Deputatlardan Qurban Məmmədovla bağlı müraciət

Onlar Bakı Apelyasiya Məhkəməsindən vəkil barədə seçilmiş həbs-qətimkan tədbirinin ləğv olunmasını xahiş edir

Deputatlar Vahid Əhmədov, Iqbal Ağazadə, Ilyas Ismayılov, Fazil Mustafa, Qüdrət Həsənquliyev və Sabir Rüstəmxanlı Nəsimi Rayon Məhkəməsi tərəfindən tanınmış vəkil Qurban Məmmədov barədə həbs-qətimkan tədbirinin seçilməsilə bağlı qərarın ləğv edilməsi xahişi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər. Müraciətdə deyilir:
“4 iyun 2013-cü il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən respublikada tanınmış hüquqşünas Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə günahlandıralaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi rayon məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.
Istintaq orqanı tərəfindən Qurban Məmmədov onda ittiham olunur ki, o 27 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “Toyota RAV-4″ markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirmişdir. Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.
Nəzərinizə çatdıraq ki, Qurban Məmmədov Azərbaycanda yalnız prinsipial və peşəkar hüquqşünas deyil, həm də cəmiyyətdə siyasi xadim kimi tanınır. O həmçinin Azərbaycanın müstəqilliyi uğrunda demokratik hərəkatın öncüllərindəndir. Məlum olduğu kimi onun ittiham olunduğu cinayət, ehtiyatsızlıq üzündən törədilmiş cinayət hesab olunmaqla, az ağır cinayətlər kateqoriyasına daxildir və maddənin sanksiyasında maksimum 3 ilə qədər azadlıqdan məhrum etmə cazası nəzərdə tutulmuşdur. O da məlumdur ki, hadisə baş verdikdən sonra Qurban Məmmədov zərərçəkəni öz şəxsi avtomobilində təcili olaraq xəstəxanaya çatdırmış və həkimlərin ona müvafiq tibbi yardım göstərməsinə imkan yaratmışdır. Habelə o, zərərçəkmişin bütün müalicə xərclərini ödəmiş, ailəsinə maddi yardım göstərmişdir. Bütün bunlar qanunvericilikdə məsuliyyəti yüngülləşdirən hallar hesab olunur və həbs qəti imkan tədbiri seçilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Onun istintaqdan yayınacağını və ya istintaqın gedişinə mane olacağını iddia etmək üçün əsaslar yoxdur. Hesab edirik ki, istintaqın gedişində onun barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün əsaslar olmadığı kimi buna zərurət də mövcut deyildi.
Yuxarıda göstərilənləri nəzərə alaraq Nəsimi rayon məhkəməsi tərəfindən Qurban Məmmədov barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv olunmaqla onun azadlığa buraxılmasını və istintaqın ədalətlə və qanunlara müvafiq aparılmasını təmin etməyinizi xahiş edirik”.

Qurban Məmmədovun vəsatətləri

Qurban Məmmədov isə Bakı Apelyasiya Məhkəməsinə təqdim edilməsi üçün 4 vəsatət hazırlayıb. Vəsatətlərdən 3-ü sübutların tələb edilməsi barədədir. Həmin vəsatətlərdə deyilir:
“1.Hörmətli hakimlər!
Haqqımda həbs qətimkan tədbirinin seçilməsini əsaslandırmaq üçün Sizin araşdırdığınız təqdimatda göstərilib ki, mən iş üzrə sübutları saxtalaşdırmışam və ya buna cəhd etmişəm.
Təqdimatda göstərilənlərin yalan və əsassız olduğunu, bu həbsin yalnız və yalnız mənim siyasi mövqeyimlə bağlı olduğunu sübut etmək üçün təqdimatda istinad olunan mənim saxtalaşdırdığım sübutların tələb edilərək məhkəmədə araşdırılmasını xahiş edirəm.
2.Hörmətli hakimlər!
Haqqımda həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə verilmiş təqdimatda göstərilib ki, guya mən müstəntiqin çağırışlarına gəlməmişəm və istintaqdan yayınmaqla, qaçmağa cəhd etmişəm. Ittiham tərəfinin bu ?arqumentlər?inin yalan olduğunu və qəbul edilmiş qərarların məhz və yalnız mənim müxalifətçilik mövqeyimlə bağlı olduğunu sübut etmək üçün,xahiş edirəm::
1.Mənə məxsus (050) 200-66-10 nömrəli telefondan müstəntiq M.Qiyasovun faktiki istifadəsində olan (050) 516-22-77 nömrəli telefona gedən mesajlar və zənglər barədə arayışlar “Azercell”dən alınaraq işə əlavə edilsin.
Bununla sübut ediləcək ki, mən nəinki istintaqdan yayınmamışam, əksinə, müstəntiqə zənglər edərək, mesajlar yazaraq, görüş vaxtlarımızı dəqiqləşdirmiş, vaxtı-vaxtında çağırışlara getmişəm.
2. Istintaqdan yayınmam və qaçmağa cəhdlərim barədə konkret faktlar ittiham tərəfindən tələb edilərək, işə əlavə edilsin.
3.Hörmətli hakimlər!
Haqqımda həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatda göstərilib ki, guya mən istintaqın gedişinə mane oluram.
Bunun əksini sübut etmək və bu həbsin mənim siyasi fəaliyyətimlə, xüsusilə də, indiki antixalq recimə qarşı müxalifətçilik fəaliyyətimlə bağlı olduğunu sübut etmək üçün, xahiş edirəm:
Müstəntiq M.Qiyasovun təklifi və razılığı ilə telefon danışığımızı yazdığım, arxadan mənim maşınıma dəyən və sağ qabaq qanadlarının əzilməsini, zərərçəkmiş P.Abbasovun iki maşının arasında qalaraq ayağının sındığını təsdiq edən sürücünün səsi yazılmış və rəsmi qaydada müstəntiq M.Qiyasova təqdim etdiyim “flash-kart” müstəntiqdən tələb edilərək, dinlənilsin. Ona görə ki, ittiham tərəfi sübut etməyə çalışır ki, guya P.Abbasov mənim maşınımın qabaq sol təkərinin (?) altında qalıb. Bu, ekspertiza rəylərinin saxta olduğunu, ekspertlərin bilə-bilə, qəsdlə yalan rəy verməsini də sübut etmək üçün zəruridir”.
Bir vəsatət də sübutların araşdırılması barədədir. Vəsatətdə deyilir: “Hörmətli hakimlər!
Təqdimatda istinad edilən sübutların araşdırılmasını xahiş edirəm. Belə ki, təqdimatda göstərilir ki, guya zərərçəkmiş Pərviz Abbasov 03 iyul 2013-cü il tarixli ərizə ilə müraciətində göstərib ki, ifadəsini dəyişmək üçün mən onu ölümlə hədələmişəm. Ona görə də xahiş edirəm:
Zərərçəkmiş P.Abbasov yazdığı ərizədəki hallar barədə məhkəməyə dəvət edilərək dindirilsin və aşağıdakı suallara cavab alınsın:
– 2013-cü ilin 01 yanvarından bu günədək onunla mənim aramda telefon əlaqəsi olubmu?
– Son 6 ayda mənimlə istənilən formada görüşü, təması olubmu?
– Onu hansı üsullarla və hansı formada hədələmişəm?
– Onu nə vaxt və harada hədələmişəm?”, vəsatətdə qeyd edilir”.

Azad