Hökumət rəsmisi Avropanı topa tutdu

Novruz Məmmədov: «Bir vaxtlar deyilirdi ki, dünyada «qamçı və kötək» siyasəti prinsipi var. Ancaq indi həmin prinsip dəyişib. Indi artıq «gülümsə və təzyiq et» siyasəti işləyir»

“Avropanın bir sıra məmurları və dairələri elə bir fürsət axtarırlar ki, Azərbaycanda nəsə nöqsan görsünlər və bununla bağlı mövqe bilsirsinlər. Bu məqamlarda həmin məsələlərin onların fəaliyyət dairəsinə aid olub-olmaması heç bir mahiyyət daşımır”.
Bu sözləri publika.az saytına müsahibəsində Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Novruz Məmmədov daha sonra deyib: “Indi birdən-birə Avropa Ittifaqının iki yüksək vəzifəli məmuru birgə Azərbaycanla bağlı hansısa mövqe bildirir. Onların biri Avropa Birliyinin Genişlənmə komissarı Ştefan Füle, digəri isə Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştondur. Indi bu adamların insan hüquqları və demokratiya məsələləri ilə nə yaxınlığı var? Iki-üç gündən bir Azərbaycanla bağlı qərəzli mövqe bildirmək düzgün deyil. Digər tərəfdən isə onlara sual olunur. Guya sizin məşğul olduğunuz sahələrdə hər şey əla gedir? Avropa son 6 ildir ki, işsizlik, islamafobiya, faşizm içərisində boğulur. Indi Avropa bu maliyyə və iqtisadi böhramndan xilas olmaq üçün çarpışır…
…Yəni, indi Avropada böyük problemlər baş verir və bizdə bunları yaxşı bilirik. Avropa öz problemlərini kənarda qoyub Azərbaycanda gedən bütün prosesləri siyasiləşdirib ölkəmizə bu cür təzyiq göstərmək istəyir.
Bilirsiniz, bir vaxtlar deyilirdi ki, dünyada “qamçı və kötək” siyasəti prinsipi var. Ancaq indi həmin prinsip dəyişib. Indi artıq “gülümsə və təzyiq et” siyasəti işləyir. Axı, dünyada mövcud olan “gülümsə və təzyiq et” prinsipini bu dərəcədə də tətbiq etmək düzgün deyil. Ədalətli olmaq lazımdır…
…Indi Avropa problemlər içərisindədir. Avropa bu haqda yaxşı düşünməlidir, bunlarla məşğul olmalıdır. Artıq Azərbaycana çəp baxmaq lazım deyil”.