“Bunun adı siyasi terrordur”

Azərbaycan Xalq Cəhbəsi Partiyası Lənkəranda təşkilatın rəhbərliyinə təşkil olunan hücumla bağlı bəyanat verib. Bəyanatda deyilir:

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hakimiyyətin növbəti təxribatı və təzyiqi ilə üzləşib.
Partiyanın Lənkəran şöbəsinin bu günə planlaşdırdığı müşavirə barbar müdaxilə ucbatından baş tutmayıb.
Müşavirədə iştirak üçün Lənkərana gedən partiya sədrinin müavini Fuad Qəhrəmanlı, sədrin müşaviri Asif Yusifli və Rəyasət Heyətinin üzvü Mənsum Bayramov, onları müşayət edən Lənkəran şöbəsinin fəalı Nazim Həsənov rayon rəhbərliyinin təşkil etdiyi hücumla üzləşiblər.
Rayon İcra Hakimiyyətinin və polisin himayə etdiyi açıq-aydın hiss olunan bir dəstə öyrədilmiş adam əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə basqın edib, onlara xəsarət yetirməyə çalışıblar. AXCP nümayəndələri avtomobillə basqınçıların əhatəsindən çıxaraq geriyə hərəkət etmək istəyiblər. Lakin basqınçılar cəbhəçilərin olduğu, M.Bayramova məxsus avtomobilə ciddi zərər vurublar. Avtomobilin arxa və yan şüşələri sındırılıb, müxtəlif hissələri əzilib.
Bu cür oxşar qəsdlər AXCP rəhbərliyi Lənkran ərazisində olduqları müddətdə bir neçə dəfə təkrarlanıb və hər zaman bu hadisənin müşahidəçisi olan polis aşkar xuliqanlığa biganə qalıb.
AXCP baş verənləri ölkədə hüquq və azadlıqların tapdanılmasına növbəti nümunə kimi dəyərləndirərək siyasi fəallara qarşı fiziki zorakılığı qətiyyətlə pisləyir.
AXCP ölkədə siyasi fəaliyyətin artıq həyati təhlükə həddinə çatdığını xüsusi həyacanla yerli və beynəlxalq birliyə bəyan edir. AXCP bildirir ki, siyasi opponentlərə bu sayaq davranışın adı siyasi terrordur və onun təşkilatçıları, lümpen icraşıları öz məsuliyyətlərini anlamalı və zamanında hüquq qarşısında cavab verməyə hazır olmalıdırlar.
AXCP Lənkəranda baş verənlərə hakimiyyətin operativ və ağılabatan izahını tələb edir.
Partiya bəyan edir ki, hüquq-mühafizə orqanları zorakılığın təşkilatçı və icraçılarını müəyyən edib onları ədalətli formada cəzalandırmasa, qəsdin arxasında Əliyev rejiminin durduğu barədə cəmiyyətdə heç bir şübhə qalmayacaq.
AXCP hakimiyyəti tarixdən ibrət dərsi almağa, öz rəqibləri ilə əxlaq və qanun çərçivəsində davranmağı, bu günkü müxalifətin sabahkı hakimiyyət olacağını unutmamağa çağırır.