəqil həmkarlar ittifaqını yaratmaq qərarına gəlir. Polis tərəfindən təqiblərə, həbslərə baxmayaraq o “Sahil fəhləsi” qəzetini buraxır. 1979-cu ildə isə müstəqil həmkarlar ittifaqı yaradır.
1980-ci ildə siyasi vəziyyət yenidən gərginləşir. Artıq Leh Valensa bu hadisələr lider mövqe tutmağa başlayır. Həmin ildə fəhlələr əmək haqqının artırılması tələbi ilə küçələrə çıxır. Tətil komitəsinin başında isə yenə də Valensa dayanır. Ancaq o fəhlə hərəkatını öz nəzarətində saxlayır və hadisələrin məcrasından çıxmasına imkan vermir. Ali təhsili olmayan Valensa bir çox ziyalılardan fərqli olaraq təşkilatçı bacarığını da ortaya qoyur.
Bu dəfə tətil fəhlələrin inamlı qələbəsi ilə başa çatır. hakimiyyət fəhlələrə güzəştə gedir və bununla da özünün ölüm hökmünü verir. Qdansk fəhlələri tərəfdən “hökmü” Valensa imzalayır. Bu məqsəd üçün o Roma Papası II Ioann Pavelin hədiyyə verdiyi qələmdən istifadə edir. Artıq elektrik Leh Valensa bütün Polşada məşhurlaşır. Razılaşmaya əsasən, fəhlələr ittifaq yaratmaq, tətil keçirmək hüququ əldə edir, həmçinin əmək haqları artırılır. Beləcə 1980-ci ilin sentyabrın 17-də “Həmrəylik” təşkilatı yaranır.
1981-ci ildə keçirilən qurultaya qədər isə təşkilatın artıq 9 milyon üzvü var idi. Qurultay Leh Valensanı sədr seçir. Artıq Valensa nəinki ölkənin tanınmış şəxslərindən biridir, o eyni zamanda Polşanın qeyri-formal liderinə çevrilir. Onunla həm hökumət, həm fəhlələr, həm də ziyalılar hesablaşır.
“Həmrəylik” təşkilatının ideoloqları hesab edirdi ki, ölkənin demokratikləşməsi sosial, siyasi və mədəni plüralizmdən keçir. Ancaq bu təşkilatın hökumətlə konfrantasiyası yeni tətillər dalğasına gətirib çıxarır.
Polşa rəhbərliyi 1981-ci ilin dekabrın 12-dən 13-ə keçən gecə ölkədə hərbi vəziyyət elan edir. Təşkilatın digər rəhbərləri kimi Leh Valensa da həbs olunur. Qurumun fəaliyyətinə isə qadağa qoyulur. Bir müddət sonra Valensa azad edilir. 1982-ci ilin sonunda hökumət kompromiss əldə etmək üçün son cəhdini edir. Danışıqlar ən yüksək səviyyədə partiya lideri general Yaruzelski – polşa kardinalı Qlemp – “Həmrəylik” lideri Valensa arasında aparılır. Bu, belə elitar dairəyə düşən Böyük elektrik üçün əsl triumf idi. Ancaq danışıqlar nəticəsiz qaldı. Şöhrətin zirvəsində olan Valensa öz silahdaşlarının tənqidinə məruz qalır. Bu tənqidlər fəhlə hərəkatında liderlik uğrunda mübarizədə ona məğlub olanların qisası kimi də qəbul oluna bilərdi. Ancaq hər halda danışıqların uğursuz nəticələnməsi fəhlə hərəkatına ağır zərbə vurdu. Bir ay sonra ölkədə yenidən hərbi vəziyyət elan olunur və tələbləri bitmək bilməyən müxalifətin fəalları həbsə atılır. Valensa isə geri çəkilmək niyyətində deyildi.
“Nobel” mükafatlı elektrik
1983-cü ildə isə “Həmrəylik” təşkilatının lideri öz fəaliyyətinə görə Nobel sülh mükafatına layiq görülür. Nobel komitəsinin bəyanatında deyilirdi: “Leh Valensanın mükafatlandırılması yalnız polyaklara aid məsələ deyil. Onun təbliğ etdiyi həmrəylik bütün insanlığın birliyini nəzərdə tutur, ona görə də bu mükafat bizim hamımıza aiddir. Dünya onun səsini eşitdi və müraciətini qəbul etdi. Valensa azadlıq və insanlıq uğrunda mübarizə aparanlar üçün ilhamverici nümunədir”.
Ancaq mükafata layiq görülən Valensa Polşaya buraxılmayacağından ehtiyatlanaraq mükafatlandırma mərasiminə həyat yoldaşını göndərir.
1987-ci ilin oktyabr ayında Valensa “Həmrəylik” təşkilatının rəhbər orqanını yaradır və bu da rəhbərlikdə narazılığı dərinləşdirir. Qdında Valensa tərəfdarları ilə rəqabətdə olan daha bir qeyri-leqal “Həmrəylik” təşkilatı yaradılır. Bu qrup Valensanın rəhbərlik etdiyi qanaddan fərqli olaraq hakim rejimlə silahlı konfrantasiyaya can atırdı.
1989-cu ilin fevral-aprel aylarında Valensa və onun rəhbərlik etdiyi təşkilatın digər görkəmli nümayəndələri “Dəyirmi masa”lar təşkil edərək hakimiyyət nümayəndələri, həmçinin digər müxalifət təşkilatları ilə ölkəni böhrandan çıxarmağın yollarını müzakirə edirdi. Həmin il Polşa konstitusiyasında edilən dəyişikliyə əsasən təşkilat leqal fəaliyyətinə başlayır. Iyun ayında isə seym və senata seçkilər zamanı hakim partiya məğlub olur. “Həmrəylik” və ona yaxın müxalifət qrupları isə seçicilərin etimadını qazanır. Bundan əlavə, katolik kilsə də seçki mübarizəsində “Həmrəylik” təşkilatına dəstək verir.
1990-cı ilin sentyabrın 17-də “Həmrəylik” həmkarlar birliyinin lideri Leg Valensa Polşa Respublikası prezidentliyinə namizədliyini irəli sürür. Dekabrın 22-i isə Polşanın həyatında əlamətdar tarix kimi yadda qalır. Milli Məclisin növbəti sessiyasında azad ümumxalq seçkilərində demokratik yolla seçilən yeni prezident and içir. Bu şəxs “Həmrəylik” təşkilatının sədri Leh Valensa idi. Hakimiyyətdə olduğu dövrdə Valensa uğurlu iqtisadi islahatlar həyata keçirir və güclü prezident hakimiyyəti sistemi qurur. Dini etiqadına görə Valensa katolik idi. Kilsə hər zaman onun tərəfində çıxış edib. Uğurlarında kilsənin də payı az olmayıb. Valensa kilsənin diqqətini qeyri-zorakı siyasətlə, kompromisslərə meyli ilə cəlb edib. Baxmayaraq ki, onun bu siyasətini tərəfdarlarının bir qismi qəbul etmirdi.
Görünür, bu səbəbdən 1995-ci ildə təkrar prezidentliyə namizədliyini irəli sürən Valensa bu dəfə məğlub olur. Bir il sonra o, doğma Qdansk şəhərinə qayıdıb elektrik işləmək niyyətini açıqlayır.
Fizzə