Avropa İttifaqının Əliyevə etirazı Türkiyə mətbuatında

İllərdir Azərbaycan hökumətindən təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddələri Cinayət Məcəlləsindən çıxarmaq tələb edildiyi halda, hakimiyyətin, əksinə, hətta internetdə təhqir və böhtana görə cinayət məsuliyyəti müəyyənləşdirməsi təbii ki, beynəlxalq aləmin etirazlarına səbəb oldu. Qanuna sözügedən dəyişikliyi bugünlərdə Ilham Əliyevin təsdiqləməsindən sonra hökumətin bu addımına ən yuxarı səviyyələrdə reaksiyalar gəldi. “CNN Türk” də bu haqda xəbər yayıb.
Məlumatda bildirilir ki, Avropa Ittifaqı internetdə təhqir və böhtanı cinayət hesab edən qanunu imzaladığına görə Azərbaycanın dövlət başçısı Ilham Əliyevə sərt münasibət göstərib. “CNN Türk” Avropa Ittifaqı və Avropa Şurasının hazırladıqları yazılı açıqlamanı təqdim edib.
“Qanunun internetdə haqlı etirazlarını dilə gətirmək üçün  istifadə edən insanlar üzərindəki təsirindən və ölkədə onsuz da məhdudlaşdırılmış ifadə azadlığını daha da boğacağından narahatlığımızı bildiririk”, – deyə açıqlamada bildirilir.
“CNN Türk” onu da qeyd edir ki, internetdə təhqir və böhtana görə cərimə ilə yanaşı, 3 ilə qədər həbs cəzası da nəzərdə tutulub: “Qanuna bu dəyişiklik may ayında Azərbaycan parlamentində həyata keçirilib.ÿAvropa Ittifaqının etirazlarına baxmayaraq, Azərbaycanın dövlət başçısı Ilham Əliyev bu həftə dəyişiklikləri təsdiqlədi. Azərbaycanda prezident seçkiləri oktyabrda baş tutacaq. Bu qanunun seçki öncəsi müxalifəti hədəfə almaq üçün imzalandığı bildirilir”.