“Molotov kokteyli” və naftalin qoxusu…

…yaxud YAP milli qüvvədir

Ayın 7-si demokratik qüvvələrin Milli Şura adı altında təsis konfransı keçirildi. Yox, bu yazıda Milli Şuradan, onun məqsədlərindən, təmsil olunan insanladan danışmayacam. Məqsədim ümummilli partiyamız YAP-dan söhbət açmaqdı. 

Yaptokratlar “qonşudan qalma dala” prinsipini əsas götürərək, aylar sonra planlaşdırılan qurultayı ayın 7-sinə təyin etdilər. Özü də “Buta” sarayında. “Buta” indi daha çox rejimin xeyir-şər ünvanı kimi populyarlaşıb. 

Əsas odur ki, 600 min əsgəri olan partiya növbəti “döyüş” tapşırığını yerinə yetirmək üçün bir araya gəldi. Əli Həsənovun sözüylə desək, Millilər milli maraqlar naminə əlbir oldular. “Buta”da hansı müzakirələrin getdiyindən, hansı heyvanın ətindən kabab bişirildiyindən, kimin sağlığına tost deyildiyindən xəbərsiz olsam da, yaptokratların yeni namizədlərindən xəbərdaram. Daha doğrusu, köhnəlmiş yeni namizəd. Uzun məsləhətdən, məşvərətdən sonra olmayan alternativlər arasından çətinliklə Ilham Əliyevi namizəd etdilər.

Bu qurultaydan bir vətəndaş kimi mənə qalan cənab prezidentin çıxışı oldu. Bu tarixi çıxışdan bir neçə məqama birlikdə nəzər salaq.

Ilham Əliyev bildirib ki, müxalifətin siyasi fəaliyyəti “Molotov kokteyli”dir. Daha sonra qeyd edib ki, 20 il müxalifətdə qalmaqdan “naftalin qoxusu” verənlər tarixin arxivinə getməlidir.

Cənab prezident “Molotov kokteyli”ndən danışmaqla etiraf etmiş oldu ki, “NIDA”çıların həbsindən xəbərdardı. Yəni vəkillər hansı ünvana müraciət etməli olduqlarını dəqiq bilsinlər. Bu bir daha sübut edir ki, əlahəzrət hər xırda faktdan xəbərdardı. Məmur özbaşınalığından tutmuş, qadını döyən polisə qədər.

Bir sözlə, YAP-ın qurultayında yeni “ASAN” xidmət yaradılıdı. Bütün məsələlərə görə aidiyyəti orqan Prezident Aparatıdır. Əbəs yerə məhkəmə hakimini, universitet rektorunu, polis rəisini qarğış atəşinə tutmayın.

Ölkə başçısı fərqli fikir sərgiliyənləri “Molotov kokteyli” ilə müqayisə etməklə hamımızı potensial terrorçu kimi gördüyünü etiraf etmiş oldu.

Naftalin iyi verənlərə gəlincə, bu məqamda Ilham Əliyevə ən böyük pisliyi hakimiyyətyönlü KIV-lər etdi. Prezident deyir, sizə nə düşüb bunu ictimailəşdirib kişini xəcalətli qoyursuz. Əgər 20 il müxalifətdə olanlar naftalin iyi verirsə, 40 il hakimiyyəti zəbt edənlərin qoxusuyla ağcaqanad öldürmək olar. Siz müxalifəti tarixin arxivinə göndərməklə problemdən qurtaracağınıza əminsiniz. Biz isə sizi tarixin arxivinə göndərəndən sonra təmizləmə işinə illər sərf edəcəyik.

Ancaq ən dəhşətlisi, ən faciəlisi odur ki, hamının prezidenti olacağına and içmiş adam, hamının gözü qarşısında xalqın böyük əksəriyyətini təmsil edən narazı kəsimi antimilli, danosbaz adlandırdı.

Hətta prezident də müxalifəti xaricdən maliyyələşməkdə ittiham etdi. Əgər doğurdan da müxalifət xaricdən maliyyələşirsə, deməli, həmin xarici ölkələr sizi dəstəkləmir. Əgər müxalifət xaricdən maliyyələşirsə və siz bu cinayəti ifşa edə bilmirsizinizsə, deməli, çox zəif bir sistem qurmusunuz. Əgər müxalifət xaricdən maliyyələşirsə, deməli, sizin 20 ildir xaricə daşıdığınız milyardları yenidən ölkəyə qaytarmaqla şərəfli bir missiya həyata keçirirlər.

YAP-ın möcüzəli qurultayından bir gün sonra xəbər tutduq ki, Ermənistana qaz satmaq fikriniz var. Ermənistan-Van aviareysinin açılması söhbəti yayılanda Türkiyəni xəyanətkar adlandıranlar, indi rəqibi qazlaşdırmaq fikrinə düşüb.

Doğrudan da YAP milli qüvvədir. Qaz satmaq istədikləri ölkə üçün.