YAP sədrinin partiya-təsərrüfat fəalları qarşısındakı çıxışı üzərində gəzişmələr
Tarixin ən kədərli dərslərindən biri ondan ibarətdir ki, əgər uzun müddət axmaq yerinə qoyulmuşuqsa hansısa aldadılmaq sübutunu rədd etməyə meylli oluruq. Daha həqiqəti axtarmağa meylli olmuruq. Yalan bizi çulğayıb: etiraf etmək çox ağırdır ki – hətta özümüzə belə – belə sadəlöhv olmuşuq.
Karl Saqan.
Ilham Əliyev oktyabrdakı prezident seçkiləri öncəsi müxalifətə kompromissiz müharibə elan edib. Iyunun 7-də hakim Yeni Azərbaycan Partiyasından qeyri-demokratik üçüncü müddətə prezidentliyə namizəd irəli sürülüən Əliyev öz opponentlərini siyasi arenadan götürülməsi lazım gələn satqın, antimilli elementlər adlandırıb.
Əliyev çıxışında nitqin mənfi emosional çalarlarla boyanması, ittihamların təkrarlanması, ştamplar, statistikadan manipulyasiya, psevdosübut qismində yanlış analogiyalardan istifadə, mənfi assosiasiya yaradılması, yalan ekstrapolyasiya, “qara-ağ” arqumentasiya, diqqətin yayındırılması, yarlık asılması, əks əlaqə, hədə-qorxu, ittiham, arzu olunanın gerçəkilik kimi qələmə verilməsi kimi “qara ritorika” üsullarından istifadə edirdi.
YAP-ın partiya-təsərrüfat fəalları qarşısında onun çıxışı müxalifətin ünvanına belə rəy və ifadələrlə zəngin idi: “o vaxtkı antimilli satqın hakimiyyət”, “antimilli qüvvələr”, “xain, satqın qruplaşmalar”.
Əsas opponentlərə divan tutmağa çağıran və seçkiöncəsi prosesin dinc və sivil inkişafına heç bir ümid yeri qoymayan sitatlar maraqlıdır: “Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur”. “Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar”… “Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş ”liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər”.
Müxalifətə verilən qiymət heç zaman olmadığı qədər sərt və nifrət yüklüdür. Belə ekssentrik ritorika administrativ resurs tərəfindən seçki dövründə başqa cür düşünənlərə və opponentlərə divan tutmağa çağırış kimi qəbul edilə bilər. Bəyanata Azərbaycanda azad və demokratik seçkilər keçirilməsini arzu edən bütün güclərə meydan oxumaq və öz partiyasında beynəlxalq izolyasiyadan və cəmiyyətin artan narazılığından hürkənlərə çağırış kimi baxmaq olar.
Əliyev öz çıxışı ilə qarşıdurma xəttinin inkişafına ton verdi və göstərdi ki, 10 illik hakimiyyəti dövründə şəxsi emosiyalarının fövqünə qalxmağa və hamının prezidenti və cəmiyyətin arbitri roluna yüksələ bilməyib. Həmçinin o anlatmaq istədi ki, Azərbaycan cəmiyyətinin qarşıdurmalı inkişafının əsas katalizatoru və gələcək seçki prosesinin ehtimal olunan dramatik səhifələrinin arxitektorudur
Turan Analitik Xidməti