Bunu YAP-ın son qurultayında möhtərəm dedi: “Azərbaycanda elə qüvvələr var ki, hətta hakimiyyətə gəlmək üçün Qarabağ münaqişəsində də güzəşt etməyə hazırdırlar”.
Söhbətin Milli Şurada birləşən qüvvələrdən getdiyi aydındır.
Çünki günlərdir rejim yandaşlarının Milli Şuraya əsas ittihamı da elə bundan ibarətdir.
Qınamalı deyil. O qüvvələri millətin sərvətlərini talamaqda…
Offşor şirkətlər yaratmaqda…
Dubaydan Mayamiyədək az qala, dünyanın hər yerində mülklər almaqda…
Mandat alverində suçlaya bilməyəcəklərinə görə nəsə uydurmaq, qeyri-müəyyən, mücərrəd, təyinatsız ittihamlar irəli sürmək lazım gəlir.
Məsələn, Qarabağ məsələsində güzəşt kimi.
Bəyəm bunlar özləri illərdir demirlərmi ki, münaqişənin kompromis yolu ilə həllinə hazırdılar? Indi bunu necə anlayaq – güzəşt pisdir, amma kompramis yaxşı?
Üstəlik, axı bunlar Qarabağı nə vaxt azad etdilər, biz – “anti-milli qüvvələr” mane olduq?
Nə vaxt pencəklərini çiyinlərinə atıb Şuşaya getmək istədilər, biz qarşılarını kəsdik, qoymadıq getməyə?
Əlbəttə, ağlı başında olan hər kəs anlayır ki, “müxalifətin Qarabağı satmağa hazır olması” barədə xəyali, qondarma suçlamalar çarəsizlikdən doğur, əlacsızlıqdan irəli gəlir, çünki yuxarıda da dedik, ittiham etməyə konkret səbəb, məsələ yoxdur.
Ən maraqlısı isə odur ki, Ilham Əliyevin “suçlamasının” üstündən saatlar keçə ARDNŞ prezidenti rejim telekanallarından (əslində, burada “rejim” sözü artıqdır, guya, ölkədə rejimin olmayan telekanal da var?) birinə – ANS-ə çıxıb və deyib: “Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq”.
Indi bunu necə başa düşək? O nə pəhriz idi, bu nə turşu? Müxalifəti ermənilərə güzəştdə ittiham etmək nədir, özünün ermənilərə qaz yardımı etməyə hazır olduğunu söyləmək nə?
Möhtərəm ətrafına nəzər yetirsin: onun hansı naziri, hansı komitə sədri Qarabağ müharibəsində döyüşüb? Onun hökumətində ən yekə postları tutanlar arasında heç olmasa, bircə nəfər Qarabağ veteranı varmı? Varsa, göstərsinlər, bilək kimdir.
Amma bu gün müxalifətin ön sıralarında dayanan, lider, funksioner statusunda Qarabağ savaşının od-alovundan keçən onlarca insan var. Biri Tofiq Yaqublu – şərləyərək həbs etdiniz, yenicə yazmağa başladığı müharibə xatirələrini yarımçıq qoydunuz.
Ya da Mustafa Hacıbəyli – bədənində savaşın qəlpələrini gəzdirir, amma o da indi qondarma ittihamla həbsdədir.
Ya da yenicə həbsə atdığınız Qurban Məmmədov – onun Qarabağ döyüşlərinin ən qızğın çağlarında səngər-səngər dolaşdığını, əsgərlərimizə savaş ruhu aşıladığını dostumuz Xaliq Bahadır bir neçə gün əvvəlki yazısında anlatmışdı.
Yaxşı, indi necə olur bu: siz həm müxalifəti Qarabağı satmağa hazır olmaqda ittiham edirsiniz, həm də müxalifətçi Qarabağ döyüşçülərini şərləyərək həbsə atırsınız.
Hansı məntiqdir bu: həm müxalifət Qarabağı satmağa hazırdır, həm də əksəriyyətinin tərcümeyi-halına Qarabağ döyüşçüsü olduqları yazılıb.
Bəlkə heç bunları yazmağa da ehtiyac yox idi. Hər şey onsuz da özlüyündə aydındır. Adamlar artıq yaptokratiyanın dilindən səslənən Qarabağ üzərindən siyasi suçlamaları ciddiyə almırlar. Artıq belə ittihamlar öz mənasını, təsir gücünü tamamilə itirib.
Indi 10-15 il əvvəl deyil, cəmiyyətin ictimai şüur səviyyəsi xeyli yüksəlib. Internetin, sosial şəbəkələrin sayəsində xəbər almaq imkanları genişlənib. Bu da adamlara artıq başqalarının dediklərini ehkam kimi qəbul etmək yerinə, öz qənaətlərini hasil etmək fürsəti yaradıb. Insanlar müqayisələr aparmağı, nəticələr çıxarmağı, suallar yönəltməyi öyrənməyə başlayıblar. Toplumda yuxarıda oturanların söylədiklərini kor-koranə şəkildə həqiqət kimi qəbul etmək vərdişi artıq çox azalıb.
Amma belə görünür, rejim bundan hələ də xəbərsizdir, hələ də zamanın axışının fərqində deyil, hələ də köhnə havaları səsləndirir, hələ də 10-15 il əvvəlin üslubundan mədət umur, məsələn, bu seçkidə də Qarabağ üzərindən ittihamlarla toplumu müxalifətdən üz döndərməyə, öz ətrafında birləşdirməyə ümid edir.
Nə bilim vallah, bu köhnə təfəkkürlə hələ bir adlarını “yeni azərbaycanlı” da qoyublar…