«Azadlıqdan Tiranlığa» kitabı yeni əlavələrlə çapa hazırlanır
«Dünya dövlətləri Azərbaycan iqtidarını qəbul etmir, ona yaxşı baxmırlar»
Turuqt Ər: «Kitabda nə yazılıbsa həqiqəti əks etdirir. Heç kim yazdıqlarıma faktla etiraz etmədi və edə də bilməz»
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat katibi Turqut Ər Azərbaycan gündəminə “Azadlıqdan Tiranlığa” kitabıyla gəldi. Kitabda Heydər Əliyev hakimiyyəti dönəmində baş verənləri qələmə alan diplomata çoxlu hücumlar oldu. Onu böhtan və qərəzdə suçlayan hökumət rəsmiləri qarşısına heç bir faktla çıxmadı. Yalnız “bu yalandır” tipli mesajlar verərək yazdıqlarını həqiqətdən kənar hesab etdilər.
Bütün bunlar isə Turqut Əri durdura bilmədi. Əksinə, diplomat yeni kitabıyla azərbaycanlı oxucuların qarşısına çıxır.
Biz də onunla müsahibəyə “Azadlıqdan Tiranlığa” kitabıyla başladıq…
“Hakimiyyətin dəstəkçiləri kitabda yazılanlara cavab tapa bilmədikləri üçün məni söydülər”
– Turqut bəy, yeni kitabınız nədən bəhs edir, nələr var bu kitabda, hansı hadisələrə toxunmusunuz?
– Bu kitabda Azadlıq hərəkatından sonra xalqın istəyi ilə seçilmiş Əbülfəz Elçibəy iqtidarının necə devrildiyini, Heydər Əliyevin necə hakimiyyətə gətirildiyini, nə işlər gördüyünü, Heydər Əliyevin bioqrafiyasının nədən ibarət olduğu yazılar yer alıb. 1993-cü ildən 2000-ci ilə qədər necə işlədiyini anladan bir kitabdır. Tarix kitabı deyil, sadəcə gələcəkdə tarixçilərə qaynaq olsun deyə yazılmış kitabdır. “Azadlıqdan Tiranlığa” kitabına böyük maraq oldu. Türkiyə, Güney və Quzey Azərbaycan və başqa yerlərdə bu kitaba diqqət çox yüksək olduğu üçün yenidən çap etmək qərarına gəldik. Düzdür, “Azadlıqdan Tiranlığa” kitabını Azərbaycana gətirilməsi yasaq oldu, kitabı əldə edilənlərə təzyiqlər başladı. Bütün bunlara baxmayaraq insanlar başqa vasitələrlə kitabı əldə edə bildilər və oxudular. Kitab haqda yüzlərlə lehinə və əleyhinə məqalələr yazıldı. “Azadlıqdan Tiranlığa” kitabının əleyhinə yazılanlar böhtan və qarayaxma xarakterli olan, heç bir fakta söykənməyən, istinadsız yazılardır. Bunların heç birinə cavab vermədim. Azərbaycandakı iqtidarın dəstəkçiləri olanlar kitabda yazılanlara cavab tapa bilmədilər, buna görə də məni söyməyə başladılar. Türkiyədə bir neçə özləri kimi manqurt yardımçı tapıb mənə qarşı danışdırdılar. Onların da heç birinə cavab vermədim. “Azadlıqdan Tiranlığa” cavab veriləcəyi yer deyil. Ancaq bu dəfəki nəşrdə ön sözdə bəzi mətləblərə toxundum. Qeyd etdim ki, kitab kimlərəsə cavab verilmək üçün yazılmayıb. Kim nə istəyir danışsın və yazsın. Hər bir suala və deyilənlərə Azərbaycan xalqı, demokratik qüvvələr doğru, dürüst cavabı veriblər və yenə də verəcəklər.
“Yeni çapda Əli Kərimli ilə İsa Qəmbərin çıxışları, Qənimət Zahidin yazısı yer alıb”
– Belə başa düşdük ki, yeni kitabınız “Azadlıqdan Tiranlığa” kitabının yenidən nəşridir…
– Bəli, düz anladınız. Sadəcə yeni çapda əlavələr var. Budəfəki nəşrə yeni əlavələr var. Burada mənim yazdığım ön sözlə yanaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin çox maraqlı yazısı, Əli Kərimli, Isa Qəmbər kimi dəyərli hürriyyətçilərin, demokratların çıxışları yer alıb. Çoxlu əlavələr etmək olardı. Ancaq indiki məqamda hələ lazım deyil. Çünki “Azadlıqdan Tiranlığa” kitabı haqda o qədər yazılar yazılıb ki, onları bu yeni nəşrdə dərc etmək sadəcə mümkün deyil. Bunu ayrıca kitab halında çap etmək lazımdır. Ancaq indi seçki ili olduğu üçün bu planı sonraya saxlamışıq. Azərbaycanda keçirilən qarşıdakı seçikdə bu kitab dəyərli demokratlara bir kömək olarsa, buna çox sevinərəm.
“Kitabda yazılanlar həqiqətdir”
– Söylədiniz ki, “Azadlıqdan Tiranlığa” kitabınız yenidən nəşr olunur və budəfəki çapda əlavələriniz var. Bu əlavələr nədən ibarətdir?
– Kitabın indiki iqtidarla heç bir əlaqəsi yoxdur. Yazılanlar Bakıdakı səfirlikdə işlədiyim zamanı əhatə edir. Bu nəşr əvvəlkinin davamıdır. Üz qabığı hətta eynidir ki, oxucular çaş-baş qalmasınlar.
– “Azadlıqdan Tiranlığa” kitabınız yayılandan sonra Azərbaycanda hökumətyönlü qəzetlər bunu siyasi sifarişlə yazdığınızı deyirdilər. Yenə eyni və buna bənzər ittihamlar ünvanınıza söylənilsə cavab verəcəksiniz? Yoxsa susmaqla kifayətlənəcəksiniz?
– Təbii ki, cavab verəcəm. “Azadlıqdan Tiranlığa” siyasi sifariş deyil. Haqqımda yazılanların heç bir əsası yoxdur. Kitabda nə yazılıbsa, həqiqəti əks etdirir. Heç kim yazdıqlarıma faktla etiraz etmədi. Yalnız Etibar Məmmədovdan başqa. Etibar Məmmədov mənimlə əlaqə saxladı, dedi ki, 1993-cü ildə Elçibəy iqtidarını devirmək üçün keçirilən toplantıda iştirak etməmişəm. Araşdırma apardım və doğru olduğunu gördüm. Bu səhv sırf tərcümə səhv idi. Hər hansı qərəzdən söhbət gedə bilməz. Budəfəki nəşrdə onu düzəltdim. Başqa heç kim bu kitabda yer alan yazılara etiraz etməyib və bunu edə də bilməz!
“Rəhim Qazıyev mənə dedi ki, Dağlıq Qarabağın 6 rayonunu Heydər Əliyev verib”
– Keçmiş müdafiə naziri Rəhim Qazıyev də?..
– Bəli, Rəhim Qazıyev də. Sadəcə məndən xahiş etdi və bildirdi ki, bilgiləndirmək üçün səninlə görüşmək istəyirəm. Iki gün “Azərbaycan saatı” proqramının redaksiyasında “skyp”la görüşümüz oldu. Daha çox şeylər söylədi. Rəhim Qazıyev mənə bildirdi ki, Dağlıq Qarabağın 6 rayonunu Heydər Əliyev verib. Hər hansı düzəliş etmədi.
– Kitabınız çapından sonra Türkiyədən sizə hücum oldu?
– Xeyr, olmadı. Əksinə, kitab Türkiyədə çox ehtiramla qarşılandı. Azərbaycanın keçmiş tarixinə aydınlıq gətirdiyimə görə təşəkkürlər eşitdim. Telekanallarda verilişlərə dəvət olundum. Kitab haqda və bunu niyə yazdığım barədə ətraflı danışdım. Sadəcə həmin telekanallara Azərbaycan hakimiyyəti Türkiyədəki səfirlik vasitəsiylə dedilər ki, Turqut Ərə niyə imkan yaradırsınız? Yəni dolayı yolla belə basqılar oldu. Ancaq Türkiyə hökumətindən mənə hər hansı təzyiqlər olmayıb.
“Milli Şura ölkənin mənafeyi naminə yaradılıb”
– Bir diplomat və yazar kimi Azərbaycandakı siyasi prosesləri də izləyirsiniz. Bu günlərdə Milli Şura təsis olundu. Elə həmin gün YAP qurultayını tezləşdirdi və Ilham Əliyevin namizədliyini irəli sürdü. Kənar müşahidəçi kimi bunları necə dəyərləndirisiniz?
– Uzun zamandır mən Milli Şura təsis olunduğu günü təqib edirəm. Türkiyədə təkcə mən yox, bir neçə çevrədə, ziyalılar bunun yaranmasını gözləyirdi. Əminəm ki, Milli Şura Azərbaycanın milli qurtuluşunu həll edəcək bir qurum halına gəlib. Azərbaycan gəncliyi Milli Şuraya sahib çıxmalıdır. Necə ki, Türkiyədə gənclər çox şeyə sahibdirlər və sözlərini deyə bilirlər, istərdik ki, Azərbaycanda da gənclər önə çıxsın və sözlərini desinlər. Milli Şura ölkənin mənafeyi naminə yaradılıb. Azərbaycanın kəndlərində, rayonlarda gənclər, ziyalılar Milli Şuraya sahib çıxmalıdır. Azərbaycan siyasətçiləri, iqtidarda ya müxalifətdə təmsil olunmasından asılı olmayaraq hər kəs Milli Şurada olmalıdır. Yeni yaranan gücün Azərbaycanda yeni bir hərəkatın əsasını qoyacağına ümid bəsləyirəm. Əminəm ki, Əbülfəz Elçibəy necə demokratik bir seçki nəticəsində ölkənin rəhbəri olmuşdusa, Milli Şura da hakimiyyətə gələndən sonra demokratik dəyərlərə sadiq qalaraq seçki keçirəcək. Buna təkcə mən yox, mənim kimi yüzlərlə Türkiyə vətəndaşı, ziyalılar və başqa çevrələr ümid bəsləyir və inanır.
O ki, qaldı sualınızın ikinci hissəsinə – Ilham Əliyevin yenidən prezidentliyə namizədliyini YAP tərəfindən irəli sürməsinə, onu deyə bilərəm ki, bu sizin konstitusiyanıza ziddir. Konstitusiyaya edilən dəyişiklərə belə nəzər salsaq, bu. Ilham Əliyevə şamil edilə bilməz. Dünya da buna göz yummayacaq. Ilham Əliyev seçkiyə gedəcəksə, prezident kimi namizədliyini irəli sürəcəksə, bu, demokratiya prinsiplərinə zidd olacaq. Onu da qeyd etmək lazımdır ki, YAP artıq əvvəlki gücündə deyil. Heydər Əliyevin vaxtında bu partiya daha sanballı və güclü idi. Indi baxın, Heydər Əliyevin komandasında olmuş şəxslərə etimad göstərilmir. Onlar daha sevilmir, əksinə, hər yerdə əleyhinə danışılır. Indiki iqtidarın sevməyənləri sayı günü-gündən artır. Istər ölkə daxilində, istərsə də ölkədən kənarda beynəlxalq güclər, dövlətlər Əliyev hökumətini sevmir, etimad göstərmir. Və belə bir zamanda YAP-ın qurultay keçirərək Ilham Əliyevin yenidən namizədliyini elan etməsi və onu dəstəkləməsi heç nəyə kömək etməyəcək. Bir daha təkrar edirəm. Dünya dövlətləri Azərbaycan iqtidarını qəbul etmir, Azərbaycan iqtidarına yaxşı baxmırlar. Halbuki xalq bu cür münasibətə layiq deyil. Ölkənin milli məsələləri kənarda qalıb. Qarabağ məsələsində heç bir irəliləyiş yoxdur. Azərbaycanın əyalətləri nə haldadır, bunu siz daha yaxşı bilirsiniz. Xalq acdır, haqları tapdanır. Dünyanın bu iqtidara etibarı qalmayıb. Neft və qazla hər şey həll edilmir. Ona görə də önümüzdəki seçkilərdə Azərbaycanı sevənlər gücünü, biliyini, qüvvətini orataya qoyarsa, mübarizə apararsa, hər şeyə sahib çıxa bilərlər. Ölkədə demokratik bir seçki keçirilməlidir, əks halda Azərbaycanda Misirdə, Suriyada, Liviyada, Tunisdəki kimi hadisələr olar. Bunun da önünü almaq çox zor olacaq. Allah belə şeylərdən Azərbaycanı qorusun. Burada önəmli bir şey var: Ölkədə demokratik seçkilərin keçirilməsi…
Ramin DEKO