Milli Şura Rusiya layihəsi ola bilərmi?

Böhtan və narahatlıq arasında qalanlara…

Milli Şuraya Rusiya damğası vurmaq cəhdini şanlı hakimiyyətimiz başladı – kimsə bunu dana bilməz. Kremlin təşkil etdiyi hərbi çevrilişlə iqtidara gələn, onun köməyi ilə ölkədə zülm rejimi quran, seçkiləri saxtalaşdıran, bu gün də “Rusiya böyük dövlətdir” deyib, onun qarşısına “vallah, Eurovizionda biz sizə səs vermişik” pozası ilə çıxan bu hakimiyyət rəqiblərini Rusiyaya bağlılıqda ittiham etməyə başladı. 

Maraqlıdır, hakimiyyətini itirmək bahasına rus qoşunlarını ölkədən çıxaran Elçibəyə “bizi Rusiya ilə düşmən” etdi deyənlərin təbliğatına uyanlar da var. Bu damğa ilə demokratik qüvvələrin birlik prosesini çöldən dağıtmaq istəyirlər, hətta içdən də buna cəhd edənlər tapıla bilər. Amma bəzi insanlar səmimi olaraq narahat olurlar ki, Milli Şura doğrudanmı millidir, yaxud Rüstəm Ibrahimbəyov Rusiyanın adamı deyil ki?

Hətta Milli Şuranın təsis yığıncağından sonra da bir neçə nəfər hörmət etdiyim şəxs mənə narahatlığını bölüşdü. Onlar sual edirdilər ki, bəs niyə Rüstəm Ibrahimbəyov təsis bəyannaməsinin mətnində “avro-atlantik” məkana inteqrasiyanın yazılmasını istəmir, yaxud niyə təbrik məktubunda bu məsələnin hələ ortaya atılmasını qəbul etmir. Bunu əsas götürənlər soruşur ki, elə bu hallar gizli Rusiya izinin açılması deyilmi? 

Mən onlara da dedim, Rusiyanın gizli oyunu Rüstəm Ibrahimbəyovu hakimiyyətə gətirməkdirsə, niyə bu məqamlarla gizlinlərini indidən “deşifrə” etsinlər ki?! Elə onu parlaq avro-atlantika tərəfdarı kimi rahatca hakimiyyətə gətirə bilər və məqsədlərinə çatarlar, sonra da onun əli ilə istədiklərini edərlər. Mən dostlara dedim ki, bu, əsaslı narahatlıq deyil.

Hələ yalnız yeni qurulmuş koalisiyanın hakimiyyətə gəlməsi üçün çalışılır və görünən budur ki, Rüstəm bəy Rusiyada əlavə və yersiz qıcıq yaratmaq istəmir. Rusiya onsuz da Azərbaycanda xalqın qəlbindən qopan demokratik bir hakimiyyətin yaranmasını rahat qəbul etməyəcək. Ona görə də Kremlin çox ağrılı qəbul etdiyi NATO seçimini 2 illik islahatlardan və demokratik seçkilərdən sonra xalqla hakimiyyətin üzvi birliyi olan cəmiyyətdə etməyin tərəfindədirsə, burada nə qəbahət var?! 

Axı biz görürük ki, böyük cəhdlərinə baxmayaraq, Gürcüstanı hələ də NATO-ya qəbul etməyiblər. Milli Şuranın təsis bəyannaməsində isə yazılıb ki, bu məsələ 2 illik islahatdan sonra referendumla müəyyən ediləcək. Axı indi bizim başlıca dərdimiz demokratiyanın ölkəyə gətirilməsidir, demokratiya isə Avropaya, Avropa məkanına inteqrasiya deyilmi? Ölkəmiz AŞ və ATƏT üzvüdür, AB-nin qonşuluq proqramlarına daxildir. Yalnız demokratik hakimiyyətin yaranması lazımdır ki, bunlar gerçək inteqrasiyaya çevrilsin. Hətta bunları NATO-ya üzv olmadan da etmək olar. Elə Avropa ölkələri də var bu blokun üzvü deyillər. Üstəlik, söhbət sonuncu məsələni də cəmi 2 il sonraya saxlamaqdan gedir.

Mən fürsətcillik edib, avro-atlantik məkanın ötən illərdə demokratiyanın, yoxsa Əliyevlərin yanında olduğunu xatırladıb dəlillərimi gücləndirmək istəmirəm. Çünki mən də Rusiya ilə hər hansı blokun əleyhinəyəm. Kimsə də bu gün həmin blokun tərəfdarı kimi çıxış etmir. Söhbət ondan gedir ki, Milli Şuranın quruculuğunu həyata keçirən tərəflər qərara alıb ki, Azərbaycan keçid dövründə neytral qalsın və gələcəkdə bu məsələ referendumla həll olunsun. Ən əsası budur.

Bir şeyi də xatırlatmağa ehtiyac var. Kimsənin vahid namizəd olması, prezident olacağı da həmin adamın hakimiyyətə gəlməsi anlamına gəlmir. Milli Şuranın namizədi güclü siyasətçilərlə koalisiyada hakimiyyətə gələcək. Istənilən halda Müsavat, AXCP və digər siyasi qurumlar da hakimiyyətə gəlmiş olur. 2 illik keçid dönəmindən sonra isə həmin prezidentin seçkilərə qatılmayacağı nəzərdə tutulur. Bu da hər hansı narahatlığı aradan qaldıran daha bir əsasdır. 

Tamam başqa bir məsələni də yada salmaq istəyirəm. Rusiya məsələsini baza olaraq Əbülfəz Elçibəy həll edib. O, rus qoşunlarını Azərbaycandan çıxarıb və bunun hansı itkiyə başa gəldiyini də bilirsiniz. Indi isə biz sadəcə öz maraqları üçün Rusiya ilə dostluq edən hakimiyyətdən qurtulub, istənilən münasibətdə xalqın maraqlarını ifadə hakimiyyət qurmalıyıq. Elçibəyin etdiklərindən sonra bizim edə biləcəyimiz yalnız budur. 

Bir sözlə, Milli Şuraya Rusiya damğası əsassız və hakimiyyətin uydurmasıdır. Bu fikirlərin təsiri altına düşməməli və bu cür diskussiyalara son qoymalı, birlik möhkəmləndirilməlidir. Onu düşünmək lazımdır ki, Milli Şura, ümumiyyətlə, hakimiyyətə gələ biləcəkmi?

Bu hakimiyyət isə bütün hallarda demokratik qüvvələrin və aparıcı partiyaların birgə hökuməti olacaq…