Azərbaycanda qanunun gücü insanlara görə dəyişir
Millət vəkilinin sürücüsü qəza nəticəsində adam öldürüb azadlıqda qalır, Qurban Məmmədov isə qanunsuz şəkildə həbs olunur
Tanınmış hüquqşünas Qurban Məmmədovun qondarma həbsi cəmiyyətdə etirazla qarşılanır və qanunda ayrı-seçkilik yaradılması hər kəsi hiddətləndirir.
Tanınmış hüquqşünaslar bildirirlər ki, Qurban Məmmədovun həbsi CM-in müddəalarına ziddir. Istintaq müddətində təqsirləndirilən şəxsin həbs olunması qanunsuzdur. Qurban Məmmədovun işində ictimai təhlükəlilik yoxdur, ölüm hadisəsi yoxdur, üstəlik, təqsirləndirilən şəxsin günahsız olduğunu isbatlayan dəlillər var. Bütün bunlar onu göstərir ki, qanunun gücü insanlara görə dəyişir.
Bir müddət əvvəl millət vəkili Aydın Mirzəzadənin sürücüsü qəza nticəsində bir insanın ölümünə səbəb oldu, “Neftçi”nin futbolçusu Araz Abdullayevin qəza törətməsi bir nəfərin ölümü ilə nəticələndi və bu qəbildən olan digər qəzalar hər kəsin yadındadır. Ancaq bütün bu baş verənlərə görə heç kimi həbs etmədilər.
Müsavatçı gənc xanım Nigar Yaqublunun hekayəsi də heç kimin yadından çıxmayıb. O zaman da qanun gücünü itirmişdi.
Qurban Məmmədovun barəsində isə 1 il öncə törədilmiş kiçik bir hadisəyə görə 2 ay müddətində həbs-qətimkan tədbiri seçilir.
Qanunda bu qədər ayrı-seçkilik nədən baş verir?
Hüquqşünas Namizəd Səfərov bildirdi ki, bu, qanunda ayrı-seçkilik yox, qanunun iki şərtliliyidir. Azərbaycanda qanuna ikili standartlarla yanaşırlar: “Mən Qurban Məmmədovun həbsindən sonra bu istiqamətdə araşdırma aparmışam. Bir nəfər də olsa bu ittiham üzrə həbs olunmayıb. Qanunda var ki, əgər hadisəni törətmiş şəxs xəsarət yetirilən adama tibbi yardım göstərirsə, onu xəstəxanaya çatdırırsa, bunlar yüngülləşdirici hal kimi nəzərə alınmalıdr. Qurban Məmmədov nəinki bu adamı xəstəxanaya aparıb, üstəlik, onun tibbi xərclərini ödəyib, uzun müddət ailəsinə maddi yardım edib. Ancaq Qurban Məmmədovun işində bu hallar nəzərə alınmır. Bütün bunlar Qurban Məmmədovun fəal vətəndaş mövqeyi sərgiləməsi, tənqidi fikirlər səsləndirməsi ilə bağlıdır”.
Vəkil Əsabəli Mustafayev hesab edir ki, Qurban Məmmədova qarşı ayrı-seçkilik olması danılmazdır və buna heç kimin şübhəsi yoxdur: “Azərbaycanda mövcud məhkəmə praktikası var və biz mütəmadi olaraq bu praktika ilə tanış oluruq. Hətta ölümlə nəticələnən avtoqəza hadisələrində həbs-qətimkan tədbirinin seçilməsi nadir hallarda olur. Ölümlə nəticələnməyən hadisələrdə isə, ümumiyyətlə, həbs-qətimkan tədbiri seçilməsi praktikası yoxdur. Əgər bu ayrı-seçkiliyin təzahürü deyilsə, DIN, Prokurorluq nümunə göstərsin ki, nə vaxtsa belə bir hadisə baş verib və təqsirləndirilən şəxs həbs olunub. Həm konstitusiyada, həm də cinayət hüququnda vətəndaşların qanun qarşısında bərabərlik prinsipi var”.
Əsabəli Mustafayev onu da əlavə etdi ki, daha bir absurd ondan ibarətdir ki, guya Qurban Məmmədov zərərçəkmişi qorxudurmuş, ondan şikayətin geri götürmyi tələb edirmiş. “Qurban Məmmədov peşəkar hüquqşünasdı. O bilir ki, bu elə bir maddədir ki, zərərçəkənin şikayətini geri götürmək hüququ yoxdur. Yəni zərərçəkən imtina ərizəsi yazsa belə, bu, məhkəmənin gedişinə təsir etmir. Bütün bunlar sübut edir ki, Qurban Məmmədova qarşı qərəz və ayrıseçkilik var”.
Ilham Hüseyn


